Sumqayıt hadisələri haqqında həqiqətlər ...
Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı
Yüklə (pdf)
Sumqayıt Sumqayıt hadisələri haqqında
Yüklə (pdf)
"Sovet İmperiyasının gizlinləri – Qriqoryanın işi"

Sumqayıt şəhərinin tarixi və şəhər barədə qısa arayış

Azərbaycan Respublikasının üçüncü böyük şəhəri olan Sumqayıt Abşeron yarımadasının şimal-qərb sahillərində, Bakıdan 35 km məsafədə yerləşir. Sumqayıtın ərazisi 96 kvadrat kilometr, əhalisinin sayı 406.100 nəfərdir (2008-ci il). Şəhərdə azərbaycanlılar, ruslar, ləzgilər, ukraynalılar, talışlar, tatarlar, tatlar və ermənilər yaşayır.

Tarixçi və arxeoloqlar burada aparılmış qazıntılar və tədqiqatlar nəticəsində sübut etmişlər ki, hələ bizim eradan əvvəl VII əsrdə Sumqayıtın yerində midiyalıların (Azərbaycan ərazisində yerləşən qədim Midiya dövlətinin sakinlərinin) məskənləri olmuşdur. Sumqayıtın mərkəzində, o cümlədən indiki Şəhər İcra Hakimiyyətinin binası üçün özül yeri qazılarkən orada dulusçuluq məmulatları, müxtəlif qablar və sikkələr tapılmışdır. Məlum olmuşdur ki, burada qədim şəhər yeri var imiş. Arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş körpü və karvansara qalıqları belə bir fərziyyəni təsdiqləyirdi ki, Sumqayıtçayın hər iki sahili boyunca karvan yolu keçirmiş.

Sumqayıt şəhərinin adı ilə bağlı çoxlu rəvayətlər vardır. Həmin rəvayətlərin birinə görə, uzaq keçmişdə belə bir əhvalat baş vermişdir. Bu ərazidən keçən karvanda bir-birini sevən iki gənc – Sum adlı oğlan və Ceyran adlı qız varmış. Onların su ehtiyatı tükənəndə Sum susuzluqdan əzab çəkən Ceyranın əziyyətlərini görməmək üçün su axtarmağa gedir. Sum su axtararkən çeşmənin yolunu kəsmiş bir əjdaha ilə üzləşir. Əjdaha ilə ağır döyüşdə oğlan ona qalib gəlir, çaya çatır, lakin artıq taqətdən düşmüş bu igid gəncin bədəni çayın qurbanı olur. Sum həmişəlik görünməz olur. Gözəl ceyran öz sevgilisini uzun müddət axtarır. O, çayın sahilinə çatanda da sevgilisinin yoxa çıxmasına inana bilmir və ağlaya-ağlaya deyirdi: “Sum, qayıt! Sum, qayıt!”. O vaxtdan həmin çayın adı Sumqayıtçay, onun sahilindəki yaşayış məntəqəsi ilə Ceyranbatan adlanır. Sumqayıt əsrlər boyu karvan yolu üzərində yerləşən kiçik bir yaşayış məntəqəsi olmuşdur.

Tarixi sənədlərdə Sumqayıtın adı ilk dəfə 1580-ci ildə ingilis səyyahı X.Berou tərəfindən çəkilir. 1858-ci ildə fransız yazıçısı A.Dümanın “Qafqaz səyahəti” adlı kitabında Sumqayıt adlı poçt stansiyasından bəhs edilir. Rus səyyahı İ.Berezin öz yol qeydlərində yazırdı: “Şəhərin yaxınlığında Sumqayıt adlı bir çay axır. Bu ad onunla bağlıdır ki, havalar isti keçəndə çayda su quruyur, yağışlar mövsümündə isə çay yenidən canlanır”. İ.Berezinin fikrincə, ola bilsin ki, bu ad “su” və “qayıt” sözlərindən yaranmışdır.

