Sumqayıt hadisələri haqqında həqiqətlər ...
Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı
Yüklə (pdf)
Sumqayıt Sumqayıt hadisələri haqqında
Yüklə (pdf)
"Sovet İmperiyasının gizlinləri – Qriqoryanın işi"

Azərbaycanlıların etnik təmizlənməsi. Xronologiya

1987-1994-cü illərdə erməni millətçiləri və onların xaricdəki himayədarları tərəfindən Ermənistanın, habelə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın və onun ətrafındakı yeddi rayonun azərbaycanlı əhalisinə qarşı həyata keçirilmiş etnik təmizləmələr nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

1987-1994-cü illərdə azərbaycanlıların deportasiyası və öz yurdlarından qovulması azərbaycanlı əhalinin Ermənistandan və Qarabağdan 200 ilə yaxın bir dövrdə məruz qaldığı etnik təmizləmələr və sıxışdırmaların yalnız bir epizodudur. Bu süni demoqrafik dəyişikliklərin birinci mərhələsi XIX əsrin əvvəli hesab edilməlidir. Həmin dövrdə Azərbaycan xanlıqları çar Rusiyasının tabeliyinə keçməyə başlamışdı. Ermənistan-Azərbaycan münaqişəsinin tarixi əslində çar Rusiyası tərəfindən XIX-XX əsrlərdə Cənubi Qafqazda başlanmış, sonra isə sovet dövləti dağılana qədər SSRİ-nin davam etdirdiyi genişmiqyaslı köçürmə siyasətindən başlanır.

Bu genişmiqyaslı köçürülmə siyasətinin əsas səbəblərindən biri o idi ki, çar Rusiyası yeni torpaqları ələ keçirəndən sonra əvvəlcə Qafqazın yerli xalqlarına etibar etmir və bu regionda öz hakimiyyətini möhkəmlətmək üçün orada “etibarlı” xalqların məskunlaşmasını zəruri hesab edirdi. XVIII əsrin əvvəlində rus İmperatoru I Pyotrun hakimiyyəti dövründə bu məqsədlə seçim ermənilərin üzərinə düşmüşdü, lakin bu köçürmə siyasətinin həyata keçirilməsi XVIII əsrin ikinci yarısında və XIX əsrin əvvəlində uzun müddət davam etmiş Rusiya-Türkiyə və Rusiya-İran müharibələri dövründə başlanmışdı.

Rusiya qoşunları Cənubi Qafqazda irəliləməyə başlayanda köçürmə siyasətinə Qafqazın ali baş komandanı general P.D.Sisyanov başçılıq edirdi. O, 1803-cü ilin oktyabr ayında bu prosesi başlayarkən ermənilərin “Rusiya hökmranlığının bu diyarda tezliklə və uğurla bərqərar olmasını görmək” arzusunu əsas tuturdu. Həmin vaxtdan köçkün ermənilər Azərbaycanın İrəvan və Qarabağ xanlıqlarında məskunlaşmağa başlamışdı. Lakin genişmiqyaslı köçürmə siyasəti 1828-ci ildən sonra başlanmışdır. Həmin ildə Rusiya İmperiyası ilə İran dövləti arasında imzalanmış Türkmənçay sülh müqaviləsinin şərtlərinə görə Azərbaycan iki hissəyə bölünmüşdür – Şimal Azərbaycan Rusiyaya keçmiş, Cənubi Azərbaycan isə İranda qalmışdır. Araz çayı demarkasiya xətti kimi müəyyən edilmişdi. Türkmənçay müqaviləsinin 15-ci maddəsi xüsusi yer tuturdu. Həmin maddəyə görə, “Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına ... öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək ... üçün bir il vaxt” verilirdi. Bu maddə İran ermənilərinə birinci növbədə şamil edilirdi.

Eyni vaxtda Rusiya Senatının 21 mart 1828-ci il tarixli Ali Fərmanı qəbul edilmişdi. Həmin sənəddə deyilirdi: “1828-ci il fevralın 10-da İranla bağlanmış traktatın qüvvəsinə əsasən Rusiyaya birləşdirilmiş Erivan xanlığını və Naxçıvan xanlığını bundan sonra bütün işlərdə erməni vilayəti adlandırmağı əmr edirik”. Beləliklə, Qafqazda gələcək erməni dövlətçiliyinin təməli qoyulmuşdur.

Ümumiyyətlə, təkcə Türkmənçay müqaviləsi nəticəsində bir neçə ay ərzində İrandan Azərbaycana 40 min erməni ailəsi köçmüşdü. Sonra 1830-cu ildə Rusiya Osmanlı İmperiyası ilə müqaviləyə əsaslanaraq kiçik Asiyadan Qafqaza daha 12.655 erməni ailəsi (təqribən 40 min nəfər) köçürmüşdür. Nəticədə 1828-1830-cu illərdə İmperiya 84.600 ailəni Türkiyədən Qafqaza köçürmüş və onları Qarabağın, İrəvanın (Yerevanın, Borçalının, Axalka və Axaltəkə bölgəsinin ən yaxşı torpaqlarında yerləşdirmişdi. Ermənilər təkcə Qarabağ torpaqlarında deyil, həm də Göyçə gölünün (ermənilər bu gölün adını dəyişdirərək Sevan ediblər) yaxınlığındakı dağlıq ərazidə yerləşmişdir. Rəsmi məlumata görə əvvəlcə təqribən 12.400 ailə, sonradan isə qeyri-rəsmi məlumatlara görə bu ailələrin sayı daha çox olmuşdur. 1828-39-cu illərdə Qarabağın dağlıq hissələrinə 200 min erməni köçürülmüşdü. 1877-79-cu illərdə Rusiya-Türkiyə müharibəsi dövründə daha 185 min erməni Qafqazın cənub ərazilərinə köçürülmüşdü. Nəticədə Şimali Azərbaycanda ciddi demoqrafik dəyişikliklər baş vermiş, yerli əhalinin ermənilər məskunlaşan ərazilərdən çıxıb getməsi nəticəsində bu dəyişikliklər daha güclənmişdir. Bu qarşılıqlı axınlar tamamilə qanuni xarakter daşıyırdı, çünki Rusiyanın rəsmi hakim dairələri erməniləri Şimali Azərbaycana köçürərkən azəri türklərinin oradan İrana və Osmanlı İmperiyasının hüdudlarına köçüb getməsinə mane olmurdu. Belə ki, 1827-1828-ci illərdə Naxçıvan xanlığındakı 4 min 600 ailənin 4 min 170-i, yəni 90 faizdən çoxu azərbaycanlılar idi. Lakin köçürmə kompaniyası anı dövründə təqribən 1400 azərbaycanlı ailəsi bu diyarı tərk etmiş və 1832-ci ildə orada təqribən 2791 ailə qalmışdı. Bu, sakinlərin ümumi sayının 60 faizi demək idi.

Ən böyük köçürülmə kampaniyası 1893-94-cü illərə təsadüf edir. Artıq 1896-cı ildə gəlmə ermənilərin sayı 900 minə çatırdı. Köçürülmə davam etdiyinə görə 1908-ci ildə Zaqafqaziyada ermənilərin sayı 1 milyon 300 min nəfərə çatırdı ki, bunların 1 milyonu çar hökuməti tərəfindən xarici ölkələrdən köçürülmüşdü.

