Sumqayıt hadisələri haqqında həqiqətlər ...
Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı
Yüklə (pdf)
Sumqayıt Sumqayıt hadisələri haqqında
Yüklə (pdf)
"Sovet İmperiyasının gizlinləri – Qriqoryanın işi"

Qarabağ münaqişəsi: mənbələri, səbəbləri, nəticələri

Qarabağ münaqişəsini tarixi erməni etnosunun Qafqaz xalqları ilə münasibətlərinin təqribən 200 illik xronikasında kiçik bir epizoddur.

Cənubi Qafqazda əsaslı dəyişikliklər XIX-XX əsrlərdə çar Rusiyası tərəfindən başlanmış və sonra SSRİ tərəfindən ta sovet dövləti dağılana qədər davam etdirilmiş genişmiqyaslı köçürmə siyasəti ilə bağlıdır. Bu köçürmə prosesini iki fazaya bölmək olar:

1) XIX-XX əsrin əvvəllərində erməni xalqı İrandan, Osmanlı Türkiyəsindən, Yaxın Şərqdən Qafqaza köçürülmüşdür.

2) XX əsrdə qafqazdaxili miqrasiya prosesləri nəticəsində artıq ermənilərin məskunlaşdırıldığı ərazilərdən avtoxton əhali (yerli əhali) – azərbaycanlılar, gürcülər və Qafqazın kiçik xalqları sıxışdırılmış, beləliklə gələcəkdə Qafqaz xalqlarına qarşı ərazi iddialarını əsaslandırmaq üçün həmin ərazilərdə erməni əksəriyyəti yaradılmışdır.

Qarabağ münaqişəsinin səbəblərini aydın başa düşmək üçün erməni xalqının keçdiyi yola tarixi-coğrafi ekskurs etmək lazımdır. Ermənilər özlərini hay, hunların mifik vətənini isə Hayastan adlandırırlar.

Erməni (hay) xalqı indiki yaşadığı coğrafi areala - Cənubi Qafqaza Yaxın Şərqdə, Kiçik Asiyada və Qafqazda baş vermiş tarixi hadisələr və dünya dövlətlərinin bu ərazilərdə geosiyasi mübarizəsi nəticəsində gəlib çıxmışlar. Müasir dünya tarixşünaslığında qədim şərqi tədqiq edən alimlərin əksəriyyətinin ümumi fikrinə görə hay xalqının əzəli vətəni Balkanlar (Cənub-Şərqi Avropa) olmuşdur.

“Tarixin atası” Herodot göstərir ki, ermənilər Avropanın cənubunda yaşamış frigiyalıların xələfləridir. XIX əsr rus qafqazşünası İ.Şopen də belə hesab edirdi ki, “ermənilər gəlmə xalqdır. Onlar frigiyalıların və ioniyalıların Anadolu dağlarının şimal vadilərinə keçmiş bir qoludur”.

Məşhur ermənişünas M.Abeqyan göstərirdi: “Belə güman edirlər ki, ermənilərin (hayların) əcdadları bizim eradan xeyli əvvəl Avropada, yunanların və frakiyalıların əcdadlarının yaxınlığında yaşamış, oradan kiçik Asiyaya keçmişlər. Eramızdan əvvəl V əsrdə Herodotun dövründə hələ aydın xatırlayırdılar ki, ermənilər öz ölkələrinə qərbdən gəlmişlər”.

İndiki erməni xalqının əcdadları – haylar Balkanlardan Ermənistan yaylasına( kiçik Asiyanın şərqi) köçmüş, orada qonşuluqda yaşayan qədim midiyalılar və farslar onları öz əvvəlki qonşuları kimi ərmənilər adlandırırdılar. Bu yeni xalqı və onun tutduğu ərazini qədim yunanlar və romalılar da belə adlandırırdı. Onların vasitəsilə bu adlar – “ermənilər” etnonimi və “Ermənistan” toponimi indiki tarix elmində yayılmışdır. Lakin ermənilər özləri hələ də özlərini hay adlandırmaqda davam edir, bu, onların Ermənistana gəlmə xalq olduğunu bir daha təsdiq edir.

Rus qafqazşünası V.L.Veliçko XX əsrin əvvəlində yazırdı: “Ermənilər mənşəyi məlum olmayan, qanlarına xeyli yəhudi, siro-haldey və qaraçı qanı qarışdığı şübhə doğurmayan bir xalqdır...; özlərini ermənilərə aid edənlərin heç də hamısı qədim erməni qəbiləsinə mənsub deyildir”.

Erməni köçkünlər Kiçik Asiyadan Qafqaza – indiki Ermənistana və Qarabağa gəlməyə başlamışlar. Bununla əlaqədar, tədqiqatçı S.P.Zelinski qeyd edirdi ki, Qarabağa müxtəlif vaxtlarda gəlmiş ermənilər bir-birinin dilini başa düşmürdü: “Qarabağ xanlığının tərkibinə daxil olan Zəngəzurun müxtəlif yerlərindən olan ermənilər arasında əsas fərq onların danışıq ləhcələridir. Bu ərazidəki ləhcələrin sayı az qala buradakı ayrı-ayrı mahalların və ya kəndlərin sayı qədərdir”.

XIX əsrdə və XX əsrin əvvəlində yaşayıb yaratmış rus qafqazşünaslarının yuxarıda misal gətirilən fikirlərinə əsasən bir neçə nəticə çıxarmaq olar: erməni etnosu nəinki Qarabağda və ya Azərbaycanda, ümumiyyətlə Cənubi Qafqazda avtoxton etnos ola bilməz. Tarixin müxtəlif dövrlərində Qafqaza gəlmiş ermənilər bir-birinin mövcud olmasını ağıllarına da gətirmirdilər. Onlar müxtəlif ləhcələrlə danışırdılar, yəni o dövrdə vahid erməni dili və erməni xalqı anlayışları yox idi.

Beləliklə, ermənilərin əcdadları mərhələlər üzrə Qafqazda özlərinə vətən tapmış, burada azərbaycanlıların əzəli torpaqlarını tutmuşlar. Ermənilərin Cənubi Qafqaza kütləvi şəkildə köçürülməsi mərhələsi ərəb xilafətinin onlara xeyirxah münasibəti ilə əlamətdardır. Xilafət işğal etdiyi ərazilərdə özünə sosial dayaq axtarırdı, buna görə də ermənilərin oraya köçürülməsinə xoş münasibət göstərirdi. Ermənilər Qafqaz Albaniyası dövlətinin ərazisində özlərinə sığınacaq tapmış, lakin az sonra bu qonaqpərvərlik albanlara (indiki azərbaycanlıların əcdadlarına) çox baha başa gəlmişdir. 704-cü ildə Erməni Qriqorian Kilsəsi Ərəb Xilafətinin köməyi ilə Alban Kilsəsini özünə tabe etməyə cəhd göstərmiş, alban katolikosu Nerses Bakuranın kitabxanası isə erməni kilsə xadimlərinin əlinə keçərək məhv edilmişdir. Ərəb xəlifəsi Əbdülməlik Əməvi (685-705) avtokefal alban kilsəsi ilə İslam dinini qəbul etməmiş alban xristianların Erməni Qriqorian Kilsəsi ilə birləşdirilməsi barədə sərəncam vermişdir. Lakin həmin dövrdə bu planı sona qədər həyata keçirmək mümkün olmamış və albanlar özlərinin kilsəsinin və dövlətçiliyinin müstəqilliyini qoruyub saxlaya bilmişlər.

XV əsrin əvvəlində Bizansda ermənilərin vəziyyəti pisləşmiş və erməni kilsəsi loyal Qafqaza göz dikmişdi. O, bu ərazidə öz dövlətçiliyini yaratmaq məqsədini qarşıya qoymuşdu. Erməni ruhaniləri bir neçə dəfə Qafqaza səfər etmiş və alban patriarxlarına dəfələrlə məktub yazaraq Qafqazda onlara fəlakətə düşmüş xristian qardaşları kimi sığınacaq verməyi xahiş etmişdilər. Bizans şəhərlərində sərgərdan vəziyyətdə gəzib-dolaşmağa məcbur olmuş erməni kilsəsi bunun nəticəsində erməni dindarların xeyli hissəsini itirmişdi. Həmin dindarlar katolikliyi qəbul etmiş, bununla da erməni kilsəsinin mövcudluğu üçün təhlükə yaranmışdı. Yekunda alban patriarxının icazəsi ilə erməni dindarların bir qismi təqribən 1441-ci ildə Cənubi Qafqaza, Eçmiədzin (Üç müədzin - Üçkilsə) monastırına köçmüşdü. Erməni kilsəsi indiki Ermənistan ərazisində çoxdan arzuladığı rahatlıq və öz gələcək siyasi planlarını həyata keçirmək üçün münasib yer tapmışdı.

