Sumqayıt hadisələri haqqında həqiqətlər ...
Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı
Yüklə (pdf)
Sumqayıt Sumqayıt hadisələri haqqında
Yüklə (pdf)
"Sovet İmperiyasının gizlinləri – Qriqoryanın işi"

İfadələrdən çıxarışlar

Kütləvi iğtişaşlar baş verdiyi dövrdə Sumqayıt şəhərində yaşamış və işləmiş hüqüq mühafizə, partiya və sovet orqanlarının işçilərinin ifadələrindən çıxarışlar

Sumqayıt şəhər Daxili işlər şöbəsinin partiya komitəsinin sabiq katibi Xancanov Hüseynağa Ağayar oğlu ifadəsində göstərmişdir ki, ilk qarşıdurmalar fevralın 27-də qeydə alınmışdır. Ayın 28-də isə şəhərdə artıq 12 nəfərin öldürülməsi faktı qeydə alınmışdır. Daxili işlər şöbəsinin o vaxtkı rəisi vəzifəsini icra edən, hazırda pensiyada olan milis podpolkovniki Xanlar Cəfərov, vəziyyətə nəzarət etmək üçün şəhərə göndərilmiş general Krayevdən «Nasosnı» (indiki H.Z.Tağıyev) qəsəbəsində yerləşdirilmiş qoşun hissələrinin Sumqayıta yeridilməsinə göstəriş verməsini xahiş etdikdə, general Krayev ona «beş-on xuliqanın da öhdəsindən gələ bilmirsiniz» deyə kömək etməkdən imtina etmişdir. Bu səbəbdən itkilərin sayı  artmış və ötən növbəti gün ərzində daha 20 nəfərin öldürülməsi qeydə alınmışdır. Öldürülənlərin 26-sı erməni, 6 nəfəri isə azərbaycanlı olmuşdur. Yalnız bundan sonra şəhərə qoşun hissələri yeridilmiş, komendant saatı tətbiq edilmişdir. Şəhərə yeridilmiş ordu hissələrinin əsgərləri azərbaycanlılarla kobud davranmış, günahsız insanları həbs etmiş, onlara qarşı fiziki zor işlətmişlər. Onlara tapşırılmışdır ki, tutulanlar ermənidirsə, onları dərhal buraxsınlar. Bu səbəbdən erməni təxribatçılar ələ keçməmişlər. Fevralın 28-də şəhər prokuroru İsmət Qayıbov baş vermiş cinayət faktları ilə əlaqədar cinayət işi başlasa da, artıq 2 gün sonra Moskvadan göndərilmiş SSRİ Baş Prokurorluğunun istintaq qrupu cinayət işini öz icraatına götürmüş, Sumqayıtın və ümumiyyətlə Azərbaycanın hüquq mühafizə orqanlarının əməkdaşlarını isə istintaq-əməliyyat tədbirlərindən kənarlaşdırmışlar. Belə bir şəraitdə ermənilərin qabaqcadan, qeyd-şərtsiz zərərçəkmiş tərəf kimi tanınması asanlaşmış, tutulan ermənilərin hamısı səhvən yaxalanmışlar kimi azadlığa buraxılmışlar.