Rusiya İmperiyası süqut edəndən və müstəqil dövlətlər yaradılandan sonra daşnakçı Ermənistan Gürcüstana və Azərbaycana müharibə elan etdi. Daşnaklar Ermənistanın, Zəngəzurun, Qarabağın və digər yerlərin azərbaycanlı əhalisinə qanlı divan tuturdu. 1918-ci ildə Bakıda, Qubada və Azərbaycanın digər şəhərlərində azərbaycanlı əhali kütləvi şəkildə məhv edilmişdir. Mülki əhaliyə qarşı əsl müharibə başlanmışdı. Erməni silahlı dəstələri Bakının və digər yaşayış məntəqələrinin azərbaycanlılar yaşayan məhəllələrini dənizdən və havadan bombalayır, artilleriya, aeroplanlar və hərbi gəmilərdən istifadə edirdilər. Dəqiqləşdirilmiş məlumatlara görə, 1918-ci ilin bahar və yay aylarında daşnak dəstələri Azərbaycan türkləri, talışlar, ləzgilər, avarlar, yəhudilər və Azərbaycanın digər xalqları sırasından 50 mindən çox insanı qətlə yetirmişdir. Ümumiyyətlə, həmin dövrdə təxmini hesablamalara görə 500.000-dən çox azərbaycanlı erməni millətçilərindən bu və ya digər dərəcədə zərər çəkmişdir.

Bu hesaba 1921-ci ildə Zaqafqaziyada Ermənistan dövləti yaradıldı. Professor V.A.Parsamyan “Erməni xalqının tarixi – Hayastan 1801-1900-cü illərdə” adlı əsərində yazır: “Rusiya ilə birləşənə qədər Şərqi Ermənistanın (İrəvan xanlığının) əhalisi 169.155 nəfər, o cümlədən 57.305 (33,8%) erməni, 84.089 (49,7%) müsəlman, 26.911 (16%) kürd və 850 nəfər (0,5%) başqa millətlərin nümayəndələri idi. Ermənistan Daşnak Respublikası Qars vilayətini tutandan (1918-ci il) sonra onun əhalisi artaraq 1 milyon 510 min nəfərə çatmışdır. Onlardan 795 mini erməni, 575 mini azərbaycanlı, 140 mini başqa millətlərin nümayəndələri idi”.

Ermənistanın Azərbaycan torpaqlarını mütəmadi işğal etməsi və Ermənistanın azərbaycanlı əhalisinin deportasiyası Sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə azərbaycanlıların daha bir qismi Ermənistan SSR-də özlərinin tarixi torpaqlarını tərk etməyə məcbur olmuşdur. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin sədri İ.Stalin “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 №-li Qərar imzalamışdır.

Həmin qərara əsasən, təqribən 100.000 azərbaycanlı Ermənistan SSR-dən mütəşəkkil qaydada Azərbaycan SSR-in quraqlıq çöllərinə köçürülmüşdür. Bu tədbirin formal səbəbi Ermənistana xaricdən yeni ermənilər dəstəsinin köçürülməsi olmuşdur. Belə ki, 1948-1952-ci illərdə Ermənistandan köçürülmüş azərbaycanlıların torpaqlarında Livan, İran və Suriyadan köçürülmüş ermənilər yerləşdirilmişdir.

1980-ci illərin axırlarında erməni millətçiləri azərbaycanlıların Ermənistandan, eləcə də DQMV-dən və daha sonra vilayətin ətrafındakı 7 Azərbaycan rayonundan azərbaycanlıların deportasiyasının yekun mərhələsinə başladılar. Məhz SSRİ-də yenidənqurma novasiyaları başlaması ilə əlaqədar Ermənistanın DQMV-yə iddiaları yeni təkan almış və yeni xarakter kəsb etmişdir. 1986-1987-ci illərdə Ermənistanda ilk azərbaycanlı qaçqınlar yarandı.

“Yenidənqurma yağışından” sonra DQMV-nin özündəki “Krunk” təşkilatı və Yerevanda “Qarabağ” komitəsi qəbilindən olan erməni təşkilatları göbələklər kimi artmaqda idi. Onlar Dağlıq Qarabağı Azərbaycandan faktiki olaraq ayırmaq planını həyata keçirməyə başlamışdılar. “Daşnaksutyun” partiyası yenidən fəallaşmışdır. 1985-ci ildə Afinada özünün XXIII qurultayında bu partiya “vahid və müstəqil Ermənistan yaratmağı” və bu şüarı Dağlıq Qarabağ, Naxçıvan (Azərbaycan) və Cavaxetiya (Gürcüstan) bölgələri hesabına həyata keçirməyi özünün birinci dərəcəli vəzifəsi hesab etməyi qərara almışdı. Bu niyyətin həyata keçirilməsinə, həmişəki kimi, Erməni kilsəsi, erməni ziyalılarının millətçi əhval-ruhiyyəli təbəqələri və xaricdəki erməni diasporu cəlb edilmişdi.

1987-ci ilin payızında Yerevanda keçirilən mitinqlər azərbaycanlıların kütləvi şəkildə deportasiya edilməsi üçün siqnal oldu. Bu mitinqlərin əsas məqsədi sovet rəhbərliyinə sosial-iqtisadi və ekoloji xarakterli tələblər təqdim etməkdən ibarət olsa da nəticə etibarı ilə onlar “türkləri Ermənistandan qovmaq” barədə çağırışlara çevrildi. 1986-cı ildə erməni millətçiləri tərəfindən azərbaycanlılara ünvanlanmış açıq hədə-qorxu səslənməyə başlamışdı. O vaxt xaricdəki erməni diasporunun bəzi dairələrində hələlik qeyri-rəsmi şəkildə Qarabağ məsələsi qaldırılmışdır. Elə həmin il və növbəti, 1987-ci ildə əsasən Ermənistanın Qafan və Mehri rayonlarında olan qaçqınlar Azərbaycana gəlməyə başlamışlar.

1987-ci il noyabr ayında Bakı dəmir yol vağzalına içərisində azərbaycanlılar olan iki yük vaqonu gəlmişdi. Bunlar Ermənistanın cənubunda azərbaycanlıların yığcam şəkildə yaşadığı Mehri və Qafan rayonlarının kəndlərindən qaçmağa məcbur olmuş insanlar idi.

1988-ci il yanvarın 25-də Bakıya Ermənistanın Qafan rayonundan olan azərbaycanlı qaçqınlarla dolu 4 avtobus gəlmişdi.

Lakin bunlar, necə deyərlər, aysberqin yalnız görünən hissəsi idi. Dərhal məlum oldu ki, ermənilərin digər məqsədi Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarmaqdır. Elə həmin dövrdə Dağlıq Qarabağda və Ermənistanda Dağlıq Qarabağın Ermənistan SSR-in tərkibinə verilməsi tələbi üçün kütləvi şəkildə imza toplanması başlanmışdı. Bu tədbirin təşkilatçıları onu referendum adlandırırdı. Dekabrın 1-də Qarabağ ermənilərinin nümayəndələri həmin imzaları, məktubları və tələbləri Moskvada Sov.İKP MK-nın qəbul otağına çatdırdılar. Bunun ardınca Qarabağ ermənilərinin digər nümayəndə heyətləri vaxtaşırı moskvaya gəlməyə başladı.