Erməni köçkünlər buradan Qarabağa getməyə başladılar. İndi onlar Qarabağı Arsax adlandırır və bununla da oranın erməni torpaqları olduğunu sübut etməyə çalışırdılar. Qeyd etmək lazımdır ki, bəzən Dağlıq Qarabağın adı kimi işlədilən ARSAX toponimi yerli mənşəlidir. Qafqaz Albaniyası dilləri ailəsinə mənsub olan müasir uti dilində Arsesun sözü “oturmaq, əyləşmək” deməkdir. Arsi – oturaq insanlar, oturaq həyat tərzi keçirən insanlar ifadəsi bu feil formasından yaranmışdır. Azərbaycanda və Şimali Qafqazda -ax, -ex, -ux, -ox, -ix, -yux, -ıx tipli formantlarla işlədilən onlarca coğrafi ad məlumdur. Azərbaycanda həmin formantlarla toponimlər bu günə qədər qalmaqdadır: Kurm-ux, Koxm-ux, Mamr-ux, Mux-ax, Cimcim-ax, Sam-ux, Ars-ax, Şad-ux, Az-ıx.

Qədim erməni dili və erməni tarixi üzrə mütəxəssis, sovet dövründə orta əsrlərə aid erməni əlyazmalarını öyrənmiş albanşünas Fəridə Məmmədovanın “Qafqaz Albaniyası və albanlar” adlı fundamental akademik əsərində göstərilir ki, həmin əlyazmaların çoxu cəmi 200-300 il bundan əvvəl yazılmışdır, lakin onları qədim əlyazmalar kimi qələmə verirlər. Erməni salnamələrinin çoxu qədim alban kitabları əsasında yazılmışdır. 1836-cı ildə Rusiya İmperiyası Alban kilsəsini ləğv edəndən və onun bütün irsini Erməni kilsəsinə verəndən sonra həmin kitablar ermənilərin əlinə keçmiş, Erməni kilsəsi də bu əsasda “qədim” erməni tarixini tərtib etmişdir . Əslində erməni salnaməçiləri Qafqaza gələndən sonra tez-tələsik öz xalqının tarixini sözün hərfi mənasında alban mədəniyyətinin məzarı üstündə yaratmışdır.

XV-XVII əsrlərdə Ağqoyunlu, Qaraqoyunlu və Səfəvilər sülaləsi kimi qüdrətli Azərbaycan dövlətləri dövründə erməni katolikosları həmin dövlətlərin hökmdarlarına barışıq məktubları yazır, onlara sadiq qalacaqlarına and içir və yalvarırdılar ki, “xain osmanlıların zülmündən xilas olmaq” naminə ermənilərin Qafqaza köçürülməsinə kömək etsinlər. Ermənilərin çoxlu Osmanlı və Səfəvi İmperiyaları arasında qarşıdurma vəziyyətindən istifadə edərək həmin dövlətlər arasındakı sərhəd ərazilərə, indiki Ermənistana, Naxçıvana və Qarabağa köçmüşdü.

Lakin XVIII əsrin əvvəlində qüdrətli səfəvilər dövləti dövrü feodal pərakəndəliyi ilə əvəz edildi, nəticədə vahid mərkəzləşdirilmiş hakimiyyətin əslində olmadığı 20 xanlıq yarandı. Rusiya İmperiyasının çiçəklənmə dövrü başlandı. I Pyotrun hakimiyyəti dövründə (1682-1725) erməni dövlətçiliyinin bərpa edilməsi işində Rusiya taxt-tacına böyük ümidlər bəsləyən Erməni kilsəsi Rusiyanın siyasi dairələri ilə öz əlaqələrini genişləndirməyə başladı. 1714-cü ildə erməni vardapedi Minas İmperator I Pyotra “Rusiyanın Səfəvi dövləti ilə ehtimal olunan müharibəsinin mənafeyi üçün Xəzər dənizi sahilində hərbi əməliyyatlar dövründə qalanı əvəz edə biləcək monastır tikmək təklifini” təqdim etmişdi. Lakin vardapedin əsas məqsədi ondan ibarət idi ki, Rusiya bütün dünyaya səpələnmiş erməniləri öz təbəəliyinə qəbul etsin. Elə həmin Minas sonradan, 1718-ci ildə bunu I Pyotrdan xahiş etmişdi. O, bütün ermənilərin adından onları “basurmanların əsarətindən xilas etməyi və rus təbəəliyinə qəbul etməyi” xahiş edirdi. Lakin I Pyotrun Xəzər yürüşü (1722-ci il) uğursuz olduğuna görə başa çatdırılmadı. İmperator Rusiyanın Qafqazda ələ keçirdiyi əraziləri onun adına təsbit etmək üçün ən yaxşı vasitə hesab etdiyi erməniləri Xəzər sahillərində məskunlaşdırmağa macal tapmadı.

Lakin ermənilər ümidlərini itirmir və İmperator I Pyotrun adına çoxsaylı müraciətnamələr göndərir, onu özlərinə qəyyumluq etməyə çağırmaqda davam edirdilər. I Pyotr bu xahişlərin müqabilində ermənilərə belə bir fərman göndərmişdi ki, onlar ticarət aparmaq üçün Rusiyaya maneəsiz gələ bilərdilər. Fərmana görə, erməni xalqı İmperatorun lütfkarlığına ümid etməli və onları inandırmalı idilər ki, hökmdar onları öz himayəsinə qəbul etməyə hazırdır. Eyni zamanda, İmperator 1724-cü il sentyabrın 24-də İstanbula göndərilmiş A.Rumyantsevə göstəriş vermişdi ki, o, erməniləri Xəzərətrafı torpaqla köçməyə razı salsın, bu şərtlə ki, yerli sakinlər oradan sürgün ediləcək, onların torpaqları isə onlara, ermənilərə veriləcəkdir”. Erməni məsələsində I Pyotrun siyasətini davam etdirən II Yekaterina (1762-1796) “Rusiyanın himayəsi altında erməni çarlığının bərpa edilməsinə razı olduğunu” bildirmişdi. Başqa sözlə desək, Rusiya İmperiyası vaxtilə kiçik Asiyada (indiki Türkiyə) cəmi bir neçə onillik ərzində mövcud olmuş I Tiqranın erməni dövlətini Qafqaz torpaqları hesabına “bərpa etməyi” qərara almışdı.

II Yekaterinanın əyanları tərəfindən hazırlanmış planda göstərilirdi ki, “əvvəlcə Dərbənddə bərqərar olmaq, Şamaxını və Gəncənin ələ keçirmək, sonra Qarabağdan və Sığnaqdan kifayət qədər qoşun toplayıb İrəvanı asanlıqla ələ keçirmək olar”. Nəticədə artıq XIX əsrin əvvəlində xeyli sayda erməni Cənubi Qafqaza köçməyə başlamışdı, çünki Rusiya İmperiyası artıq bu regionu, o cümlədən Şimali Azərbaycanı ələ keçirmişdi.

XVII əsrdən XIX əsrin əvvəlinə qədər Rusiya İmperiyası Osmanlı İmperiyası ilə səkkiz dəfə müharibə aparmış, bu müharibələr nəticəsində Rusiya 3 dənizin – Xəzər, Azov və Qara dənizin sahibinə çevrilmiş, Qafqazı və Krımı ələ keçirmiş, Balkanlarda üstünlük əldə etmişdi. 1804-1813-cü və 1826-1828-ci illərin rus-İran müharibələri başa çatandan sonra Rusiya İmperiyasının Qafqazdakı ərazisi daha da genişlənmişdir. Bütün bunlar ermənilərin oriyentasiyasının dəyişməsinə təsir göstərməyə bilməzdi. Rus silahı hər dəfə qalib gəldikcə ermənilər Rusiya tərəfə daha çox meyl edirdilər.

1804-1813-cü illərdə Rusiya kiçik Asiyada Osmanlı İmperiyasının Ərzurum vilayətinin erməniləri ilə danışıqlar aparmışdı. Söhbət həmin ermənilərin Cənubi Qafqaza, əsasən Azərbaycan torpaqlarına köçürülməsindən gedirdi. Ermənilərin cavabı belə olmuşdu: “Tanrının mərhəməti ilə Rusiya qoşunları İrəvanı tutanda bütün ermənilər Rusiyanın təbəəliyinə daxil olmağa və İrəvan əyalətində yaşamağa hökmən razılaşacaqlar”.