Sovet dövründə sənayenin misli görünməmiş inkişafı ilə əlaqədar Sumqayıt yaşayış məntəqəsində sovet ittifaqının iri neft sənayesi və kimya kompleksi yaradılması qərara alınmışdı. 1935-ci ildə SSRİ Xalq Ağır Sənaye Komissarlığının azərbaycanlı mütəxəssislərin iştirakı ilə keçirilmiş kollegiya iclasında Abşeron yarımadasında sənaye müəssisələri və istilik-elektrik mərkəzi tikilməsi üçün yer seçilməsi barədə qərar qəbul edilir. Bundan bir müddət sonra yeni sənaye şəhərinin salınması üçün Abşeronun şimal-qərbində Bakıdan 30-35 km məsafədə Sumqayıt dəmir yol stansiyası yaxınlığındakı ərazi seçilmişdi.

Şəhərin təməli 1939-cu ildə sənaye obyektləri inşa edilməsi ilə qoyulmuşdu, lakin Böyük Vətən müharibəsi bu planların həyata keçirilməsini bir neçə il təxirə saldı. 1949-cu il noyabrın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verildi. Burada irimiqyaslı tikinti və infrastruktur işləri başlandı. Sumqayıt ümumittifaq beynəlmiləl tikinti meydanına çevrildi, burada bütün sovetlər ittifaqından gəlmiş mütəxəssislər və fəhlələr çalışırdı.

Qısa müddətdə, artıq 1950-ci ildə Sumqayıt respublika əhəmiyyətli şəhər kimi formalaşmışdı. O, sürətlə inkişaf edir, Qafqazın böyük sənaye mərkəzlərindən birinə çevrilirdi. 1939-cu ildə Sumqayıtda 6 min adam yaşadığı halda 1962-ci ildə şəhər əhalisinin sayı 78 min nəfərə, 1970-ci ildə isə 124 min nəfərə çatırdı. Şəhərin əhalisi əsasən bütün sovetlər ittifaqından olan gənc inşaatçılar, kimyaçılar, neftçilər, digər mütəxəssislər və fəhlələr hesabına artırdı. Buna görə də Sumqayıt sovet xalqı üçün beynəlmiləlçiliyin canlı təcəssümü idi.

Qafqazda istehsal edilən neft-kimya sənayesi məhsullarının, sintetik kauçukun, qeyri-üzvi gübrələrin, müxtəlif kimyəvi preparatların və yuyucu vasitələrin 40 faizdən çoxu Sumqayıtda istehsal edilirdi. Burada yaradılmış sənaye kompleksi tədricən İttifaqın neft-kimya sənayesində mühüm rol oynamağa başlamışdı.

1952-ci il Yeni il axşamı Sumqayıt Boru prokat zavodundakı “Stan-140” qurğusunda ilk məhsul alınmışdır. Elə həmin il burada ilk neft-kimya sənayesi müəssisəsi – Sintetik kauçuk zavodu fəaliyyətə başlamış, həmin ilin avqust ayında isə bu müəssisə ilk dəfə olaraq neft məhsullarından etil spirti, sentyabrın ayında isə sintetik kauçuk alınmışdı.

1953-cü il oktyabrın 23-də Sumqayıt Boru prokat zavodunun marten sexində ilk dəfə polad əridildi. 1955-ci il martın 8-də Zaqafqaziyada ilk metallurgiya zavodu olan Sumqayıt alüminium zavodu özünün ilk məhsulunu vermişdir.

1957-1959-cu illərdə Sumqayıtda sənaye müəssisələri ilə yanaşı, bir sıra elmi tədqiqat müəssisələri yaradılmış, çoxmərtəbəli gözəl binalar, mədəniyyət və məişət obyektləri, məktəblər və uşaq bağçaları tikilmişdi.

1954-cü ildə Sumqayıt şəhərinin Baş Planı işlənib hazırlanmış, bu layihədə Sumqayıt şəhərinin əhalisinin sayının 1970-ci ilə qədər artaraq 85 min nəfərə çatacağı nəzərdə tutulmuşdu. Lakin 1970-ci ildə əhalinin sayı artaraq 135.100 nəfərə çatmışdı.

1960-cı ildə Sumqayıtda Avropada ən böyük neft-kimya kombinatının tikintisi başlanmışdır. Kombinat fəaliyyətə başlayandan sonra burada müxtəlif neft məhsulları istehsal edilirdi.