      H.Xancanovun özünü SSRİ DTK-nin baş müstəntiqi, polkovnik Zubtsev adlı birisi şəxsən sorğu-sual etmiş, on yeddi gün hər gün ona izahat yazdırmışdır. O, Zubtsevə bu cinayətlərin ermənilərin təxribatı olması barədə izahat verəndən sonra Zubtsev ona demişdir ki, bunu təkcə siz demirsiniz, bir çoxları deyir və vəd etmişdir ki, araşdırma aparacaq. Bundan sonra onlar hadisələrin baş verdiyi 3-cü mikrorayon ərazisinə getmişlər. Burada binaların dağıdılması sistemli şəkildə həyata  keçirilmişdir. Binaların aşağı mərtəbələrində yaşayan erməni ailələri və onların mənzilləri heç bir zərər görmədiyi halda, yuxarı mərtəbələrdə yaşayan erməni ailələri və onların mənzilləri hücuma məruz qalış, adamlar öldürülmüş, mənzillər qarət olunmuş və əmlak sındırılıb-dağıdılmışdır. O, bütün bunları Zubtsevə göstərib həmin vəziyyətin hansı səbəblərdən baş verə biləcəyini ona izah etmiş, bildirmişdir ki, əgər azərbaycanlılar həqiqətən erməniləri öldürmək niyyətində olsaydılar, elə aşağı mərtəbələrdəki mənzillərə soxular və orada yaşayan erməniləri öldürərdilər. Amma qətllər xüsusi plan və sxem əsasında həyata keçirilmişdir. Özünün apardığı araşdırmalar göstərmişdir ki, «Krunk» millətçi təşkilatına üzvlük haqqı ödəyən ermənilərə heç nə olmamış, qətlə yetirilən və xəsarət alan ermənilər isə bir qayda olaraq ermənilərin kasıb olanları və «Krunk»a pul ödəmək iqtidarında olmayan ailələrin nümayəndələri olmuşdur. Zubtsev onun dediklərini başa düşmüş, bir istintaqçı və kriminalist kimi cinayətlərin baş vermə səbəblərini və mexanizmini anlamış, geri qayıdarkən yolda ona: «Sizə inanıram və dediklərinizi faktlar da sübut edir. Amma siz kimə arxayınsınız? Heydər Əliyevə? O ki, artıq yoxdur», deyə bildirmişdir.

      İş üzrə dindirilmiş Sumqayıt şəhərinin keçmiş güc strukturlarının işçilərinin bir neçəsi (R.Əliyev, T.Məmmədov, F.Camalov və qeyriləri) göstərmişlər ki, onlar faktiki olaraq Sumqayıt hadisələrinin istintaq və əməliyyat yolu ilə təhqiqindən kənarlaşdırılsalar da, müəyyən etmişlər ki, Sumqayıt şəhərində özlərini «Qafandan qovulmuş azərbaycanlılar» kimi təqdim edən 20-25 nəfərdən ibarət təxribat qrupu fəaliyyət göstərir. Bu barədə onlara hətta bəzi zərərçəkmiş ermənilər də məlumat vermişlər. Həmin məlumatlar SSRİ Baş Prokurorluğunun istintaq-əməliyyat qrupuna çatdırılsa da məlum olmayan səbəblərdən həmin məlumatların yoxlanması təşkil edilməmiş və nəticəsiz qalmışdır.       Eyni məzmunda ifadə SSRİ Baş Prokurorluğunun istintaq qrupunda tərcüməçi kimi fəaliyyət göstərmiş Nofəl Əhmədov tərəfindən verilmişdir. O göstərmişdir ki, istintaq-əməliyyat qrupunun üzvləri öz aralarında yuxarıda qeyd olunan təxribat qrupu barədə məlumat aldıqlarını dəfələrlə bildirsələr də, həmin təxribat qrupunun ifşa edilməsi üçün tədbirlər görməmişlər.

     SSRİ Baş Prokurorluğunun istintaq qrupuna daxil edilmiş Azərbaycan Respublikası hüquq mühafizə orqanlarının əməkdaşlarından Şirin Məmmədov, Nadir Məmmədov, İlham Yusifov, Eldəniz Hüseynov, Malik Səfərov, Mirəziz Nəsirov, İlham Məmmədov, Məhərrəm Məhərrəmov, İlham Quliyev və qeyrilərinin ifadələrindən görünür ki, onlar Sumqayıt hadisələrinin istintaqını aparmış SSRİ Baş Prokurorluğunun istintaq qrupunun tərkibində fəaliyyət göstərmiş, istintaq qrupunun rəhbəri SSRİ Baş Prokurorluğunun xüsusilə mühüm işlər üzrə baş müstəntiqi Qalkin familiyalı bir nəfər olmuş, iş üzrə əsas istintaq hərəkətlərini SSRİ Baş Prokurorluğundan və RF-nın müxtəlif vilayətlərindən dəvət olunmuş müstəntiqlər icra etmiş, aparılan istintaq hərəkətlərindən onlar belə nəticəyə gəlmişlər ki, Sumqayıt hadisələrini ermənilər və xarici dövlətlərin xüsusi xidmət orqanları təşkil etmiş, istintaq qrupunun rəhbərləri cinayətin sifarişçilərinin və təşkilatçılarının müəyyən edilməsi istiqamətində demək olar ki, istintaq hərəkətləri aparmamış, onların ifşa olunmasında maraqları olmamış və buna görə də əsas cinayətin icraçıları barəsində işlərin tezliklə tamamlanıb məhkəməyə göndərilməsini tələb etmiş və azərbaycan millətindən olan müstəntiqlərin əsas istintaq hərəkətlərinin icra olunmasından kənarda saxlamağa çalışmışlar.