Milliyyətcə erməni olan nüfuzlu alimlər və ictimai xadimlər (yazıçı Zori Balayan, tarixçi Sergey Mikoyan, şairə Silva Kaputikyan və başqaları) Qarabağ məsələsi üçün xaricdə ciddi lobbiçilik edirdi. 1987-ci ilin noyabr ayında Mixail Qorbaçovun müşaviri, SSRİ Nazirlər Sovetinin İqtisadi Bürosunun sədri Abel Aqanbeqyan Qarabağın Ermənistanın tabeliyinə keçməsi ideyasını dəstəkləmişdir. Bu, həm Azərbaycanda, həm də Ermənistanda ermənilərin kampaniyasının Qorbaçov tərəfindən dəstəklənməsinin təsdiqi kimi qəbul edilmişdir.

Bütün Ermənistanda avtobus dayanacaqlarında, azərbaycanlıların yaşadığı evlərin qapılarında, darvazalarında hakimiyyət tərəfindən tamamilə dəstəklənən aşağıdakı məzmunlu vərəqələr və plakatlar asılırdı:

“Ermənistan xalqı!

1915-ci ilin qanlı günlərini heç vaxt unutma, Tələt paşanın, Ənvər paşanın, Camal paşanın sənə gətirdiyi dəhşətləri unutma! Yaşa və xatırla!

Erməni adını daşıyan hər kəs!

Türkü öz torpağından qov!

Ona erməni bulaqlarının suyunu vermə!

Erməni qadının əli ilə bişirilmiş çörəyi ona vermə!

Türklər, rədd olun bizim şəhərdən!”.

1988-ci ilin fevral ayında daha 2 min azərbaycanlı Ermənistanı tərk etmiş və Azərbaycana, əsasən Bakıya, Sumqayıta və Gəncəyə (o vaxt Kirovabad adlanırdı) köçmüşdü. 1988-ci il fevralın axırına qədər Ermənistan SSR-dən Azərbaycan SSR-ə 4 mindən çox adam köçürülmüşdür. Onların arasında döyülənlər, yaralananlar, don vuranlar çox idi, əksəriyyəti öz əmlakının az bir hissəsini də özü ilə götürə bilməmişdir. Bu qaçqınlar Azərbaycanda hiddət dalğasının və mitinqlərin katalizatorlarına çevrildi. Sumqayıtda daha mürəkkəb vəziyyət yaranmışdır. Ermənistandan olan qaçqınlar və kiminsə göstərişi ilə yaxın vaxtlarda əfv edilmiş 4500-ə yaxın residivist cinayətkar ittifaqın hər yerindən bu şəhərə axışırdı.

1988-ci il fevralın 20-də Yerevandakı Yazıçılar evində “Qarabağ” erməni terror təşkilatının fəaliyyət proqramı açıq elan edildi. O dövrün konyunkturuna uyğun olaraq, həmin proqram mətbuatda az qala “demokratiya və insan hüquqları” uğrunda mübarizə nümunəsi kimi təqdim edilmişdi. 1988-ci ildə “Qarabağ” təşkilatının fəalları Xankəndində (o vaxt Stepanakert adlanırdı) özlərinin “Krunk” bölməsini yaratdılar. Bu bölmə erməni ideoloqları tərəfindən hələ XX əsrin əvvəlində yazılmış və sınaqdan çıxarılmış mənfur ssenarini həyata keçirməli idi.

Azərbaycanlı publisist Ömər Faiq Nemanzadə hələ 1906-cı ildə bu mənfur ssenarinin gələcəkdə təkrarlana biləcəyini göstərərək, “İrşad” qəzetinin səhifələrində yazırdı: Hər halda ermənilər Ermənistan yaratmaq niyyətini hökmən həyata keçirəcəklər və şübhə yoxdur ki, bu məqsədə nail olmaq üçün onlar bizi İrəvandan, Qarabağdan və Qarsdan qovmağa çalışacaqlar. Biz bilməli və yadda saxlamalıyıq ki, ermənilər hər cür alçaqlığa hazırdırlar. Onlar müsəlmanları hücuma təhrik edərək özlərinə qarşı qaldıracaq, bu hücumda bilərəkdən böyük itkilər verəcək, sonra isə bütün Avropada özlərinin başıbəlalı olması barədə şivən qaldıracaqlar. Onlar tədricən öz cinayətləri üçün plan hazırlamağa və onları həyata keçirmək üçün yollar axtarmağa başlayacaqlar”.

Erməni “Daşnaksutyun” terror təşkilatının Qafqazdakı bölmələrindən biri olan “Krunk” da buna oxşar göstəriş almışdır. “Krunk”dan olan saqqallılar sovet “İzvestiya” qəzetinin müxbiri A.Qazıxanovun üzünə qarşı demişdilər: “Biz ölümə gedirik. Bizi ayırmasalar, hər addıma gedəcəyik”. Bir müddətdən sonra Sumqayıt şəhərində erməni talanları məhz “Krunk” erməni terror təşkilatının fəallarının təhrikçiliyi nəticəsində baş vermişdir.

1988-ci il fevralın 23-də Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbərliyi Vilayət Sovetinin sessiyasında DQMV-nin Azərbaycan SSR tərkibindən çıxmasını elan edəndən sonra vəziyyət böhranlı həddə çatdı. DQMV-nin Azərbaycanın tərkibindən çıxması və Ermənistanın tərkibinə keçməsi arzusunun təmin edilməsi barədə xahişlə Azərbaycan, Ermənistan və SSRİ Ali Sovetlərinə müraciət etmək qərara alındı.

1988-ci il fevralın 24-də Əsgəranda (DQMV) Qarabağ münaqişəsində ilk dəfə qan töküldü: iki nəfər azərbaycanlı öldürüldü.

Elə həmin il fevralın 26-da Yerevanda yüz minlərlə insanın iştirakı ilə mitinq keçirildi. Onlar DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haqqında Qarabağ ermənilərinin tələblərini dəstəkləyərək “miatsum” deyə qışqırırdılar. Elə həmin mitinqdə azərbaycanlı əhalinin Ermənistandan zorla qovulması barədə açıq çağırışlar səslənirdi. Mitinqdən sonra Ermənistanın müxtəlif rayonlarında azərbaycanlılara qarşı yaxşıca təşkil edilmiş və idarə olunan, yerli hakimiyyət və hüquq-mühafizə orqanlarının susaraq dəstəklədiyi talanlar başlandı. Moskvada İttifaq rəhbərliyi də susurdu. Bu, Azərbaycanda hiddət dalğasını coşdurmuş, Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmələrə, DQMV-də separatist əhval-ruhiyyəyə mərkəzi razılığı kimi qiymətləndirilmişdi.