Ermənilərin köçürülməsi prosesinin təsvirini davam etdirməkdən əvvəl İrəvan tarixi üzərində dayanmalıyıq. Rusiya qoşunları İrəvan xanlığını və İrəvan (Erivan) şəhərini tutandan sonra bu şəhər Yerevan adlandırılmışdır. Ermənilərin Qafqaza, o cümlədən indiki Ermənistana gəlmə xalq olmasının daha bir sübutu Yerevan şəhərinin əsasının qoyulmasının bayram edilməsi tarixidir. Deyəsən, çoxları artıq unutmuşdur ki, 1950-ci illərə qədər ermənilər Yerevan şəhərinin neçə yaşı olduğunu bilmirdilər.

Burada kiçik bir haşiyə çıxaraq qeyd edək ki, tarixi mənbələrə görə, İrəvan (Yerevan) şəhərinin əsası XVI əsrin əvvəlində Osmanlı İmperiyası ilə sərhəddə Səfəvi (Azərbaycan) İmperiyasının dayaq qalası kimi qoyulmuşdur. 1515-ci ildə Osmanlı İmperiyasının Şərqə doğru irəliləməsini dayandırmaq üçün Zəngi çayı üzərində qala tikilməsi barədə əmr vermişdi. Bu tikintiyə rəhbərlik etmək onun vəziri Rəvanqulu xana tapşırılmışdı. Qalanın adı da buradan əmələ gəlmişdir – Rəvanqala. Sonradan Rəvanqala Rəvan şəhərinə, daha sonra İrəvan şəhərinə çevrilmişdi. Səfəvi İmperiyasının zəiflədiyi dövrdə 20-dən artıq müstəqil Azərbaycan xanlığı yaranmışdı. Onlardan biri də XIX əsrin əvvəlində Rusiya İmperiyası bu regionu və İrəvanı işğal edənə qədər mövcud olmuş İrəvan xanlığı idi.

Lakin gəlin, sovet dövründə Yerevan şəhərinin tarixinin süni şəkildə qədimləşdirilməsi məsələsinə qayıdaq. Bu, 1950-ci illərdə sovet arxeoloqları Sevan (Göyçə) gölünün yaxınlığında mixi xətlə yazılmış bir lövhə tapandan sonra olmuşdu. Düzdür, həmin lövhədə misi xətlə yazılmış cəmi üç hərf - “RBN” hərfləri vardı (qədimdə sait hərflər olmamışdır), lakin ermənilər bu işarələri dərhal “Erebuni” kimi yozdular. Təqribən eramızdan əvvəl 782-ci ildə əsası qoyulmuş Erebuni qalasının bu adı Ermənistan SSR hakim dairələri üçün dərhal bir bəhanə oldu ki, onlar 1968-ci ildə Yerevanın 2750 illiyini bayram etsinlər.

Tədqiqatçı V.A. Şnirelman bu qəribə əhvalatla əlaqədar yazır: “Buna baxmayaraq, arxeoloqların kəşfi ilə sonradan (Sovet Ermənistanında) qeyd edilmiş bayram şənlikləri arasında birbaşa heç bir əlaqə yox idi. Axı, təmtəraqlı ümumxalq bayramını arxeoloqlar deyil, Ermənistanın hakim dairələri təşkil etmiş və buna külli məbləğdə vəsait sərf edilmişdi. Bir də ki, Ermənistanın paytaxtı Yerevan hara, Urartu qalası hara? Axı həmin qalanın ermənilərlə bir əlaqəsi olması hələ sübut olunmalıdır. Bu sualların cavabı Ermənistanın ən yeni tarixini bilənlər üçün sirr deyil. Həmin cavabı 1965-ci il hadisələrində axtarmaq lazımdır. İrəlidə görəcəyimiz kimi bu hadisələr bütün Ermənistanı təlatümə gətirmiş və erməni millətçiliyinin genişlənməsinə güclü təkan vermişdi”. (Войны памяти, Мифы, идентичность и политика в Закавказье, В.А.Шнирельман).

Bu o deməkdir ki, əgər təsadüfən tapılmış və səhv yozulmuş arxeoloji tapıntı olmasaydı, ermənilər heç bilməyəcəkdilər ki, onların “doğma” Yerevan şəhərinin indi artıq 2800 ildən çox yaşı vardır. Halbuki əgər Yerevan qədim erməni mədəniyyətinin tərkib hissəsi olsaydı, bu fakt erməni xalqının yaddaşında və tarixində qorunub saxlanardı və ermənilər bütün bu 28 əsrlik dövrdə öz şəhərinin əsasının qoyulmasını bayram etməli idilər.

Erməni xalqının Qafqaza, Ermənistana və Qarabağa köçürülməsi prosesinə qayıdaraq tanınmış erməni alimlərinə müraciət edək. Məsələn erməni tarixçisi, Kolumbiya Universitetinin professoru Corc (Gevork) Burnutyan yazır: “Bir sıra erməni mənbələri 1830-cu illərdən sonrakı statistikadan danışarkən İran hakimiyyəti dövründə Şərqi Ermənistanda ermənilərin sayını düzgün göstərmir və onların əhalinin ümumi sayının 30-50 faizini təşkil etdiklərini bildirirlər. Həqiqətdə isə rəsmi statistika məlumatlarına görə, rus işğalından sonra ermənilər Şərqi Ermənistanda ümumi əhalinin güclə 20 faizini, müsəlmanlar isə 80 faizdən çoxunu təşkil edirdi. İstənilən halda, Rusiya istilasınadək ermənilər burada heç vaxt çoxluq təşkil etməmişlər... Beləliklə, İran administrasiyası illərində (bu region Rusiya imperiyası tərəfindən istila edilənədək) heç bir mahalda ermənilərin çoxluq təşkil etməsini sübuta yetirən sənəd yoxdur... Yalnız rus-türk müharibəsindən sonra 1855-56-cı və 1877-78-ci illərdə Osmanlı imperiyasından daha çox erməni köçüb gələndən, buradan isə daha çox müsəlman köçüb gedəndən sonra ermənilər, nəhayət, çoxluq təşkil etməyə başladılar. Hətta bundan sonra da XX əsrin əvvəllərinədək İrəvan şəhəri, əsasən, müsəlman şəhəri olaraq qalırdı”. Digər erməni alimi Ronald Suni də həmin məlumatları təsdiq edir (Corc Burnutyan, “XIX əsrin birinci yarısında Şərqi Ermənistanın etnik tərkibi və sosial-iqtisadi vəziyyəti” (The Ethnic Composition and the Socio-Economic Condition of Eastern Armenia in the First Half of the Nineteenth Century) məqaləsi. “Zaqafqaziya: millətçilik və sosial dəyişikliklər” kitabında (Transcaucasua, Nationalism and Social Change. Essays in the History of Armenia, Azerbaijan, and Georgia), 1996, ss. 77-80.)).

Erməni alimi, Miçiqan Universitetinin professoru Ronald Qriqor Suni özünün “Ararat tərəfə baxış” adlı kitabında ermənilərin Qarabağda məskunlaşması məsələsi barədə yazır: “Ən qədim dövrlərdə və orta əsrlərdə Qarabağ Qafqaz albanları knyazlığının (orijinalda “knyazlıq” əvəzinə “krallıq” yazılmışdır) bir hissəsi olmuşdur. Müasir dövrümüzdə artıq mövcud olmayan bu müstəqil etnodini qrup IV əsrdə xristianlığı qəbul etmiş və Erməni kilsəsi ilə yaxınlaşmışdı. Sonralar Alban elitasının yüksək təbəqəsi erməniləşmişdir. ... İndiki azərbaycanlıların birbaşa əcdadı sayılan bu xalq türk dilində danışır və islamın qonşu İranda yayılmış şiə məzhəbini qəbul etmişdir. Dağlıq hissədə isə (Qarabağın Dağlıq hissəsində) əsasən, xristianlıq qalmış və Qarabağ albanları zaman-zaman ermənilərlə qaynayıb qarışmışlar. Alban kilsəsinin mərkəzi Qanzasar Erməni kilsəsinin yepiskopluğundan birinə çevrilmişdir. Bir zamanlar müstəqil milli kilsənin izləri Katolikos adlanan yerli arxiyepiskop statusunda qalmışdır” (Prof. Ronald Grigor Suny, «Looking Towards Ararat», 1993, p. 193).