      Vəlixanov Niyazi Asif oğlu ifadə verərək göstərmişdir ki, yaradılmış istintaq briqadası prokurorluq, DİN-yi, DTK-nın müstəntiqlərindən və DİN-nin, DTK-nın əməlyyatçılarından ibarət idi. Kütləvi iğtişaşlar zamanı baş vermiş epizodların istintaqının aparılması üçün müstəntiqlərdən və əməliyyatçılardan ibarət ayrı-ayrı istintaq qrupları yaradılmış və həmin epizodlar bu qrupların arasında bölüşdürülmüşdür. Həmçinin kütləvi iğtişaşların təşkilatçıları barəsində də ayrıca qrup yaradılmışdır. İğtişaşların təşkilatçılarına dair hər hansı bir istintaq qrupu məlumat əldə edərdisə həmin qrupa məlumatları ötürməli idi. Məlum olmuşdur ki, həmin iğtişaşlarda milliyətcə erməni olan Qriqoryan Eduard Robertoviç də fəal iştirak etmişdir. Eduard Qriqoryan çox bic və ehtiyatlı olmaqla, üzləşdirmələr zamanı digər təqsirləndirilən şəxslərə təsir göstərməyə çalışmışdır. İstintaq zamanı təsəvvür yaranırdı ki, iğtişaşlar kənardan təşkil olunmuşdur.

     İstintaq zamanı birmənalı bəlli olmuşdur ki, Sumqayıtda iğtişaşların baş verməsi müəyyən dairələrin marağında olmuşdur.

     1991-ci ilin avqust ayında Moskvada baş vermiş çevriliş cəhdi ilə əlaqədar başlanmış cinayət işi üzrə yaradılan istintaq qrupun tərkibində o, intihar etmiş sabiq SSRİ Daxili işlər naziri Boris Puqonun xidməti otağında aparılan axtarış zamanı otaqda olan rəflərdəki sənədləri nəzərdən keçirərkən Mesxeti türklərinin Özbəkistandan qovulması, Dağlıq Qarabağ və digər bu cür hadisələrlə əlaqədar ayrı-ayrı qovluqlar olduğunu, qovluqları vərəqləyərkən həm Dağlıq Qarabağda fəaliyyət göstərmiş «Krunk» təşkilatı, onların üzvləri barədə, həm Qarabağla bağlı hadisələr barədə SSRİ DİN-nə ilk günlərdən məlumatların daxil olduğunu görmüşdür. Bu məlumatlar həm Ermənistan, həm Azərbaycan DİN-nin arayışlarından, həm də SSRİ DİN-nin müvafiq idarələrinin məlumatlarından ibarət olmuşdur. Məlum olmuşdur ki, bütün baş verən hadisələr barədə SSRİ rəhbərliyinin ilk günlərdən məlumatı olmuş, lakin hərəkətsizliyə yol verilmişdir.

     N.Vəlixanovun ifadəsindən həmçinin görünür ki, 1989-cu ilin yanvar ayında SSRİ Baş prokurorunun müavini A.Katusev Sumqayıta gəlmiş və həbsdə olan təqsirləndirilən şəxslər barəsində cinayət işlərinin istintaqının qısa müddətdə başa çatdırılmasını tələb etmişdir. Bundan sonra bütün qüvvə ilk növbədə təqsirləndirilən şəxslər barədə işlərin tamamlanmasına yönəlmişdir.