Erməni millətçilər bunun ardınca 1988-ci ilin fevralında Sumqayıtda baş vermiş hadisələrdən azərbaycanlıların Ermənistandan zorla və tamamilə deportasiya edilməsi və Qarabağ münaqişəsinin qızışdırılması üçün ustalıqla istifadə etdilər. Azərbaycanlıların Qərbi Azərbaycan ərazisindən kütləvi şəkildə qovulmasının təşkilatçısı Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Suren Arutyunyan idi. Kommunist cildinə girmiş bu daşnak 1965-ci ildə erməni “soyqırımının” 50 illiyi ilə əlaqədar Yerevanda tələbələrin yürüşlərini və iğtişaşlar təşkil etmişdi. Beləliklə, XX əsrin əvvəlində daşnak hökuməti tərəfindən başlanmış azərbaycanlıların etnik təmizlənməsini sovet Ermənistanının kommunist hökuməti başa çatdırmışdır.

Təqribən 200 min azərbaycanlı Ermənistandan avtomat lüləsi altında, zorla qovulmuşdu. Azərbaycanlılardan 255 nəfər öldürülmüş, onlardan ikisinin başı kəsilmiş, 11 nəfər diri-diri yandırılmış, 3 nəfər tikə-tikə doğranmış, 23 nəfərin üstündən maşın keçmiş, 41 nəfər ölüncə döyülmüş, 19 nəfər dağlarda donmuş, 8 nəfər itkin düşmüşdü. 57 qadın, 23 uşaq qəddarcasına öldürülmüş, onları diri-diri soba borularına doldurub sonra boruların ağzını bağlamışdılar.

Ermənistanın azərbaycanlılar yaşayan kəndlərinin, o cümlədən Ararat rayonunun on minlərlə sakini erməni millətçiləri tərəfindən törədilən talanlara, qətllərə və zorakılıqlara dözməyib 1988-ci ilin yayında Sovet-Türkiyə sərhədinə qaçmış və dörd ay ərzində sərhəddə, Araz çayının sahilində açıq səma altında qalmışdı. Ermənistan rəhbərliyinin bu insanlara kömək etmək üçün əlini əlinə vurmaması öz yerində, hətta sonradan məlum olmuşdur ki, azərbaycanlılar yaşayan kəndlərə hücumlara nəinki rayon rəhbərləri, həm də respublikanın bəzi məsul işçiləri, o cümlədən Ermənistan Nazirlər Sovetinin sədrinin keçmiş müavini Arutyunyan, Masis rayon icraiyyə komitəsinin sədri Gevorkyan və rayon daxili işlər şöbəsinin rəisi İskandaryan başçılıq edirmiş.

14 iyun 1988-ci il. Ermənistan. Ermənistandan qovulmuş 4000 azərbaycanlı Azərbaycana gəlmişdir. Şahidlərin sözlərinə görə, erməni quldur dəstələri yaxşıca silahlanmışdı, onların zirehli texnikası və vertolyotları vardı.

Bu arada Dağlıq Qarabağda, Stepanakertdə (Xankəndi) azərbaycanlı əhalinin qovulması başlanır. 1988-ci il avqust. Xankəndi. Azərbaycan. Azərbaycanlılar yaşayan məhəllələr yandırılmışdır. Ermənistan polisi və DQMV hakim dairələri terrorçulara açıq-aşkar himayədarlıq edir. Azərbaycanlı ailələrə ultimatum təqdim edilir və öz doğma şəhərini tərk etmək üçün onlara vaxt verilir. “Qarabağ” terror təşkilatının ideoloqlarından biri olmuş V.Vardanyan ermənilərin azərbaycanlılara nifrət bəsləməsini belə izah edir: Ermənilərin və azərbaycanlıların qardaş ola biləcəyi tarixən sübut edilməmişdir... erməni doğulanda əlində silah olmalıdır... erməni xalqı əbədi yaşayacaqdır, bu şərtlə ki, bütün millət bir orduya çevrilsin, millətin dini isə hansısa uydurma Allah deyil millət özü olsun”. Nəticə etibarilə indi millətçilik müasir Ermənistanın rəsmi ideologiyasına çevrilmişdir.

1988-ci il sentyabrın 6-7-də erməni quldur dəstələri DQMV-də azərbaycanlılar yaşayan Xocalı və Kərkicahan yaşayış məntəqələrinə hücum etdilər. Etnik azərbaycanlı sakinlər arasında öldürülənlər və yaralananlar vardı. Müxtəlif məlumatlara görə, Azərbaycan kəndlərinə və şəhərlərinə hücumlarda ümumi sayı 6 minə qədər olan, yaxşı təşkil edilmiş və müasir silahlarla təchiz olunmuş erməni quldurları iştirak etmişdir. ( «Преступления армянских террористических и бандитских формирований против человечества (XIX-XXI вв.). Краткая хронологическая энциклопедия», AMEA İnsan hüquqları institutu, Bakı, “Elm” nəşriyyatı – 2002).

Akademik B.Budaqov göstərir ki, 1988-ci ilin noyabr ayında Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə etnik azərbaycanlıların bu respublika ərazisindən zorla qovulması planı təsdiq edilmişdir. Bu planın həyata keçirilməsi üçün 1988-ci il dekabrın 5-nə qədər vaxt verilmişdi. Bundan sonra bütün Ermənistanda “Türklərsiz Ermənistan” şüarı altında tədbirlər təşkil edilmişdi.

27 noyabr 1988-ci il. Masis. Ermənistan. Zəhmət kəndində erməni quldurlar 10 yaşlı qızı, 60 yaşlı qadını və 3 nəfər azərbaycanlı gənci vəhşicəsinə qətlə yetirmişlər. Onları öldürməkdə məqsəd dinc əhalini qorxutmaq idi. Masis rayonunun mərkəzində müsəlman məscidinə ov vurulmuşdu. Yerevanda məscid, M.F. Axundov adına Azərbaycan məktəbi və Azərbaycan Dram Teatrı yandırılmışdı. Erməni vandallar azərbaycanlıların qəbiristanını tamamilə dağıtmışlar.

Şahidlərin dediyinə görə, elə həmin gün Quqark rayonunun (Ermənistan) Şaumyan kəndində erməni banditlər tərəfindən törədilmiş qanlı cinayətlər nəticəsində 10 nəfərdən çox azərbaycanlı vəhşicəsinə öldürülmüş və onlara ölümcül işgəncə verilmişdi.

1988-ci il noyabrın 25-28-də Quqark rayon icraiyyə komitəsinin sədri Hamlet Sarkisyan və “Şaumyan” sovxozunun direktoru Jora Arakelyan azərbaycanlıların qətlə yetirilməsini təşkil etmişlər. Bu hadisə ilə əlaqədar SSRİ və Ermənistan SSR prokurorluğunda cinayət işi qaldırılmışdır.