1969-cu ildən Sumqayıtda H.Ərəblinski adına Musiqili Dövlət Dram Teatrı fəaliyyət göstərir. Sumqayıtda 47 ümumtəhsil məktəbi, 2 internat-məktəb, 1 lisey, 4 texniki peşə məktəbi, 57 məktəbəqədər müəssisə, 8 mədəniyyət evi, 6 şəhər klubu, 20 dövlət kitabxanası, 5 musiqi məktəbi, 4 orta ixtisas məktəbi, 1 rəsm qalereyası, 4 kinoteatr, 1 Tarix muzeyi, 1 mehmanxana vardır.

5.190 nəfər pedaqoji işçinin çalışdığı ümumtəhsil müəssisələrində 60.804 şagird təhsil alır. Şəhərdə Sumqayıt Dövlət Universiteti, Müəllimləri Təkmilləşdirmə İnstitutunun Sumqayıt filialı, Texniki Kollec, Tibb məktəbi, Musiqi Texnikumu, Pedaqoji seminariya və musiqi məktəbləri fəaliyyət göstərir.

Şəhərdə 30 səhiyyə məntəqəsi vardır. Bu müəssisələrdə 5.599 tibb işçisi, o cümlədən 1109 həkim və 2616 orta tibb heyət çalışır.

Sumqayıt əhalisinin sayı sürətlə artaraq 250 min nəfərə çatmışdı. Bu vəziyyətdə şəhərdə mənzil sahəsinin çatışmaması kəskin hiss edilirdi. Bu problemi həll etmək məqsədilə Sumqayıtın baş planı qəbul edildi. Həmin plana görə burada qısa müddətdə 9 və 12 mərtəbəli binalardan ibarət yaşayış massivləri salındı.

Sovet hakimiyyəti süqut edəndən və İttifaqın vahid sənaye-iqtisadi kompleksi dağılandan sonra Sumqayıtdakı fabrik və zavodların əksəriyyəti öz fəaliyyətini dayandırmışdır. Azərbaycan hökuməti şəhərin sənaye infrastrukturun bərpa edilməsi və modernləşdirilməsi üçün fəal iş aparır. Sumqayıtda gözəl şəhər və şəhərətrafı yay çimərlikləri, yaşıl parklar, bağlar, sahilyanı gözəl bulvar vardır. Hazırda Sumqayıt müasir mədəniyyət mərkəzi, restoranları, kafeləri olan, güllü-çiçəkli yaşıllıqlarla zəngin bir şəhər çevrilmişdir.

Şəhərin görməli yerləri və mühüm obyektləri:

Şəhər Tarix Muzeyi

5 teatr

Suda kukla teatrı (Azərbaycanda yeganə)

18 kinoteatr

8 mədəniyyət evi

M. Hüseynzadə adına stadion

4 kortdan ibarət mərkəzi tennis arenası

24 şəhər çimərliyi

Kimyaçıların Mədəniyyət Evi

dənizkənarı bulvar

“AF-Hotel” akvaparkı

27 otel

13 Universitet və institut

6 kollec

58 məktəb

8 lisey

5 internat

61 məktəbəqədər müəssisə

29 kitabxana

9 polis sahəsi

Fövqəladə Hallar Nazirliyinin 5 yanğınsöndürmə sahəsi

40 tibb müəssisəsi, o cümlədən 16 xəstəxana

4 uşaq poliklinikası

11 klinika

4 təcili yardım şöbəsi

3 doğum evi

2 göz mərkəzi

10 olimpiya idman kompleksi, o cümlədən 1 paralimpiya mərkəzi

38 bank

170 iaşə müəssisə, o cümlədən 70 restoran, 65 kafe, 7 fövri qidalanma məntəqəsi (Fastfud, Burger Land)

4 yataqxana

16 klub

1 dəmir yol vağzal

1 avtovağzal.

Bu gün Sumqayıt unikal infrastruktur, neft-kimya və sənaye komplekslərinə malik olan, sürətlə inkişaf edən şəhərdir. Qəbul edilmiş sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq şəhərdə kommunal problemlərin həllinə, Sumqayıtın infrastrukturunu və xarici görkəmini yaxşılaşdırmağa yönəlmiş dəyişikliklər planı həyata keçirilir.