     İstintaq qrupunun tərkibində müstəntiq kimi fəaliyyət göstərmiş hazırda Baş Prokurorluğun MT və FH Nazirlikləri, DSX-də istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru vəzifəsində işləyən İbrahimov Akif Qüdrət oğlu ifadəsində göstərmişdir ki, istintaq qrupunun rəhbəri Qalkinin hər həftə keçirdiyi müşavirələrin birində ona belə bir sualla müraciət etmişdir ki, Sumqayıt şəhərində təxminən 135-ə yaxın erməni evində talan olmasına baxmayaraq, öldürülənlərin sayı dəfələrlə az olmuş, buradan belə nəticəyə gəlmək olar ki, evlərində talan olmuş ermənilərin bəziləri əvvəlcədən hadisələr törədiləcəyindən xəbərləri olmuş və yaxud bu barədə xəbərdar edildiklərindən evlərini tərk etmişlər.

      A.İbrahimov həmçinin bildirmişdir ki, onun qaldırdığı məsələ maraqla qarşılanmış və Qalkin bu məsələnin istintaq yolu ilə araşdırılmasına göstəriş vermiş, lakin onun bu göstərişi icrasız qalmışdır. A.İbrahimov bununla da belə bir nəticəyə gəlmişdir ki, istintaq tam, hərtərəfli və obyektiv aparılmamış, müstəntiqlər yalnız cinayətin icraçıları barədə istintaq aparmış, cinayətin təşkilatçılarının müəyyən edilməsi ilə əlaqədar heç bir araşdırma aparılmamış, baxmayaraq ki, cinayət işinin materiallarında Sumqayıt hadisələrinin əvvəlcədən müəyyən qüvvələr tərəfindən təşkil olunaraq həyata keçirilməsi barədə kifayət qədər əsaslar olmuşdur.

     A.İbrahimovun ifadəsindən həmçinin görünür ki, hadisələrdən 2-3 gün sonra Bakıda Respublika xəstəxanasının həyətində yerləşən morqda SSRİ Baş Prokurorluğunun Kriminalistika idarəsinin, indi ad və soyadını xatırlamadığı bir əməkdaşının eybəcər hala salınmış meyitlərin video çəklişini aparmasını görərək, meyitlərin heç bir prosessul sənəd tərtib etmədən və hadisə yerindən kənarda belə çəkilişinin aparılmasına öz etirazını bildirmiş və sonradan həmin çəkilişlərdən Fransa televiziya kanallarının birində istifadə olunması barədə eşitmişdir.

     Bu hadisələrlə əlaqədar Azərbaycan SSR Ali Məhkəməsində Eduard Qriqoryan və 6 azərbaycanlının ittiham olunmalarına dair cinayət işinə baxılarkən dövlət ittihamını müdafiə etmiş Azərbaycan SSR Prokurorluğunun cinayət işlərinə məhkəmələrdə baxılması üzərində nəzarət şöbəsinin prokuroru olmuş İsmayılov Aslan Ziyəddin oğlunun ifadəsindən görünür ki, kütləvi iğtişaşlar əvvəlcədən yüksək səviyyədə SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən təşkil olunmuş, iğtişaşların təşkilatçılarının müəyyən olunması istiqamətində istintaq demək olar ki, aparılmamış, istintaqçılar yalnız iğtişaşın azərbaycanlılar olan icraçılarının tutulub məsuliyyətə cəlb edilməsi ilə kifayətlənmiş, o bu nəticəyə istintaq materialları ilə ətraflı tanış olduqdan sonra və məhkəmə prosesində apardığı müşahidələr əsasında gəlmişdir.

     Aslan İsmayılov ifadəsində göstərmişdir ki, qeyd edilən cinayət işinin məhkəmə prosesində istintaqını aparmış SSRİ Prokurorluğunun istintaq qrupunda fəaliyyət göstərən təsadüfən tanış olduğu Niyazi adlı (Vəlixanov) müstəntiqin köməkliyi ilə həmin istintaq qrupunun üzvü olan, hazırda ad və soyadını xatırlamadığı rus millətindən olan dövlət təhlükəsizliyi komitəsinin müstəntiqi ilə görüşmüş, həmin görüşdə müstəntiq ona iğtişaşlarda təxribat törətmiş «qara plaşlılar» dan olan iki nəfərin şəxsiyyətini müəyyən edərək bu barədə məlumatları istintaq qrupunun rəhbəri Vladimir Qalkinə verdiyini etiraf etmiş, lakin sonradan həmin materialları cinayət işində aşkar etməmişdir.