Digər Qərb tarixçisi Svante Korneli Rusiya statistikasına əsaslanaraq XIX əsrdə Qarabağda erməni əhalinin artım dinamikasını göstərir: “Rusiyada əhalinin siyahıya alınması məlumatlarına görə, 1823-cü ildə ermənilər Qarabağın ümumi əhalisinin sayının 9 faizini təşkil edirdi (qalan 91 faiz müsəlmanlar kimi qeydiyyata alınmışdır), 1832-ci ildə ermənilərin sayı 35 faizə çatmış, 1880-ci ildə isə artıq çoxluq təşkil etmişdi – 53 faiz” (Svante Kornell, “Kiçik millətlər və böyük dövlətlər: Qafqazda etnik-siyasi münaqişələr məsələsi” (Svante Cornell, «Small Nations and Great Powers: A Study of Ethnopolitical Conflict in the Caucasus», RoutledgeCurzon Press), 2001, s. 68).

XVIII əsrin axırları – XIX əsrin əvvəllərində Rusiya imperiyası İran və Osmanlı imperiyalarını sıxışdıraraq Azərbaycan xanlıqlarının ərazisi hesabına özünün torpaqlarını cənub istiqamətində genişləndirməkdə idi. Bu mürəkkəb geosiyasi şəraitdə Rusiya, Osmanlı imperiyası və İran arasında mübarizədə Qarabağ xanlığının sonrakı taleyi çox maraqlı olmuşdur.

Azərbaycan xanlıqları üçün İran xüsusi təhlükə doğururdu. 1794-cü ildə Azərbaycan mənşəli Ağa Məhəmməd xan Qacar bu ölkənin şahı olduqdan sonra inzibati-siyasi mərkəz Cənubi Azərbaycanda və İranda olmaqla Qafqaz torpaqlarını birləşdirmək ideyasına əsaslanaraq, Səfəvilər dövlətinin əvvəlki əzəmətini bərpa etmək qərarına gəlmişdi. Bu ideya sürətlə böyüməkdə olan Rusiya imperiyasına tərəf meyl edən Şimali Azərbaycan xanlarının çoxunun ürəyincə deyildi. Belə bir məsul və mürəkkəb vaxtda Qarabağ xanlığının hökmdarı İbrahimxəlil xan Qacara qarşı koalisiya yaratmaq təşəbbüsünü irəli sürmüşdü. Qarabağ torpağında qanlı müharibələr başlandı. İran şahı Qacar Qarabağ xanına və onun paytaxtı Şuşa şəhərinə qarşı yürüşlərə şəxsən özü rəhbərlik edirdi.

Lakin İran şahının bu torpaqları fəth etmək üçün göstərdiyi bütün cəhdlər uğursuz oldu və Şuşa qalasının tutulmasına baxmayaraq, nəticə etibarilə Qacar öz əyanları tərəfindən öldürüldü, bundan sonra onun qoşunlarının qalan hissəsi İrana qaçdı. Qarabağ xanı İbrahimxəlil xanın bu qələbəsi onun torpaqlarının Rusiya imperiyasının təbəəliyinə daxil olması barədə qəti danışıqlara başlamağa imkan verdi. 1805–ci il mayın 14-də Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi barədə Qarabağ xanı ilə Rusiya imperiyası arasında Traktat imzalandı və bu Traktat həmin ərazilərin sonrakı taleyini çar Rusiyası ilə bağladı. Qeyd etmək lazımdır ki, Şuşa və Qarabağ xanı İbrahim xan ilə rus generalı, knyaz Sisyanov tərəfindən imzalanmış 11 artikuldan (maddədən) ibarət Traktatın heç bir yerində Qarabağda ermənilər olması barədə heç nə deyilmir. O dövrdə Qarabağ xanının tabeliyində 5 alban məlikliyi vardı və erməni siyasi qurumları barədə heç bir söhbət getmirdi, əks halda onların orada olması Rusiya mənbələrində hökmən qeyd edilərdi.

Rus-İran müharibəsinin (1826-1828) Rusiya üçün uğurla başa çatmasına baxmayaraq, Rusiya İranla sülh müqaviləsi bağlamağa tələsmirdi. Nəhayət, 1828-ci il fevralın 10-da Rusiya imperiyası ilə İran dövləti arasında Türkmənçay Müqaviləsi imzalandı. Həmin müqaviləyə görə İrəvan və Naxçıvan xanlıqları Rusiyaya keçirdi. Müqavilənin şərtlərinə görə Azərbaycan iki hissəyə - Şimali və Cənubi Azərbaycana bölünmüş oldu, Araz çayı isə demarkasiya xətti kimi müəyyən edildi.

Türkmənçay müqaviləsinin 15-ci maddəsi xüsusi yer tuturdu. Həmin maddəyə görə, “Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına ... öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək ... üçün bir il vaxt” verilirdi. Bu maddə İran ermənilərinə birinci növbədə şamil edilirdi. Həmin planın icra edilməsi üçün Rusiya Senatının 21 mart 1828-ci il tarixli Ali Fərmanı qəbul edilmişdi. Fərmanda deyilirdi: “1828-ci il fevralın 10-da İranla bağlanmış traktatın qüvvəsinə əsasən Rusiyaya birləşdirilmiş Erivan xanlığını və Naxçıvan xanlığını bundan sonra bütün işlərdə erməni vilayəti adlandırmağı əmr edirik”.

Beləliklə, Qafqazda gələcək erməni dövlətçiliyinin təməli qoyulmuşdu. Köçürülmə üzrə Komitə yaradılmışdı. Bu Komitə miqrasiya proseslərinə nəzarət edir, köçürülmüş erməniləri təzə yerlərində elə məskunlaşdırırdı ki, yaradılmış məskənlərin sakinləri artıq mövcud olan Azərbaycan kəndləri ilə əlaqə saxlamasın. Qafqaz administrasiyası İrəvan quberniyasında köçkünlərin çox böyük axınını yerləşdirməyə macal tapmamış köçkün ermənilərin çox hissəsini Qarabağda yerləşmək üçün onları dilə tutmağı qərara alır. 1828-1829-cu illərdə ermənilərin İrandan Şimali Azərbaycana kütləvi şəkildə köçürülməsi nəticəsində burada 35.560 miqrant əmələ gəlmişdi. Onlardan 2558 ailə və ya 10.000 nəfər Naxçıvan əyalətində yerləşdirilmişdi. Qarabağ əyalətində təqribən 15 min nəfər yerləşdirilmişdi. 1828-1829-cu illərdə İrəvan əyalətində 1458 erməni ailəsi (5 min nəfərə yaxın) yerləşdirilmişdi. Satur Ağayan 1832-ci il üçün bu məlumatları göstərmişdi: o vaxt Ermənistan vilayətində 164.450 sakin vardı, onlardan 82.317 nəfəri (50 faiz) erməni idi. Satur Ağayan qeyd etmişdir ki, ermənilərin göstərilən sayından 25.151 nəfəri və ya bütün sakinlərin 15 faizi yerli ermənilər, qalanları isə İrandan və osmanlı imperiyasından köçürülənlər idi.

Ümumiyyətlə, Türkmənçay müqaviləsi nəticəsində bir neçə ayda 40 min erməni ailəsi İrandan Azərbaycana köçürülmüşdü. Sonra 1830-cu ildə Rusiya Osmanlı İmperiyası ilə müqaviləyə əsaslanaraq Kiçik Asiyadan Qafqaza, daha 12.655 erməni ailə köçürdü. 1828-30-cu illərdə imperiya Türkiyədən Qafqaza daha 84.600 erməni ailəsi köçürmüş və onların bir hissəsini Qarabağın ən yaxşı torpaqlarında yerləşdirmişdi. 1828-39-cu illərdə Qarabağın Dağlıq hissələrinə 200 min erməni köçürülmüşdü. 1877-79-cu illərdə Rusiya-Türkiyə müharibəsi dövründə daha 185 min erməni Qafqazın cənubuna köçürülmüşdü. Nəticədə Şimali Azərbaycanda ciddi demoqrafik dəyişikliklər baş vermiş, yerli əhalinin ermənilər məskunlaşdırılan ərazilərdən köçüb getməsi üzündən bu dəyişikliklər daha da güclənmişdi. Bu qarşılıqlı axınlar tamamilə “qanuni” xarakter daşıyırdı, çünki Rusiyanın rəsmi hakim dairələri erməniləri Şimali Azərbaycana köçürərkən azəri türklərinin buradan İran və Osmanlı imperiyası ərazisinə köçüb getmələrinə mane olmurdu.