1988-ci ilin noyabr ayında Spitak şəhərində şəhər partiya komitəsinin birinci katibi N.Muradyan, rayon icraiyyə komitəsinin katibi F.Abuçyan, rayonun baş həkimi R.Baqdaryan, hakim E.Nazaryan, milis rəisi V.Sarkisyan, prokuror Arakelyan bir neçə saqqalı silahlının müşayiəti ilə azərbaycanlı ailələri öz mənzillərindən qovmuş və onlara divan tutmuşlar. Nəticədə bu işgəncələrə davam gətirməyən 36 nəfər həlak olmuşdur. 5-12 yaşlarında olan 70 uşaq öz valideynlərinin gözləri qarşısında diri-diri əvvəlcədən hazırlanmış diametri 1,5 metr və uzunluğu 20 metr olan borunun içinə doldurulmuş və həmin borunun ağzı bağlanmışdır. Daha 27 azərbaycanlı uşaq naməlum istiqamətdə aparılmışdır.

Sənubər Sarallı deyir: “1988-ci il noyabrın 27-28-də Spitak rayon partiya komitəsinin birinci katibi Norayr Muradyan guya azərbaycanlıların Ermənistandan çıxarılmasını təşkil etmişdir. Adamlar yük maşınlarına doldurulmuş, lakin təyinat yerinə gedib çatmamışlar. Bu günahsız adamlar rusların yaşadığı Lermontovo və Fioletovo kəndləri arasında diri-diri yandırılmışlar. Yük maşınlarında uşaqlar, qadınlar və qocalar vardı. Təsadüfən sağ qalanlar beş gün müddətində Böyük Qafqaz dağlarının qarlı aşırımlarından keçərək Azərbaycanın Qazax rayonuna çatmışlar. Yolu tapmayanlar geriyə, öz kəndlərinə qayıtmış, lakin bu kəndi tamamilə blokada vəziyyətində görmüşlər. Yarım ildən çox idi ki, buraya çörək gətirilmirdi. Eyni müddətdə elektrik işığı da yox idi. 1988-ci il dekabrın 1-də xəbər tutdum ki, ermənilər azərbaycanlıların kəndinə hücum etməyə hazırlaşırlar. Onda Saral kəndindən keçərək Qursalıya getməyə və sakinləri xəbərdar etməyə çalışdım ki, Yerevandan, Stepanakertdən və Kirovakandan olan ekstremist əhval-ruhiyyəli 1500 tələbə bu kəndlərə hücum etməyə hazırlaşır”. (Сенубер Сараллы, «Геноцид. Аннотация районов. Список погибших и жестоко убитых в Западном Азербайджане в 1987-1992 гг.»).

“Pravda” qəzeti 1989-cu il yanvarın 7-də yazırdı: “Məsələn, Ermənistan SSR Quqark rayonunun Şaumyan qəsəbəsində azərbaycanlıların köçürülməsi kənd sovetinin sədrinin, digər vəzifəli şəxslərin iştirakı ilə olmuşdur”.

Salamat qalmış 60 yaşlı Əliyev Məhərrəm Əbdül oğlunun söylədiklərinə əsasən 1988-ci ildə Ermənistanın Vedi (Ararat) rayonundan azərbaycanlıların qovulması zamanı törədilmiş dəhşətli zorakılıq aktları barədə təsəvvür yaranır.

M.Əliyev öz şahid ifadələrində deyir: “Beş nəfər silahlı daşnak məni zorla UAZ maşınına mindirdilər və gözlərimi bağlayıb naməlum istiqamətə apardılar. Təqribən 30 dəqiqədən sonra mənim gözlərimi açdılar və maşından çıxmağımı əmr etdilər. Mən maşından çıxanda gözlərimin qarşısındakı ağaclarda üç qadın və dörd kişi asılmışdı. Mən harada olduğumu bilmirdim, bircə onu başa düşdüm ki, asılanlar azərbaycanlılardır. Sonra mənə əmr etdilər ki, çayın sahilinə gedim. Onda başa düşdüm ki, bu, Zəngi çayıdır. Çayın sahilində 3 meyit vardı. Ermənilər məni məcbur etdilər ki, bu meyitlərin üzlərinə baxım. Onlardan biri bətnində hələ doğulmamış körpəsi olan azərbaycanlı hamilə qadın idi. Onun meyitinin yanında iki azyaşlı qız meyiti vardı. Mən bu vəhşiliyi görəndə huşumu itirdim. Özümə gələndə gördüm ki, onlar ağacdan asılan adamları, öldürülmüş qadını və onun üç uşağını böyük daşlara bağlayıb Zəngi çayına atdılar. Daşnaklardan biri mənə yaxınlaşıb dedi: “Bax ha, türk, nə qədər ki, biz ermənilər yer üzündə yaşayırıq, türklərlə hər yerdə və həmişə bu cür rəftar edəcəyik, səni isə öldürmürük ki, bütün bunları görəsən, ömrünün axırına qədər unutmayasan və bunu bütün türklərə çatdırasan”. (Сенубер Сараллы, «Геноцид. Аннотация районов. Список погибших и жестоко убитых в Западном Азербайджане в 1987-1992 гг.»).

1988-ci il noyabr-dekabr aylarında Sovet Ermənistanında daşnakların və xaricdən gəlmiş saqqalılarının – müxtəlif terrorçuların, silahlıların və cinayətkarların təşəbbüsü ilə azərbaycanlı əhalinin qovulmasının başa çatdırılması geniş miqyasda qeyd edilmişdir. Lakin azərbaycanlıların tamamilə qovulmasının başa çatması ilə əlaqədar Ermənistanda keçirilən “bayram şənlikləri” dağıdıcı zəlzələ ilə müşayiət olundu. Dindar ermənilər bu hadisəni hələ də “türklərin qovulmasına görə” Allahın cəzası adlandırırlar. O vaxtdan Ermənistanda zəlzələnin tarixi həqiqətən sakral və ya bəzi adamların dediyi kimi mistik məna daşıyır.

Ermənistanın hakim dairələri hətta 1988-ci il dekabrın 7-də Ermənistanda baş vermiş zəlzələdən də öz çirkin məqsədləri üçün istifadə edirdilər – azərbaycanlılar yaşayan kəndlər bütünlüklə məhv edilir və bunu zəlzələnin ayağına yazırdılar.

Erməni talanlarından və zəlzələdən sonra salamat qalmış Sənubər Sarallı bunu belə xatırlayır: “Bir qoca erməni qadının sözləri hələ də yadımdadır. O, zəlzələdən sonra məni gizlətməyə qorxmayıb deyirdi: “Biz türkləri buradan qovduğumuza görə Allah bizim cəzamızı verdi”. (Сенубер Сараллы«Геноцид. Аннотация районов. Список погибших и жестоко убитых в Западном Азербайджане в 1987-1992 гг.»).

Dekabrın 11-də Gümrü (Leninakan) rayonunda Azərbaycan aviasiyasının İL-76 markalı hərbi nəqliyyat təyyarəsi vurulmuşdur. Təyyarədə heyət üzvləri ilə bərabər 50 azərbaycanlı, 13 ləzgi, 2 tatar, 1 erməni və 1 yəhudi vardı. Onlar zəlzələdən zərər çəkmiş ermənilərə köməyə gedirdilər. Bir nəfərdən başqa onların hamısı həlak oldu. Təkcə Fəxrəddin Balayev salamat qalmışdı. O, təyyarədəki yük maşınının kabinəsində idi. Təyyarənin tüstülənən qalıqları ətrafında erməni millətçilərindən ibarət böyük bir izdiham toplaşmışdı. Qəza yerini mühasirəyə almış sovet ordusu bölmələri yalnız itki vermək bahasına Fəxrəddini xilas edə bilmişdi. Salamat qalmış bu yeganə sərnişinin onurğa sütunu sınmışdı.