     Həmçinin, Aslan İsmayılov ifadəsində proses zamanı özünü şübhəli apardığına görə Ali Məhkəmənin ad və soyadlarını xatırlamadığı iki əməkdaşının köməkliyi ilə milliyətcə erməni olan DTK-nin «Saturyan» və ya «Saturov» soyadlı bir əməkdaşını tutaraq Ali Məhkəmənin o vaxtkı sədri Hüseyn Talıbova təhvil verməsini göstərmişdir.

      Aparılmış hazırki istintaqla o vaxtlar Azərbaycan SSR DTK-də iki nəfər «Saturyan» soyadlı əməkdaşın çalışdığı müəyyən edilmişdir. Aslan İsmayılov şəkillər vasitəsi ilə həmin əməkdaşlardan birini, DTK-nin DQMV üzrə şöbəsinin əməkdaşı olan Saturyan Levon Akopoviçi tanımışdır.

     Aslan İsmayılov daha sonra ifadəsində göstərir ki, dövlət ittihamçısı kimi prosesin sonunda çıxış edərək təqsirləndirilənlərdən Eduard Qriqoryan və Vaqif Hüseynova ölüm cəzası verilməsini tələb etmiş, lakin gözləmədiyi halda prosesə sədrlik edən hakim Mansur İbayev onların hər ikisinə ölüm deyil, azadlıqdan məhrum etmə cəzası vermiş, cinayət işinin bir hissəsini isə əlavə istintaqa qaytarmışdır.

      E.Qriqoryan və qeyrilərinin ittiham olunmalarına dair cinayət işinə baxmış Azərbaycan SSR Ali Məhkəməsinin üzvü Mansur İbayev göstərmişdir ki, cinayət işinə baxarkən müəyyən etmişdir ki, iş üzrə yalnız icraçılar məsuliyyətə cəlb olunmuş, həmin cinayətləri təşkil edənlərin erməni millətindən olan şəxslər olması barədə işdə kifayət qədər məlumatlar olsa da, istintaq orqanı onların tapılıb məsuliyyətə cəlb edilmələri üçün heç bir tədbir görməmişdir. Ona görə də həmin cinayətləri təşkil etmiş şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilmələri üçün cinayət işinin bəzi epizodları üzrə işi əlavə istintaq aparılmasından ötrü istintaq orqanına qaytarmışdır.


      DTK-nın Sumqayıt şəhər şöbəsinin sabiq əməkdaşı Hacıəliyev Hacıəli Yarəli oğlu ifadəsində göstərmişdir ki, Sumqayıt hadisələrinin əsas təşkilatçılarından və icraçılarından biri olan «Paşa» ləqəbli Qriqoryan Eduard Robertoviç barəsində məlumat alaraq, bu barədə SSRİ DTK-nın Sumqayıt hadisələri üzrə əməliyyat sahəsinə rəhbərlik edən Popov Yevgeni Alekseyeviçə məlumat vermiş, lakin o, buna şübhə ilə yanaşaraq, milliyyətcə erməni olan şəxsin ermənilərə qarşı törədilən cinayətləri təşkil edə biləcəyinə inanmadığını demişdir. Təxminən mart ayının əvvəllərində DTK-nın Sumqayıt şöbəsinin rəisi Lebedev Vladimir Nazaroviç onu çağıraraq, onun Eduard Qriqoryan barədə verdiyi məlumatın doğru çıxdığını və sonuncunun artıq həbs olunduğunu xəbər vermişdir. Hacıəliyevin ifadəsinə görə tapşırığa əsasən Eduard Qriqoryanın hadisələrdə iştirakı və onun əlaqələrinin müəyyən edilməsi üçün qeydiyyat-əməliyyat işi açmış, əməliyyatın gedişində Eduard Qriqoryanın əslən Qarabağdan olan, milliyyətcə erməni olan «Osipov» və ya «Osipyan» soyadlı bir şəxslə hadisələr ərəfəsində dəfələrlə görüşüb uzun-uzadı söhbətlər aparması müəyyən edilmişdir. Sonradan Osipovun (Osipyanın) Özbəkistan SSR ərazisində yerləşən islah-əmək müəssisəsində cəza çəkməsi barədə məlumat aldıqda H.Hacıəliyev Özbəkistanın müvafiq orqanlarına sorğu göndərmək qərarına gəlmiş, lakin SSRİ DTK-dan gəlmiş nümayəndələr həmin sorğunu müxtəlif bəhanələr gətirərək, imzalamaqdan və göndərməkdən imtina etmişlər.