Ən böyük köçürülmə 1893-94-cü illərdə olmuşdur. Artıq 1896-cı ildə gəlmə ermənilərin sayı 900 min nəfərə çatırdı. 1908-ci ildə ermənilərin Zaqafqaziyaya köçürülməsi nəticəsində burada ermənilərin sayı 1 milyon 300 min nəfərə çatırdı, onlardan 1 milyonu çar hökuməti tərəfindən xarici ölkələrdən köçürülmüşdü. Bu hesaba 1921-ci ildə Zaqafqaziyada Ermənistan dövləti yarandı. Professor V.A.Parsamyan “Erməni xalqının tarixi – Hayastan 1801-1900-cü illərdə” adlı kitabında yazır: “Şərqi Ermənistan (İrəvan xanlığı) Rusiya ilə birləşənə qədər onun əhalisi 169.155 nəfər idi, onlardan 57.305 nəfəri (33, 8 faiz) erməni idi. Erməni Daşnak Respublikasının Qars vilayəti tutulandan sonra (1918) burada əhalinin sayı artaraq 1 milyon 510 min nəfərə çatmışdır. Onlardan 795 mini erməni, 575 mini azərbaycanlı, 140 mini digər millətlərin nümayəndələri idi”.

XIX əsrin axırlarında ermənilərin fəallaşmasının yeni mərhələsi başlandı. Bu. Xalqların milli oyanışı, Avropadan Asiyaya köçən xalqlar fenomeni ilə bağlı idi. 1912-1913-cü illərdə Osmanlı imperiyası ilə Balkan xalqları arasında Balkan müharibələri Qafqazda vəziyyətə birbaşa təsir göstərmişdi. Həmin illərdə Rusiya ermənilərə münasibətdə öz siyasətini kəskin şəkildə dəyişmişdi. Birinci Dünya müharibəsi ərəfəsində Rusiya imperiyası Osmanlı ermənilərinə özünün Osmanlı imperiyasına qarşı müttəfiqi rolu ayırmağa başlamış, orada ermənilər Rusiyanın və Avropa ölkələrinin dəstəyi sayəsində Türkiyə torpaqlarında erməni dövləti yaratmağa ümid edərək öz dövlətlərinə qarşı qiyam qaldırmışdı.

Lakin 1915-16-cı illərdə Osmanlı imperiyasının Birinci Dünya Müharibəsindəki qələbələri bu planların həyata keçirilməsinə mane oldu: ermənilərin Kiçik Asiyada hərbi əməliyyat zonasından Mesopotamiya və Suriya tərəfə kütləvi deportasiyası başladı. Lakin ermənilərin əsas hissəsi - 300.000-dən çoxu geri çəkilməkdə olan rus ordusu ilə birlikdə Cənubi Qafqaza, əsasən Azərbaycan torpaqlarına qaçdı.

1917-ci ildə Rusiya imperiyası süqut edəndən sonra Zaqafqaziya Konfederasiyası təşkil edilmiş və Tiflisdə Seym yaradılmışdır. Onun yaradılmasında Gürcüstan, Azərbaycan və Ermənistan parlamentlərinin üzvləri fəal rol oynayırdı. Lakin yaranmış fikir ayrılıqları və hərbi vəziyyətin gərgin olması konfederativ quruluşu qoruyub saxlamağa imkan vermədi və 1918-ci ilin may ayında Seymin son iclasları nəticəsində Cənubi Qafqazda müstəqil Gürcüstan, Ararat (Ermənistan) və Azərbaycan Xalq Cümhuriyyəti (ADR - AXC) dövlətləri yaradıldı. 1918-ci il mayın 28-də elan edilmiş AXC Şərqdə və bütün müsəlman dünyasında parlament idarəçilik formalı ilk demokratik cümhuriyyət oldu.

Lakin daşnak Ermənistanın rəhbərləri keçmiş İrəvan quberniyasında Zəngəzurda və indi Ermənistan Respublikasının ərazisini təşkil edən başqa vilayətlərdə azərbaycanlı əhaliyə qarşı qırğın törətməyə başladılar. Birinci Dünya Müharibəsi cəbhələrindən fərarilik edən dəstələrdən yaradılmış erməni qoşunları eyni vaxtda Ermənistan dövləti yaratmaq üçün “yer təmizləmək” məqsədilə ərazidə irəliləməyə başlamışdı. Bu mürəkkəb dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərlərinin bir qrup nümayəndəsi qan tökülməsinin və dinc əhalinin qırılmasını dayandırmağa çalışaraq Yerevan şəhərini və onun ətrafındakı əraziləri erməni dövləti yaradılması üçün güzəştə getməyə razılaşdı. Azərbaycan tarixşünaslığında hələ də böyük mübahisə doğuran bu güzəştin şərti ondan ibarət idi ki, Erməni tərəfi azərbaycanlı əhalinin qırılmasına son qoyacaq və bundan sonra AXC-yə ərazi iddiaları irəli sürməyəcəkdir. 1918-ci ilin iyun ayında Azərbaycan-Ermənistan və Gürcüstan hər biri ayrı-ayrılıqda Türkiyə ilə sülh və dostluq haqqında müqavilələr imzalayanda Ermənistan ərazisi 10.400 kvadrat kilometr müəyyən edilmişdi. AXC-nin mübahisəsiz ərazisi təqribən 98 min kvadrat kilometr (mübahisəli sahələrlə birlikdə 114 min kvadrat kilometr) idi.

Lakin Ermənistan rəhbərliyi öz sözünə əməl etmədi. 1918-ci ildə rus və erməni əsgərlərinin bir hissəsi Türkiyə cəbhəsindən çıxarılır və nəticədə Birinci Dünya Müharibəsi cəbhələrindən fərarilik edən ermənilərdən ibarət dəstələr məharətlə Azərbaycana və onun paytaxtı, neft şəhəri Bakıya yönəldilmişdi. Ermənilər yol boyunca “yandırılmış torpaq” taktikasını tətbiq edir, onlardan sonra Azərbaycan kəndlərinin yalnız külü qalırdı.

Tələm-tələsik yaradılmış erməni könüllü ordusu bolşeviklərin şüarlarına uyaraq Bakı kommunistlərinə (Bakı Soveti) rəhbərlik etmək üçün Moskvadan göndərilmiş Stepan Şaumyan başda olmaqla daşnak liderlərin əmrlərini yerinə yetirməyə razılaşanlardan ibarət idi. Sonra Şaumyan belələrinin əsasında Bakıda 90 faizi ermənilərdən ibarət olan 20.000 nəfərlik qruplaşma yaratmağa və onları təpədən-dırnağa silahlandırmağa müvəffəq olmuşdu.

Erməni tarixçisi Ronald Suni özünün “Bakı kommunası” adlı kitabında (1972-ci il) erməni hərəkatının liderləri tərəfindən kommunist ideyalarına əsaslanan erməni milli dövlətini necə yaratdıqlarını ətraflı təsvir etmişdir.

1918-ci ilin baharında bolşevizm ideyaları ilə pərdələnən daşnak liderləri Birinci Dünya müharibəsinin cəbhələrindən keçmiş əsgər və zabitlərdən ibarət olan, yaxşı silahlanmış 20.000 nəfərlik zərbəçi qrupun köməyi ilə Bakının və Azərbaycanın digər bölgələrinin dinc əhalisinə qarşı misli görünməmiş qırğın təşkil etmişdilər. Qısa müddətdə 50-60 min azərbaycanlı öldürülmüş, Qafqazda, Azərbaycanda, Türkiyədə və İranda qılıncdan keçirilmiş azərbaycanlıların ümumi sayı 500-600 min olmuşdur.

O vaxt daşnak qruplaşmaları ilk dəfə olaraq Qarabağın bərəkətli torpaqlarını Azərbaycandan almaq üçün cəhd göstərməyi qərara almışdılar. 1918-ci ilin iyul ayında Şuşada Dağlıq Qarabağ ermənilərinin I qurultayı keçirilmiş və onlar özlərini müstəqil elan etmişdilər. Yaxın vaxtlarda yaradılmış Ermənistan Respublikası Qarabağa qoşun göndərərək Azərbaycan kəndlərində misli görünməmiş talanlar törətmiş, qan tökmüşdü. Bakılı kommunist Anastas Mikoyanın 1919-cu il mayın 22-də ermənilərin əsassız tələblərinə etiraz olaraq V.Leninə göndərdiyi məlumatda bildirilirdi: “Ermənistan rəhbərliyinin daşnak agentləri Qarabağı Ermənistana birləşdirməyə çalışırlar. Qarabağ erməniləri üçün bu, özlərinin Bakıdakı yaşayış yerlərini tərk etmək və öz talelərini Yerevanla birləşdirmək demək olardı. Ermənilər özlərinin V qurultayında Azərbaycan hakimiyyətini qəbul etməyi və onunla birləşməyi qərara almışlar”.