Ertəsi gün, dekabrın 12-nə keçən gecə Yuqoslaviyadan Ermənistanda zəlzələdən zərər çəkmişlərə yardım yükü gətirən AN-12 hərbi-nəqliyyat təyyarəsi Yerevana yaxınlaşarkən qəzaya uğramışdı. Təyyarənin 7 nəfərdən ibarət heyətinin bütün üzvləri həlak olmuşdur. Təyyarə Yuqoslaviya- Bolqarıstan-Türkiyə-SSRİ beynəlxalq marşrutu üzrə uçurdu. Yuqoslaviyaya məxsus AN-12 təyyarəsi Türkiyə ərazisindən keçməklə tranzit yolla gəldiyinə görə erməni millətçiləri onu səhvən Türkiyə təyyarəsi hesab etmiş və Yerevana yaxınlaşanda onu vurmuşdular. Həmin vaxt aeroport rayonunda meteoroloji şərait normal idi. Təyyarə ilə dispetçer əlaqəsi ingilis dilində saxlanılırdı. Lakin təyyarə Yerevan aeroportunda enməyə hazırlaşarkən qəflətən onunla əlaqə kəsildi. Təyyarə “Zvartnos” aeroportundan 12-13 kilometr məsafədə yerə düşüb parçalandı.

Ermənistanın millətçi rəhbərləri respublikaya külli miqdarda humanitar yardım göndərilməsindən istifadə edərək xarici diasporun köməyi ilə Ermənistan ərazisinə külli miqdarda silah gətirilməsini təşkil etmişdi. Bundan əlavə Yaxın Şərqdən və digər ölkələrdən erməni terrorçular və baş kəsənlər buraya gəlməyə başlamışdı. SSRİ DTK əməkdaşları Vladimir Lutsenko və Valeri Xmelyov o günləri belə xatırlayırlar: “Ermənistan sakinlərinə bütün Rusiya kömək edirdi, lakin çoxları bilmir ki, silahlılar bizim desantçıları arxadan vururdular. Desantçılar zəlzələ ocağının ətrafında dayandıqları vaxtda ekstremistlər silahlanmağa başlamışdı”. V.Lutsenko və V.Xmelyov daha sonra yazırlar: “Spitakda zəlzələdən zərər çəkmişlərə humanitar yardım adı ilə müxtəlif ölkələrdən Ermənistana külli miqdarda müxtəlif növ silahlar göndərilirdi”.

Hərbi əsirlərin, girovların və itkin düşmüş vətəndaşların işləri üzrə Azərbaycan Respublikası Dövlət Komissiyasının Materiallarından məlum olur ki, Spitak şəhərində dağıdıcı zəlzələdən sonra “Qarabağ” erməni terror təşkilatının fəallarından ibarət kiçik qruplar təşkil edilmişdir. Onlar bütün dünyadan Yerevandakı “Zvartnos” aeroportuna gələn maşınların qaçırılması, dava-dərmanın oğurlanması, zəlzələnin zərər vurğudu şəhərlərdə mağazaların qarət edilməsi, meyitlərin saatlarını, qızıl məmulatları, bəzək əşyalarını, pulları götürməklə məşğul olurdular. Buna oxşar faktları Rusiya mənbələri də təsdiq edir.

Dəqiqləşdirilmiş məlumata görə, 1987-89-cu illərdə azərbaycanlıların Ermənistandan deportasiya edilməsi nəticəsində 214 nəfər azərbaycanlı həlak olmuş, onlardan 127 nəfəri (59 faiz) vəhşicəsinə qətlə yetirilmişdir. Bu insanların əksəriyyəti (50 nəfər və ya 23 faiz) döyülərək öldürülmüş, daha 35 nəfər (16 faiz), o cümlədən 4 uşaq və 10 yaşlı şəxs vəhşicəsinə işgəncələrdən sonra ölmüşdür. 15 azərbaycanlı (7 faiz), o cümlədən Quqark rayonundan olan 9 yaşlı Z.İ.Nəbiyeva və 78 yaşlı Q.M.Əliyeva yandırılmış, daha 15 nəfər (o cümlədən 2 uşaq və 6 qoca) güllələnmişdir. 7 nəfərin üstünə avtomobil sürülmüş, 3 nəfər çayda boğulmuş, 1 nəfər elektrik cərəyanı ilə öldürülmüş, Amasiya rayonundan olan 19 yaşlı B.İ.Haqverdiyevi asmışlar. Daha 65 nəfər başqa şəraitdə: infarktdan, gördükləri və şahidi olduqları hadisələrin təsirindən (10 nəfər), xəstəxanada tibbi heyətin təqsiri üzündən (6 nəfər) ölmüş, Ermənistandan qaçarkən qar boranına düşərək donmuşdur (49 nəfər). nəhayət 2 nəfər bu işgəncələrə dözməyərək intihar etmişdir. Azərbaycanlıların ifadələrinə görə ermənilər 12 azərbaycanlı barəsində yalandan “bədbəxt hadisə ”uydurmuşlar. 8 nəfərin taleyi hələ də məlum deyildir və onlar itkin düşmüş hesab edilir.

Ermənistandan qovulan azərbaycanlıların faciəsi ilə yanaşı, DQMV-nin azərbaycanlı əhalisinin sıxışdırılması davam edirdi. Orada xarici təlimatçılar tərəfindən hazırlanan, təpədən dırnağa qədər silahlanmış minlərlə banditdən ibarət qruplaşmalar toplaşmışdır. Qarabağ hərəkatının fəal üzvü İqor Muradyanın sözlərinə görə, Qarabağ erməniləri hələ 1986-cı ilin yayında daşnakların köməyi ilə xaricdən yüngül atıcı silahının ilk partiyasını almışdılar. Sonralar buraya silah göndərilməsi mütəmadi hal almışdır. Nədənsə Çexiya istehsalı olan silahlar daha çox idi. Bu silahlar əsasən Dağlıq Qarabağa göndərilirdi. Muradyan qürurla deyir: “Qarabağda bütün təşkilatlar silahlanmışdı. Yerli komsomolçuların hamısının şəxsi silahları vardı”. (Том де Ваал, ВВС, http://news.bbc.co.uk/hi/russian/in_depth/newsid_4640000/4640183.stm).

İqor Muradyan britaniyalı jurnalist Tom de Vaala müsahibəsində Qarabağ hərəkatını necə planlaşdırması və təşkil etməsi barədə danışmış, yüksək partiya xadimlərinin susaraq dəstəklədiyi və çox böyük insan kütlələrini uğurla səfərbər etmiş bu kampaniyanı necə diqqətlə təşkil etdiklərini danışmışdır.