      Hacıəli Hacıəliyev həmçinin göstərmişdir ki, SSRİ Baş Prokurorluğunun istintaq qrupu yalnız kütləvi iğtişaşların icraçıları ilə maraqlanmış, cinayətin təşkilatçılarının müəyyən edilməsi istiqamətində obyektiv iş aparmamış, cinayətin təşkilatçıları barədə verilən əməliyyat tapşırıqlarının nəticələri ilə maraqlanmamışdır.

      Sumqayıtda ermənilərin təxribat törətmələri onlardan bəzilərinin hadisələr dövründəki davranışlarından da aydın görünmüşdür. Belə ki, Sumqayıt şəhərinin baş pediatrı Quliyeva Xalidə Şirin qızı ifadəsində göstərmişdir ki, şəhərdə qarşıdurma baş verdikdən dərhal sonra şəhərdə tibb işçilərindən ibarət xüsusi qərargah yaradılmış, təcili tibbi yardım maşınları yaralıları xəstəxanalara daşımış və onlara lazımi yardım göstərilmişdir. Milliyyətcə erməni olan Amalya adlı tibb bacısı ona yaxınlaşıb xəbər vermişdir ki, ölən ermənilərin hamısı Qarabağ əsillilərdir. 

      X.Quliyeva daha sonra göstərmişdir ki, Sumqayıtdakı hadisələr ərəfəsində Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya komitəsində çalışanlardan biri Sumqayıtda yaşayan və 2 №-li uşaq poliklinikasında baş tibb bacısı işləyən Svetlana adlı bacısına zəng vurub şəhərdə tezliklə qarşıdurma yaranacağını xəbər verib tapşırmışdır ki, şəhəri tərk etsin. 

Sumqayıt hadisələrindən bir neçə ay sonra pediatrların Ümumittifaq qurultayında Ermənistan nümayəndə heyətinin tərkibində Dağlıq Qarabağdan olan Nelli Qriqoryan adlı-soyadlı həkim fasilə zamanı ona yaxınlaşaraq, adamların az olduğu yerə çəkilib söhbət etmələrini xahiş etmiş, söhbət zamanı bildirmişdir ki, Dağlıq Qarabağda vəziyyət getdikcə gərginləşir, mitinqlərdə iştirak etməyənləri, uydurma «soyqırımı»nı dəstəkləməyənləri ləkələyir, müxtəlif bəhanələrlə həbs edirlər. Ermənilər Azərbaycanda da xüsusi planlar hazırlayır və həyata keçirməyə çalışırlar, hətta Sumqayıtda da bu istiqamətdə hazırda da təbliğat aparılır. Sumqayıt hadisələri zamanı həlak olan ermənilərin qohumlarına deyirlər ki, onlar «Krunk»un üzvü olsaydılar, sağ qalardılar. 

      Hadisələr dövründə Sumqayıt şəhərinin tabeçiliyində olan H.Z.Tağıyev adına qəsəbədəki hərbi qarnizonda məskunlaşdırılmış ermənilərə göstərilən tibbi yardımın vəziyyətinə nəzarət etmək üçün buradakı qospitalda olarkən ona xəbər verilmişdir ki, tibbi nəzarətdə ağır xəstə olan bir erməni uşağı vardır və ermənilər xəstə uşağın sağalma ehtimalının az olmasını bildiklərindən onu öldürüb sonra bunu azərbaycanlıların boynuna atmaq istəyirlər ki, guya azərbaycanlılar xəstə erməni uşağını öldürüblər. Həmin söhbəti eşidən kimi o, həmin uşağın yatdığı palataya yaxınlaşmış və orada tanıdığı, erməni millətindən olan Silva adlı 1 nömrəli doğum evinin tibb bacısını görüb işarə ilə kənara çağırmış və Silva az sonra ona yaxınlaşıb xəbər vermişdir ki, ermənilər uşağın anasına deyirlər ki, «onsuz da uşaq gələcəkdə şikəst olacaq, qoy ölsün, aparaq meyiti Sumqayıtın mərkəzi meydanında, Leninin heykəlinin yanında qoyaq, qoy görsünlər ki, azərbaycanlılar erməni uşaqlarına da rəhm etmirlər». Onlar dərhal əsgərlərin köməkliyi ilə həmin uşağı daha ciddi nəzarət altına almış və tibbi yardım göstərdikdən sonra uşağın vəziyyəti yaxşılaşmışdır.