O vaxt erməni millətçilərinin Dağlıq Qarabağı ələ keçirmək və onu Ermənistana birləşdirmək cəhdləri uğursuz oldu. 1919-cu il noyabrın 23-də Azərbaycan rəhbərliyinin səyləri sayəsində Tbilisidə Ermənistan ilə Azərbaycan arasında sülh sazişi bağlamaq və qan tökülməsinə qon qoymaq mümkün olmuşdu.

Lakin regionda vəziyyət gərgin olaraq qaldırdı və 1920-ci il aprelin 26-dan 27-nə keçən gecə 11-ci Qızıl Ordu Azərbaycan sərhədlərindən keçərək Bakıya yönəldi. Hərbi həmlə nəticəsində sovet Rusiyasının qoşunları Bakını tutudu və Azərbaycanda sovet hakimiyyəti quruldu. Sovet hakimiyyəti dövründə ermənilərin mövqeləri daha da möhkəmləndi. Bu illər ərzində ermənilər öz niyyətlərini unutmur, Azərbaycana qarşı mübarizəni davam etdirirdi. Dağlıq Qarabağ məsələsi RK(b)P MK-nın Qafqaz Bürosunda, RK(b)P Zaqafqaziya bölməsində, AK(b)P MK Bürosunda dəfələrlə müzakirə edilmişdir.

1920-ci il iyulun 15-də Azərbaycan Kommunist (bolşeviklər) partiyasının mərkəzi komitəsinin iclasında Qarabağın və Zəngəzurun Azərbaycana birləşdirilməsi haqqında qərar qəbul edildi. Lakin vəziyyət Ermənistanın xeyrinə olmadığından 1920-ci il dekabrın 2-də daşnakların hökuməti müqavimət göstərmədən hakimiyyəti bolşeviklərin başçılıq etdiyi hərbi inqilab komitəsinə verdi. Ermənistanda sovet hakimiyyəti yaradıldı. Buna baxmayaraq ermənilər Qarabağın Ermənistan və Azərbaycan arasında bölünməsi barədə məsələ qaldırıldı. 1921-ci il iyulun 27-də AK(b) P MK siyasi və təşkilati bürosu Dağlıq Qarabağ məsələsinə baxmışdır. Bu büro sovet Ermənistanının nümayəndəsi A.Bekzadyanın təklifi ilə razılaşmadı və bildirdi ki, əhalinin milliyyətə görə bölünməsi və onun bir hissəsinin Ermənistana, digər hissəsinin isə Azərbaycana birləşdirilməsi həm inzibati, həm də iqtisadi baxımdan yolverilməzdi.

1923-cü ildə daşnakların lideri, Ermənistanın rəhbəri olmuş Ovannes Kaçaznuni bu avantüra ilə əlaqədar yazırdı: “Biz dövlətçilik fəaliyyətimizin ilk günündən başlayaraq əla başa düşürdük ki, Ermənistan kimi kiçik, yoxsul, müflisləşmiş və dünyanın qalan hissəsindən ayrı düşmüş bir ölkə həqiqətən qeyri-asılı və müstəqil ola bilməz; ona dayaq lazımdır, hansısa kənar qüvvə lazımdır... Bu gün iki gerçək qüvvə var və biz onlarla hesablaşmalıyıq: bu qüvvələr Rusiya və Türkiyədir. İş elə gətirmişdir ki, bu gün ölkəmiz rus orbitinə daxildir və Türkiyənin hücumundan artıqlaması ilə təmin edilmişdir... Biz sərhədlərimizin genişlənməsi məsələsini yalnız Rusiyaya arxalanaraq həll edə bilərik”.

1920-1921-ci illərdə Qafqazda Sovet Hakimiyyəti qurulandan sonra Moskva erməni təcavüzü nəticəsində regionda yaranmış sərhədləri keçmiş müstəqil yerli dövlətlər arasında dəyişməməyi qərara almışdı.

Lakin bu, erməni millətçi separatizm ideoloqlarının iştahasını azaltmadı. Sovet dövründə Ermənistan SSR rəhbərləri 1950-1970-ci illərdə dəfələrlə Kremlə müraciət etmiş, Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistanın tərkibinə verilməsini xahiş və hətta tələb etmişdir. Lakin o vaxt ittifaq rəhbərləri erməni tərəfin əsassız iddialarını təmin etməyi qətiyyətlə rədd etmişdi. 1980-ci illərin ortalarında Qorbaçovun “yenidənqurma” dövründə SSRİ rəhbərliyinin mövqeyində dəyişikliklər baş verdi. Təsadüfi deyildir ki, məhz 1987-ci ildə SSRİ-də yenidənqurma ilə əlaqədar novasiyalar başlananda Ermənistanın DQMV barəsində iddiaları yeni təkan almış və yeni xarakter kəsb etmişdir.

“Yenidənqurma yağışı”ndan sonra DQMV-nin özündəki “Krunk” və Yerevandakı “Qarabağ” komitəsi qəbilindən olan erməni təşkilatları Dağlıq Qarabağın faktiki olaraq Azərbaycandan ayrılması layihəsini həyata keçirməyə başladılar. “Daşnaksutyun” partiyası yenidən fəallaşdı: 1985-ci ildə o, özünün Afinada keçirilmiş XXIII qurultayında “vahid və müstəqil Ermənistan” yaradılmasını özünün birinci dərəcəli vəzifəsi hesab etməyi və bu şüarı Dağlıq Qarabağın, Naxçıvanın (Azərbaycan) və Cavaxetiyanın (Gürcüstan) hesabına həyata keçirməyi qərara aldı. Bu niyyətin həyata keçirilməsinə, həmişəki, kimi Erməni kilsəsi, erməni ziyalılarının millətçi əhval-ruhiyyəli təbəqələri və xaricdəki erməni diasporu cəlb edilmişdi. Rusiyalı tədqiqatçı S.İ.Çernyavski sonradan yazırdı: “Ermənistandan fərqli olaraq Azərbaycanın mütəşəkkil və siyasi cəhətdən fəal diasporu yox idi və indi də yoxdur, Qarabağ münaqişəsi isə qərbin aparıcı dövlətlərinin ənənəvi ermənipərəst mövqeləri nəzərə alınmaqla azərbaycanlıları həmin dövlətlər tərəfindən hər hansı dəstəkdən məhrum etdi”.

Proses 1988-ci ildə azərbaycanlıların yeni qruplarının Ermənistandan və Dağlıq Qarabağdan deportasiya edilməsi ilə başlandı. 1988-ci il fevralın 21-də DQMV vilayət soveti onun Azərbaycan SSR tərkibindən çıxmasını və Ermənistana birləşməsini elan etdi. 1988-ci il fevralın 25-də Əsgəranda (Qarabağ) iki nəfər gənc azərbaycanlı öldürüldü. Beləliklə, Qarabağ münaqişəsində ilk dəfə qan töküldü. Sonra Bakıdakı Vorovski qəsəbəsində bir nəfər erməni milisdə xidmət edən azərbaycanlını qətlə yetirdi. 1988-ci il iyulun 18-də SSRİ Ali Soveti təsdiq etdi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində olmalıdır və heç bir ərazi dəyişikliyi mümkün deyildir.

Lakin ermənilər vərəqələr yaymaqda davam edir, azərbaycanlıları hədələyir və onların evlərini yandırırdılar. Bütün bunların nəticəsində həmin il sentyabrın 21-də Dağlıq Qarabağın inzibati mərkəzi olan Xankəndi (Stepanakert) şəhərinin sonuncu azərbaycanlı sakini oranı tərk etdi.

Bunun ardınca azərbaycanlıların Ermənistandan və bütün Dağlıq Qarabağdan qovulması ilə müşayiət olunan münaqişə genişləndi. Azərbaycanda hakimiyyət iflic vəziyyətində idi. Qaçqın axınları və Azərbaycan xalqının getdikcə artan qəzəbi labüd olaraq kütləvi Ermənistan-Azərbaycan münaqişələrinə gətirib çıxarmalı idi. 1988-ci ilin fevral ayında Azərbaycanın Sumqayıt şəhərində faciə baş verdi – burada törədilmiş provokasiya nəticəsində ermənilər, azərbaycanlılar və digər xalqların nümayəndələri həlak oldu.