Britaniyalı jurnalist soruşmuşdur ki, Qarabağ hərəkatının fəallarını DQMV-nin 40 000 azərbaycanlı əhalisinin fikrini nə üçün soruşmurdular. İ.Muradyan bu suala belə cavab vermişdir: “Düzünü bilmək istəyirsiniz? Mən sizə düzünü deyəcəyəm. Bu insanların taleyi bizi maraqlandırmırdı... onların taleyi bizi o vaxt da maraqlandırmırdı, indi də maraqlandırmır”. (Том де Вааль, ВВС).

1988-ci il martın 23-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Dağlıq Qarabağda, Azərbaycan SSR-də və Ermənistan SSR-də baş verən hadisələrlə əlaqədar müttəfiq respublikaların müraciəti ilə bağlı tədbirlər haqqında” qərar qəbul etmişdir. Həmin qərarda göstərilirdi: “... Mürəkkəb milli ərazi məsələlərinin dövlət hakimiyyəti orqanlarına təzyiq göstərilməsi yolu ilə, emosiyaların və ehtirasların qızışdırılması şəraitində, SSRİ Konstitusiyasında təsbit edilmiş milli-dövlət və milli-inzibati sərhədlərin dəyişdirilməsinə tərəfdar olan müxtəlif qondarma qurumlar yaradılması cəhdləri yolverilməz hesab edilsin. Bu, qabaqcadan proqnozlaşdırıla bilməyəcək nəticələrə gətirib çıxara bilər...”.

1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti və DQMV Milli Şurası özlərinin birgə iclasında “Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi haqqında” qərar qəbul edir. Bu, SSRİ və Azərbaycan SSR Konstitusiyasında birbaşa zidd idi. Eyni vaxtda həmin dövrdə Ermənistandan qovulan azərbaycanlıların yeni dalğası Bakıda və Azərbaycanın digər şəhərlərində yerləşdirilirdi. DQMV-nin Ermənistana birləşdirilməsi haqqında konstitusiyaya zidd olan qərar və SSRİ rəhbərliyinin bu məsələdə passivliyi Azərbaycanda kütləvi iğtişaşlara və erməni əhalinin respublikadan köçüb getməsinə gətirib çıxarmışdır. Yanvarın 20-də sovet ordusunun iri bölmələri Bakıya yeridilmiş, onlar Azərbaycan paytaxtının dinc əhalisini amansızcasına gülləbaran etmiş, tankları insanların üstünə sürmüşdülər. Qara Yanvar adı almış bu qanlı aksiya nəticəsində qoşunların şəhərə daxil olmasına yol verməməyə çalışan Bakının mülki əhalisi arasında çoxsaylı insan tələfatına gətirib çıxarmışdır. Bakıya qoşun yeridilməsi nəticəsində 133 nəfər (digər məlumatlara görə 137) nəfər həlak olmuş, 800-dən çox sakin yaralanmışdır.

Yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda yaranmış böhranlı vəziyyətdən istifadə edən erməni silahlı dəstələri Azərbaycan SSR Naxçıvan Muxtar Respublikasının Kərki kəndini işğal etmişlər. Erməni quldur dəstələri Naxçıvandakı Sədərək qəsəbəsinə də hücum etmişlər. Azərbaycanın dinc əhalisi arasında tələfat olmuşdur. Naxçıvanın digər Azərbaycan kəndləri də mütəmadi olaraq ağır artilleriya silahı və “Qrad” raketləri ilə atəşə tutulurdu.

Erməni banditlər və muzdlu qatillər həmin dövrdə yüzlərlə terror aktı törətmiş, bu hadisələr zamanı xeyli dinc Azərbaycan sakini həlak olmuşdur.

Azərbaycanın dinc əhalisinin məhv edilməsində beynəlxalq terrorçu (bütün dünyada tanınmış terrorçu Ramiros Şakalın şagirdi) Monte Melkonyan fəal iştirak edirdi. Onun dəstələri Qaradağlı kəndində, Xocalı şəhərində və Qarabağın digər yaşayış məntəqələrində azərbaycanlılara qarşı soyqırımında bilavasitə iştirak etmişdir. Monte Melkonyanın törətdiyi vəhşiliklər onun qardaşı Markar Melkonyanın ABŞ-da çapdan çıxmış “Qardaşımın yolu” adlı kitabda (Markar Melkonian. «My Brother’s Road: An American’s Fateful Journey to Armenia», I. B. Tauris, London, 2005) ətraflı təsvir edilmişdir.

Markar Melkonyanın kitabında göstərilir ki, erməni başkəsənlər əsir qadınları, uşaqları və qocaları diri-diri yandırmışlar. Markar Melkonyanın kitabından məlum olur ki, onlarca azərbaycanlı vəhşicəsinə öldürülmüşdür, erməni silahlıları əsir götürdükləri azərbaycanlıları Ermənistana aparmış, orada onları camaatın içində qurban kəsmişlər (başlarını bədənlərindən ayırmışlar).

1992-ci il fevralın 17-də erməni başkəsənlər sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Qaradağlı kəndinin tutulmasında iştirak etmişlər. Ermənilər Qaradağlı kəndini tutandan sonra onu yandırıb külə döndərmiş, orada sözün həqiqi mənasında qırğın törətmiş, nəticədə 77 adam, o cümlədən 10 qadın və 8 uşaq vəhşicəsinə qətlə yetirilmişdir. 54 nəfər xüsusi qəddarlıqla öldürülmüşdür. 104 nəfər girov götürülmüşdür. Onlardan 54 nəfəri əsirlikdə öldürülmüşdür.

Monte Melkonyanın dəstələri, digər erməni quldur dəstələri və 366-cı motoatıcı alay XX əsrin axırlarında bəşəriyyətə qarşı bəlkə də ən qanlı cinayətdə - Azərbaycanın Xocalı şəhərinin 5 min sakininə qarşı soyqırımında iştirak etmişlər. Fevralın 25-dən 26-na keçən gecə erməni quldur dəstələri 366-cı motoatıcı alayın köməyi ilə Azərbaycanın dinc Xocalı şəhərini yerlə-yeksan etmişlər. Şəhərin işğal edilməsi dinc sakinlərə qarşı misli görünməmiş vəhşiliklərlə müşayiət olunmuşdur. Hücumun ilk saatlarında 613 nəfər, o cümlədən 106 qadın, 83 uşaq öldürülmüşdür. 56 nəfər xüsusi qəddarlıqla öldürülmüşdür. 6 ailə tamamilə məhv edilmişdir. 25 uşaq yetim qalmış, 130 uşaq valideynlərdən birini itirmişdir. 476 nəfər, o cümlədən yetkinlik yaşına çatmamış 76 nəfər əlil olmuşdur. 1275 nəfər əsir götürülmüşdür. Düzdür, onların əksəriyyətini sonradan qaytarmaq mümkün olmuşdur, lakin 150 nəfərin taleyi barədə indiyə qədər heç nə məlum deyildi.