      Ermənilər özləri də etiraf etmişlər ki, Sumqayıt hadisələri olmasaydı Dağlıq Qarabağ münaqişəsi tamam başqa cür inkişaf edəcəkdi, Stepanakertdəki (Xankəndi) mitinqlər səngiyəcək və daşnakların planları alt-üst olacaqdı.

      Həmin dövrdə Sumqayıt şəhər partiya komitəsinin ikinci katibi işləmiş Mələk Bayramovanın, şəhər Xalq Deputatlar Sovetinin İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmiş Məmmədov Təvəkkül Yaqub oğlunun və qeyrilərinin ifadələrindən görünür ki, şəhər rəhbərliyi və yerli güc strukturlarının fəaliyyəti Moskvadan göndərilmiş general Krayev və qeyrilərinin göstərişi və əmrləri ilə iflic vəziyyətinə salınmışdır.

      «Sumqayıt» qəzetinin redaktoru Məlikov Qüdrət Balakişi oğlu ifadəsində göstərmişdir ki, şəhərdə məlum hadisələr baş verdikdən sonra onlar yerli «Sosialist Sumqayıtı» qəzetinin növbəti nömrəsinin maketini çap etmək üçün hazırlamışlar. Lakin Moskvadan təyin edilmiş Krayev soyadlı hərbi komendant qəzetin çap edilməsinə icazə verməmiş və demişdir ki, hadisəni onların yazdığı kimi «ekstremistlər» deyil, bir yığın xuliqanlar törətmişlər, qəzetdə «ekstremistlər» barədə yazmaq olmaz. Moskvadan gəlmiş nümayəndə hətta onların məsələlərinə büroda baxılacağı və cəzalandırılacaqları ilə hədələmişdir.

      Sumqayıt şəhər partiya komitəsinin sabiq təlimatçısı Rəhimov Seyfəddin Kərim oğlu ifadəsində göstərmişdir ki, Sumqayıtdakı həmin məlum hadisə günlərdə insanları sakitləşdirmək üçün mitinq iştirakçıları arasında söhbətlər aparmışlar. Lakin eyni zamanda meydanda anti-erməni təbliğatı aparan, özlərini Ermənistandan qaçıb gəlmiş və guya bir avtobus meyit gətirmiş şəxslər kimi təqdim edən yerli adama oxşamayan kişi və qadınlar da peyda olmuşlar. Xatırlayır ki, bir sarı rəngli, «PAZ» markalı avtobusda belə bir dəstə mərkəzi meydanda da görünmüşdür. Avtobus mitinq iştirakçılarının ortasında dayananda avtobusdan çığırtılar eşidilmişdir. Avtobusun qapıları açılanda, onun içindən guya öldürülmüş insanların ayaqları görünürmüş. Avtobusdan düşən qara geyimli gənc kişi və qadınlar qışqıra-qışqıra Ermənistanda ermənilərin azərbaycanlıları qırmaları, qadınların döşlərini kəsmələri və s. barədə ağlar səslə danışıb ermənilərdən qisas almağa çağırışlar etməyə başlamışlar. Mitinq iştirakçılarından kimsə onların yalan dediyini qışqırdıqda, avtobusdan düşən şəxslərdən biri həmin mitinq iştirakçısına tərəf dönüb: «sən özün ermənisən» deyə camaatı onun üstünə qızışdırmış və ətrafındakılara «bunlardan hay çıxan deyil, mən bilirəm, ermənilər harada yaşayırlar» deyərək, bir qrup şəxsi öz arxasınca aparmışdır.

