Sumqayıt hadisələri haqqında həqiqətlər ...
Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı
Yüklə (pdf)
Sumqayıt Sumqayıt hadisələri haqqında
Yüklə (pdf)
"Sovet İmperiyasının gizlinləri – Qriqoryanın işi"

Münaqişənin tarixi

SSRİ-nin mövcudluğunun son dövründə baş vermiş ən yaddaqalan hadisələrdən biri 1988-ci ilin fevral ayında Azərbaycan SSR Sumqayıt şəhərində baş vermiş faciəli hadisələr olub. İri sənaye şəhəri olan, əhalisinin tərkibinin yekcins olmaması və beynəlmiləl xarakteri ilə fərqlənən Sumqayıtda sovet xüsusi xidmətlərinin təhrikçiliyi ilə törədilmiş millətlərarası toqquşmalar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini qızışdıran katalizator rolu oynadı.

Bu resursda Sumqayıt hadisələrinə və Qarabağ münaqişəsinə dair materiallar toplanıb, həmin hadisələrin bütün Sovet  İttifaqının sonrakı taleyinə təsiri qısaca təhlil edilib.

XX əsrin 80-ci illərinin əvvəlində Sovet İttifaqı xarici siyasətdə uğursuzluqlar, beynəlxalq aləmdə ölkənin nüfuzunun azalması, iqtisadiyyatda çətinliklər, dövlət rəhbərliyində böhran kimi hallarla səciyyəvi olan mürəkkəb bir dövr yaşayırdı. 1985-ci ilin mart ayında Mixail Qorbaçovun Sov.İKP MK-nın Baş katibi vəzifəsinə seçiləndən sonra SSRİ-də geniş miqyaslı islahatlar cəhdi - qondarma “yenidənqurma” dünya sosializm sisteminin iflası və SSRİ-nin dağılması ilə başa çatdı.

M.Qorbaçovun fərasətsiz milli siyasətindən irəli gələn daxili siyasi amillər son nəticədə İttifaqın dağılmasına gətirib çıxartdı. M.Qorbaçov və onun hakim komandası sovet quruluşunun sistemli böhranının bütün dərinliyini üzə çıxarmış Ermənistan-Azərbaycan münaqişəsinin qızışdırılmasında xüsusilə mənfi rol oynayıb.

Bu resursda erməni mənbələrində və bəzi xarici mənbələrdə Ermənistan-Azərbaycan münaqişəsinin qızışdırılması səbəbləri kimi qələmə verilən səbəblərin uydurma olduğunu göstərən çoxsaylı faktlar toplanıb. Tam əminliklə demək olar ki, bu münaqişənin səbəbi 1988-ci ilin fevralında baş vermiş Sumqayıt hadisələri deyil, bundan əvvəl, hələ 1987-ci ildə başlanmış hadisələr - Ermənistan SSR-dən azərbaycanlı əhalinin zorla qovulması olub. 1988-ci il fevralın axırlarında faciəli Sumqayıt hadisələri başlananda bu şəhərdə və Azərbaycanın digər şəhərlərində Ermənistandan qovulmuş azı 4000 qaçqın vardı. Azərbaycanlı əhalini oradan bilavasitə Ermənistan SSR-in partiya rəhbərliyi və hüquq mühafizə orqanları tərəfindən zorla deportasiya edilmişdi.

Hələ 1980-ci illərin ortalarında ermənilərin müxtəlif terrorçu və millətçi təşkilatları xeyli fəallaşmışdı. Erməni Kilsəsinin və xaricdəki erməni diasporunun dəstəyinə arxalanan bu təşkilatlar mahiyyət etibarilə faşizm xarakterli bir planı həyata keçirməyə – azərbaycanlıları Ermənistandan və Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətindən (DQMV) zorla deportasiya etməyə başladılar. Erməni millətçi, terrorçu və hərbiləşdirilmiş qruplaşmaların bütöv bir dəstəsi hələ sovet dövründə azərbaycanlı əhaliyə qarşı zorakılıq və terror metodu ilə mifik “Böyük Ermənistan” yaradılması planını həyata keçirməyə başlamışdı.

Azərbaycanlıların zorla deportasiya edilməsi və bunun ardınca 1980-1990-cı illərin axırlarında geniş miqyas almış Qarabağ münaqişəsi Rusiya İmperiyası tərəfindən Osmanlı Türkiyəsindən, İrandan və Yaxın Şərq ölkələrindən ermənilərin bu regiona köçürülməsindən sonra başlanmış iki yüz illik siyasətin – azərbaycanlı əhalinin öz tarixi torpaqlarından sıxışdırılması siyasətinin tərkib hissələrindən biridir.

Bu münaqişədə Azərbaycan terrorun və hərbi əməliyyatların hədəfinə çevrildi. Birinci Qarabağ müharibəsi nəticəsində Ermənistan Azərbaycan ərazilərinin təqribən 20 faizini işğal edib, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, hərbi əməliyyatlar zamanı 20.000-dən çox insan həlak olub.