Sovet mətbuatında Azərbaycana qarşı əsl isteriya təşkil edilmişdi. Azərbaycan xalqını az qala adamyeyənlər, vəhşilər, “panislamist” və “pantürkist” kimi qələmə verməyə çalışırdılar. Dağlıq Qarabağ ətrafında ehtiraslar coşurdu: Ermənistandan qovulmuş azərbaycanlılar Azərbaycanın 42 şəhər və rayonunda yerləşdirilmişdi.

Qarabağ münaqişəsinin ilk fazasının faciəli yekunları bunlardır: təqribən 200 min azərbaycanlı, 18 min kürt-müsəlman, minlərlə rus avtomat lüləsi altında zorla Ermənistandan qovulmuş, 255 nəfər azərbaycanlı öldürülmüşdür. Onlardan ikisinin başları kəsilmiş, 11 nəfər diri-diri yandırılmış, 3 nəfər tikə-tikə doğranmış, 23 nəfərin üstündən maşın keçmiş, 41 nəfəri döyə-döyə öldürmüşlər, 19 nəfər dağlarda donmuş, 8 nəfər itkin düşmüşdür və s. Bundan əlavə 57 qadın və 23 uşaq amansızcasına öldürülmüşdür. Bu hadisələrdən sonra 1988-ci il dekabrın 10-da müasir daşnaklar Ermənistanı “türklərsiz respublika” elan etmişlər. Ermənistanı və Dağlıq Qarabağı bürümüş millətçilik isteriyası və buraya köçürülmüş ermənilərin mürəkkəb taleyin barədə bakılı erməni Robert Arakelovun “Qarabağ dəftəri” və “Dağlıq Qarabağ: faciənin təqsirkarları məlumdur” adlı kitablarında da söhbət açılır.

Sovet DTK-sı və Ermənistandan olan emissarlar tərəfindən 1988-ci ilin fevral ayında təşkil edilmiş sumqayıt hadisələrindən sonra sovet mətbuatında və televiziyada açıq-aşkar antiazərbaycan kampaniyası başlanmışdır.

Sovet rəhbərliyi və KİV-lər azərbaycanlıların erməni millətçiləri tərəfindən Ermənistandan və Dağlıq Qarabağdan qovulduğu vaxtda susduğu halda birdən-dirə ayılmış və Azərbaycanda erməni talanları törədilməsi barədə isteriya qaldırmışdı. SSRİ rəhbərliyi aşkar surətdə Ermənistanın tərəfini tutur və bütün günahları Azərbaycanın üzərinə yıxmağa çalışırdı. Kremldəki hakim dairələrin əsas hədəfi Azərbaycan xalqının genişlənməkdə olan milli azadlıq hərəkatı idi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Qorbaçov başda olmaqla Sovet Hakimiyyəti Bakıda qəddarlığına görə dəhşətli cinayət aksiyası törətdi. Bu cinayətkar əməliyyat nəticəsində 134 nəfər mülki şəxs öldürülmüş, 700 nəfər yaralanmış, 400 nəfər itkin düşmüşdür.

Azərbaycanın Xocalı şəhərinin əhalisinə qarşı soyqırımı erməni millətçilərinin Dağlıq Qarabağda bəlkə də ən dəhşətli və qeyri-insani aksiyası oldu. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi – Xocalı soyqırımı törədildi. Erməni qoşunları əvvəlcə yatmaqda olan bu şəhəri MDB-nin 366-cı motoatıcı alayının iştirakı ilə mühasirəyə almış, sonra Xocalıya artilleriya silahlarından və ağır hərbi texnikadan şiddətli atəş açılmışdır. 366-cı alayın zirehli texnikasının köməyi ilə erməni işğalçılar şəhəri ələ keçirdilər. Silahlı ermənilər qaçaraq canını qurtarmaq istəyən dinc sakinləri harada qarşılarına çıxsa atəşə tutur, onlara amansızcasına divan tuturdu. Beləliklə, o soyuq, qarlı fevral gecəsində ermənilərin təşkil etdiyi pusqulardan yaxa qurtararaq yaxınlıqdakı meşələrə və dağlara qaça bilənlərin də əksəriyyəti soyuqdan, şaxtadan həlak oldu.

Cinayətkar erməni qoşunlarının vəhşilikləri nəticəsində Xocalı şəhərinin sakinlərindən 613 nəfəri öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 dinc sakin – qocalar, qadınlar və uşaqlar əsir götürülmüş, orada ermənilər bu insanlara ağlasığmaz işgəncələr vermiş, onları təhqir etmiş, alçaltmışdır. 150 nəfərin taleyi barədə indiyə qədər heç nə məlum deyil. Bu, əsl soyqırımı idi. Xocalıda öldürülmüş 623 nəfər arasında 106 qadın, 63 uşaq, 70 qoca vardı. 8 ailə bütünlüklə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla öldürülmüşdür. Bu insanlar diri-diri yandırılmış, onların başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpələrin gözləri çıxardılmış, hamilə qadınların qarınları süngü ilə yırtılmışdır. Ermənilər hətta ölüləri də təhqir edirdilər. Azərbaycan dövləti və onun xalqı Xocalı faciəsini heç vaxt unutmayacaqdır.

Xocalı hadisələri Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üçün o vaxta qədər olan ümidlərin hamısının üstündən qələm çəkdi. Ermənistanın iki prezidenti - Robert Koçaryan və indiki dövlət başçısı Serj Sarkisyan, habelə müdafiə naziri Seyran Ohanyan Qarabağ müharibəsində döyüş əməliyyatlarında, dinc azərbaycanlı əhalinin məhv edilməsində, o cümlədən Xocalı hadisələrindən fəal iştirak etmişdir.

1992-ci ilin fevral ayında Xocalı faciəsindən sonra erməni millətçilərinin vəhşiliklərinə və cəzasız qalmalarına görə Azərbaycan xalqının haqlı qəzəbi Ermənistan-Azərbaycan hərbi qarşıdurmasının açıq mərhələsinə gətirib çıxardı. Aviasiya, zirehli texnika, raket qurğuları, ağır artilleriya və iri qoşun bölmələrindən istifadə edilməklə qanlı döyüş əməliyyatları başlandı.

Erməni tərəfi dinc azərbaycanlı əhaliyə qarşı qadağan olunmuş kimyəvi silah tətbiq edirdi. Dünya dövlətləri tərəfindən praktiki olaraq ciddi dəstəyin olmadığı şəraitdə Azərbaycan bir sıra əks hücumlar nəticəsində işğal edilmiş Dağlıq Qarabağın xeyli hissəsini azad etməyə nail olmuşdur.

Bu vəziyyətdə Ermənistan və Qarabağ separatçıları dünya dövlətlərinin vasitəçiliyi ilə bir neçə dəfə atəşkəsə nail olmuş və danışıqlar masası arxasında əyləşmişdilər, lakin sonradan bu danışıqları xaincəsinə pozaraq gözlənilmədiyi halda cəbhədə yeni hücuma keçmişlər. Məsələn, 1993-cü il avqustun 19-da İranın təşəbbüsü ilə Tehranda Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında danışıqlar aparılmış, lakin məhz həmin vaxtda erməni qoşunları bütün razılaşmaları pozaraq Qarabağ cəbhəsində Ağdam, Füzuli və Cəbrayıl rayonları istiqamətində xaincəsinə hücuma keçmişlər. Ermənistan Naxçıvanı da blokada da saxlamaqda davam edir, gələcəkdə onu Azərbaycandan qoparmağı öz qarşısına məqsəd qoyurdu.

1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun dəstəsi qiyama başladı. O, öz qoşunlarını Qarabağ cəbhə xəttindən Bakıya tərəf göndərmişdi. Məqsəd ölkədə hakimiyyəti ələ keçirmək idi. Azərbaycan yeni müharibə, bu dəfə artıq vətəndaş müharibəsi ərəfəsində idi. Erməni təcavüzündən əlavə Azərbaycan ölkənin cənubunda açıq separatizmlə üzləşmişdir. Orada qiyamçı səhra komandiri Əlikram Hümbətov “Talış-Muğan Respublikası” yaradılmasını elan etmişdi. Bu mürəkkəb şəraitdə, 1993-cü il iyunun 15-də Azərbaycan Milli Məclisi (parlament) Heydər Əliyevi ölkənin Ali Sovetinin sədri seçdi. İyunun 17-də prezident Əbülfəz Elçibəy prezident səlahiyyətlərindən imtina etdi və Milli Məclis həmi səlahiyyətləri Heydər Əliyevə verdi.