Xocalıda insanlığa qarşı bu cinayətdə Ermənistanın indiki rəhbərlərindən bəziləri, o cümlədən ölkənin indiki prezidenti Serj Sarkisyan, müdafiə naziri Seyran Ohanyan və başqaları iştirak etmişlər. O vaxt səhra komandiri olmuş Serj Sarkisyan britaniyalı jurnalist Tom de Vaala verdiyi müsahibəsində demişdir: ”Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi aradan qaldıra bildik. Olanlar budur”. (Том де Ваал, «Черный сад»)

1992-ci il mayın 7-8-də erməni quldur dəstələri Qarabağın incisi sayılan Azərbaycanın Şuşa şəhəri üzərinə hücuma başlayır. Dinc əhali arasında tələfatla müşayiət olunan şiddətli artilleriya və raket atəşləri nəticəsində Şuşa şəhəri ələ keçirilmiş və xarabazara çevrilmişdir. 1977-ci ildə YUNESKO tərəfindən tarix-memarlıq qoruğu elan edilmiş, “Qafqazın konservatoriyası” adlanan Şuşadan 23.000-dən çox azərbaycanlı qovulmuşdur.

1992-ci il mayın 18-19-da ağır artilleriya silahlarının dəstəklədiyi erməni quldur dəstələri DQMV hüdudlarından kənarda yerləşən Laçın rayonunu işğal etdilər. Dinc əhali arasında çoxlu ölənlər və yaralananlar vardı. İşğal nəticəsində 63.341 nəfər azərbaycanlı öz doğma yurdundan qovulmuşdur. Laçın rayonunun işğalı göstərdi ki, təcavüzkar ermənilər Azərbaycanın Dağlıq Qarabağdan kənarda yerləşən ərazilərini ələ keçirməyə başlamışlar.

1993-cü il martın 27-dən aprelin 3-dək erməni quldur dəstələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənarda yerləşən daha bir rayonu – Kəlbəcər rayonunu tutmuş, nəticədə 60.698 nəfər azərbaycanlı doğma yurdundan qovulmuşdur.

1993-cü ilin iyun-avqust aylarında erməni quldur dəstələri Azərbaycanın bir neçə rayonunu tutmuş, yüz minlərlə azərbaycanlı həmin rayonlardan qovulmuşdur. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənarda yerləşən Ağdam rayonunun çox hissəsi işğal edilmişdir. İşğal nəticəsində dinc əhali arasında çoxlu tələfat olmuş, 150.000 azərbaycanlı daimi yaşayış yerlərindən qovulmuşdur.

Azərbaycanın Ağdərə şəhəri tutulmuşdur. Dinc əhali arasında çoxlu tələfat vardır. Daha sonra Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənarda yerləşən Ağdam şəhəri işğal edilmişdir.

Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsi hüdudlarından kənarda yerləşən Füzuli rayonunun çox hissəsi işğal edilmişdir. Nəticədə 152.860 nəfər azərbaycanlı daimi yaşayış yerlərindən zorla qovulmuşdur.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənarda yerləşən Cəbrayıl rayonu işğal edilmiş, nəticədə 57.125 nəfər azərbaycanlı daimi yaşayış yerlərindən zorla qovulmuşdur. Dinc əhali arasında tələfat vardır. Bütün bunlara rəğmən kəndlərdə qalan qocalar vəhşicəsinə qətlə yetirilmişdir.

Sonra Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənarda yerləşən Qubadlı rayonu işğal edilmişdi. Mütəmadi artilleriya atəşləri, ən yeni hərbi texnikadan istifadə edilməklə fasiləsiz hücumlar nəticəsində azərbaycanlı, kürd və rus millətindən olan 31.364 nəfər daimi yaşayış yerlərindən zorla qovulmuşdur. Erməni terrorunun qurbanları arasında qadınlar, qocalar, uşaqlar da vardır.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənarda yerləşən Zəngilan rayonu uzun sürən mühasirə nəticəsində tutulmuşdur. Rayonun təqribən 35.000 dinc sakini daimi yaşayış yerlərindən zorla qovulmuşdur.

Eyni vaxtda respublikanın iki rayonundan - Qubadlı və Cəbrayıl rayonlarından çox böyük sayda – üç yüz minə yaxın sakin qaçqın vəziyyətinə düşmüşdür. Ermənistandan, Azərbaycanın Kəlbəcər, Laçın, Ağdam, Füzuli və Zəngilan rayonlarından, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Şuşa şəhərindən və digər yaşayış məntəqələrindən olan yeddi yüz mindən çox qaçqının da taleyi belə olmuşdur. Erməni işğalı nəticəsində bir milyona yaxın azərbaycanlı öz vətənində qaçqın vəziyyətinə düşmüşdür. Erməni silahlı dəstələri Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətini və onun ətrafındakı Azərbaycanın yeddi rayonunu işğal etmişlər. Bu, ölkənin bütün ərazisinin təqribən 20 faizi deməkdir. İlkin hesablamalara görə, Azərbaycan Respublikasına 60 milyard ABŞ dolları məbləğində ziyan vurulmuşdur. Faktiki olaraq Azərbaycanın hər yeddi sakinindən biri qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, bu isə sosial-iqtisadi böhran şəraitində yaşayan, müharibənin bütün çətinliklərinə sinə gərən Respublikanın çiynində ağır bir yük olmuşdur. SSRİ-nin dağıldığı dövrdə olduğu kimi Azərbaycana digər müttəfiq respublikalarda baş vermiş millətlərarası münaqişələrdən əziyyət çəkmiş müxtəlif milliyyətli on minlərlə qaçqın gəlmişdir. Nəticədə Azərbaycanda məcburi köçkünlərin və qaçqınların ümumi sayı bir milyonu keçmişdir.

Ermənilər Azərbaycanın işğal edilmiş torpaqlarını viran etməyə başlamışlar. Qarabağ müharibəsi nəticəsində 20 min azərbaycanlı həlak olmuş, yüz min nəfər yaralanmış, 50 min nəfər şikəst olmuşdur. Qaçqınların sayı 1 milyondan çoxdur. Rəsmi məlumatlara görə ermənilər 4852 nəfər azərbaycanlını, o cümlədən 323 qadını, 54 uşağı və 410 ahıl şəxsi əsir götürmüşlər. Millətçi erməni faşistlər əsirlərin və girovların həqiqi sayını beynəlxalq humanitar təşkilatlardan gizlətmiş, onlarla qeyri-insani və amansızcasına rəftar etmiş, onları kölə kimi işləməyə məcbur edərək alçaltmışlar.

BMT Azərbaycana qarşı ədalətsiz müharibə aparılmasını, onun ərazi bütövlüyünün pozulmasını, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal olunmasını təsdiq etmişdir. BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin azad olunması barədə dörd qətnamə (822, 853, 874 və 884 № -li) qəbul etmişdir. Bununla əlaqədar, BMT Baş Məclisi, Avropa Parlamenti, NATO, İslam Konfransı Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar səviyyəsində bir sıra qətnamələr qəbul edilmişdir. Lakin erməni işğalçılar hələ də bütün bu qərarları yerinə yetirmir, bununla da beynəlxalq hüquqa və beynəlxalq birliyə hörmətsizlik nümayiş etdirirlər.