Azərbaycanın şimalında ləzgi millətçiləri arasında separatist əhval-ruhiyyəsi yaranmışdır. Onlar da Azərbaycanın Rusiya ilə həmsərhəd rayonlarını ayırmağa hazırlaşırdı. Vəziyyət getdikcə mürəkkəbləşirdi, çünki Azərbaycan ölkə daxilində müxtəlif siyasi və hərbi qruplaşmalar arasında vətəndaş müharibəsi həddində idi. Azərbaycanda hakimiyyət böhranı və hərbi çevriliş cəhdi nəticəsində, hakimiyyət uğrunda mübarizə şəraitində qonşu Ermənistan hücuma keçmiş və Dağlıq Qarabağın ətrafındakı Azərbaycan torpaqlarını işğal etmişdi. İyulun 23-də ermənilər Azərbaycanın qədim şəhərlərindən biri olan Ağdamı tutdular. Sentyabrın 14-15-də ermənilər əvvəlcə Qazaxda, sonra Tovuz, Gədəbəy və Zəngilanda qoşunların mövqeyini dəf edərək Azərbaycan ərazisinə soxulmağa çalışırdı. Sentyabrın 21-də Zəngilan, Cəbrayıl, Tovuz və Ordubad rayonlarının kəndləri şiddətli atəşə məruz qaldı.

1993-cü il noyabrın 30-da ATƏT-in Romada keçirilən iclasında Azərbaycanın xarici işlər naziri Həsən Həsənov çıxış etdi. O bəyan etdi ki, Ermənistan tərəfindən “Böyük Ermənistan” yaratmaq xülyası ilə aparılan təcavüzkar siyasət nəticəsində o, Azərbaycan torpaqlarının 20 faizini işğal etmişdir. 18 mindən çox mülki sakin öldürülmüş, 50 minə yaxın adam yaralanmış, 4 min nəfər əsir götürülmüş, 88 min yaşayış məntəqəsi, mindən çox iqtisadi obyekt, 250 məktəb və təlim-tərbiyə müəssisəsi məhv edilmişdir.

Azərbaycan və Ermənistan BMT-yə və ATƏT-ə üzv olduqdan sonra Ermənistan bu təşkilatların prinsiplərinə riayət edəcəyini bildirdiyinə baxmayaraq Şuşa şəhərini işğal etdi. BMT-nin bir qrup nümayəndəsi erməni təcavüzünü təsdiq edən faktlar toplamaq üçün Azərbaycanda olduğu bir vaxtda Ermənistan qoşunları Laçın rayonunu ələ keçirmiş, beləliklə, Dağlıq Qarabağı Ermənistanla birləşdirmişdir. Cenevrə “Beşliyinin” qeyri-rəsmi görüşü zamanı ermənilər Kəlbəcər rayonunu işğal etmiş, ATƏT-in Mİnsk qrupunun rəhbərinin regiona səfəri müddətində isə Ağdam rayonunu tutmuşlar. Ermənilər işğal etdikləri Azərbaycan ərazilərini danışıqsız azad etməli olması barədə qətnamə qəbul ediləndən sonra onlar Füzuli rayonunu tutmuşlar. ATƏT-in rəhbəri Marqaret-af–İqlas regionda olduğu vaxtda Ermənistan Zəngilan rayonunu işğal etmişdir. Bundan sonra, 1993-cü il noyabrın axırlarında ermənilər Xudafərin körpüsü yaxınlığındakı zonanı ələ keçirmiş və beləliklə Azərbaycanı İran ilə sərhədinin 161 kilometrini nəzarət altına almışlar.

Nəhayət, 1993-cü il dekabrın 23-də Türkmənistan Prezidenti S.Niyazovun vasitəçiliyi ilə Ter-Petrosyan ilə Heydər Əliyevin görüşü olmuşdur. Rusiya, Türkiyə, Ermənistan nümayəndələri ilə çoxsaylı görüşlər olmuşdur. 1994-cü il mayın 11-də müvəqqəti atəşkəs elan edilmişdir. 1994-cü il dekabrın 5-6-da Budapeştdə və həmin il mayın 13-15-də Mərakeşdə, İslam dövlətlərinin VII sammitində Heydər Əliyev çıxış edərək Ermənistanın siyasətini və onun Azərbaycana qarşı təcavüzünü pisləmişdir. Heydər Əliyev həmçinin, göstərmişdir ki, ermənilər BMT-nin qəbul etdiyi, Ermənistanın təcavüzkar hərəkətlərini pisləyən və işğal olunmuş Azərbaycan torpaqlarının dərhal azad edilməsi tələbi irəli sürülən 822, 853, 874 və 884 nömrəli qətnamələrini yerinə yetirməmişlər.

Birinci Qarabağ müharibəsi nəticəsində Ermənistan Dağlıq Qarabağı və Azərbaycanın daha 7 rayonunu – Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarını işğal etmiş, bu rayonların azərbaycanlı əhalisi oradan qovulmuş və bütün bu ərazi təcavüz nəticəsində xarabazara çevrilmişdir. Hazırda Azərbaycan ərazisinin təqribən 20 faizini (17 min kvadrat kilometr) təşkil edən 12 rayon və 700 yaşayış məntəqəsi ermənilərin işğalı altındadır. Ermənilərin “Böyük Ermənistan” yaratmaq uğrunda mübarizəsi nəticəsində bütün qarşıdurma dövründə azərbaycanlı əhalidən 20 min nəfər qəddarlıqla öldürülmüş, 4 min nəfər əsir götürülmüşdür.

Ermənilər işğal etdikləri ərazilərdə ümumi sahəsi 6 milyon kvadratmetr olan 4 minə yaxın sənaye və kənd təsərrüfatı obyekti, 1 minə yaxın təlim-tərbiyə müəssisəsi, 180 minə yaxın mənzil, 3 min mədəni-maarif mərkəzi və 700 tibb müəssisəsi, 616 məktəb, 225 uşaq bağçası, 11 texniki peşə məktəbi, 4 texnikum, 1 ali məktəb, 842 klub, 962 kitabxana, 13 muzey, 2 teatr və 183 kino qurğusu dağıdılmışdır.

Hazırda Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkün vardır. Bu, orta hesabla, ölkənin hər 8 vətəndaşından biri deməkdir. Ermənilərin Azərbaycan xalqına vurduğu yaraların sayı-hesabı yoxdur. Ümumiyyətlə, XX əsrdə 1 milyon azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmiş, 1,5 milyon azərbaycanlı Ermənistandan qovulmuşdur.

Ermənistan Azərbaycan torpağında kütləvi terror təşkil etmişdir. Avtobuslarda, qatarlarda, Bakı metropolitenində dəfələrlə terror aktları törədilmişdir. Erməni terrorçular və separatistlər təkcə 1989-1994-cü illərdə Azərbaycan ərazisində 373 terror aktı törətmiş, nəticədə 1568 nəfər həlak olmuş, 1808 nəfər yaralanmışdır.

Onu da qeyd etməliyik ki, erməni millətçilərinin “Böyük Ermənistan” barədə avantürası sadə erməni xalqına çox baha başa gəlmişdir. Ermənistanın və Dağlıq Qarabağın əhalisinin sayı demək olar ki, 2 dəfə azalmışdır. Hazırda Ermənistanda 1,8 milyon, Dağlıq Qarabağda isə 80-90 min erməni qalmışdır, bu isə 1989-cu ilin müvafiq göstəriciləri ilə müqayisədə iki dəfə azdır. Qarabağ cəbhəsində hərbi əməliyyatların yenidən başlanması ona gətirib çıxara bilər ki, erməni əhali praktiki olaraq Cənubi Qafqaz regionunu tamamilə tərk edər. Statistik məlumatlar göstərir ki, bu halda onlar Rusiyanın Krasnodar və Stavropol, habelə Ukraynanın Krım bölgəsinə köçəcəklər. Bu, Ermənistan respublikasında hakimiyyəti qəsb etmiş və Azərbaycan torpaqlarını işğal etmiş millətçilərin və canilərin fərasətsiz siyasətinin məntiqi yekunu olacaqdır.

Azərbaycan xalqı və ölkə rəhbərliyi ölkənin ərazi bütövlüyünün bərpa olunması və ermənilər tərəfindən işğal edilmiş ərazilərin tezliklə azad olunması üçün hər cür səy göstərir. Bu məqsədlə Azərbaycan kompleks xarici siyasət yeridir, eyni zamanda özünün hərbi-sənaye kompleksini yaradır, ordusunu modernləşdirir. Əgər təcavüzkar Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını dinc yolla azad etməsə, Azərbaycan ordusu ölkənin suverenliyini öz gücü ilə bərpa edəcəkdir.