      Sumqayıt şəhərinin psixiatrı Tağıyev Mail Bağı oğlu ifadəsində göstərmişdir ki, 1988-ci ilin fevral ayının əvvəllərində o, məzuniyyət vaxtı Soçidə dincələrkən təsadüfən Sumqayıtda o vaxt rus dilində çıxan «Kommunist Sumqaita» qəzetinin müxbiri işləyən Anaida Martirosyan adlı-soyadlı qadınla rastlaşmış və fevralın 10-da Sumqayıta qayıdacağını bildirərək, bir yerdə qayıtmağı təklif etmişdir. Anaida isə demişidir ki, o, Sumqayıta bu tezliklə qayıtmaq istəmir, martın ortaları üçün qayıtmağı planlaşdırır. O təəccübünü bildirdikdə, Anaida demişdir ki, onun məzuniyyəti uzun deyil, amma bilir ki, tezliklə Sumqayıtda böyük xoşagəlməz hadisələr baş verəcək, o, bu səbəbdən Sumqayıtda olmaq istəmir. O, Anaidanın bu sözlərinə o qədər də əhəmiyyət verməsə də, hadisələr başlayanda Anaidanın sözləri yadına düşmüş və anlamışdır ki, Anaidaya Sumqayıtda ermənilər tərəfindən təxribat törədiləcəyi məlum imiş.

      Həkim olduğu üçün Sumqayıtda yaşayan ermənilərin əksəriyyətini tanımış və hadisə günlərində tibbi yardım üçün müraciət edən və ya gətirilən ermənilərin hamısının ermənilərin ən kasıb və sakitlərinin olduğunu görmüşdür. Erməni tanışları ilə o vaxtkı təmaslarından ona məlum olmuşdur ki, Sumqayıtda «Krunk» təşkilatının emissarı o vaxt Qarabağdan Sumqayıta hərbi komissar kimi dəyişdirilib göndərilmiş Kalantarov soyadlı erməni polkovnik olmuşdur. O, buradakı ermənilərin hamısının siyahısını və ünvanlarını bilmiş və hadisələr ərəfəsində iş yerini dəyişmək adı ilə aradan çıxmışdır.

     Sumqayıt şəhərində TTYX-də tibbi bacısı işləyən Əliyevə Faiqə Zeynal qızı ifadəsində göstərmişdir ki, hadisələr zamanı çağırış üzrə mənzillərində olduqları milliyətcə erməni mənzil sahibləri onların Ermənistandan gələn ermənilər tərəfindən vurulduqlarını demişlər. O həmçinin göstərmişdir ki, onlarla işləmiş milliyətcə erməni İsraelyan Sveta, bacısı Rima, Vlasyan İrina hadisələrdən qabaq onlara «siz axırını gözləyin, sizi qıracağıq, partladacağıq» kimi sözlər işlətmişlər.

     Sumqayıt şəhəri Tibbi İdman dipanserinin həkimi işləmiş Hüseynov Tofiq İsmayıl oğlu ifadəsində işlədiyi dispanserin baş həkimi milliyətcə erməni olan Avakyan Voldyanın «nə qədər ki, Heydər Əliyev Moskvadadır biz planlarımızı həyata keçirə bilməyəcəyik» kimi ifadələr işlətdiyini, Avakyanın işdən sonra hər gün otağına yerli sakin olmayan naməlum şəxslərin yığışaraq gizli olaraq nəyi isə müzakirə etdiklərinin şahidi olduğunu göstərmişdir.
     TTYS-nın tibb bacısı işləmiş Əlirzayeva Minayə Musa qızının ifadəsindən görünür ki, onlarla bir yerdə tibb bacısı işləmiş, milliyətcə erməni olan hazırda soyadını xatırlamadığı Raya adlı qadın ona bildirmişdir ki, hadisələrin birinci günü onun yaşadığı mənzilə 3-4 nəfər qara plaşlı daxil olaraq ailə üzvlərinə qarşı zorakılıq etmək istəmiş, onlar rus dilində danışmış, ləhcələrindən erməni olduqlarını hiss etmiş, ona görə də onlarla erməni dilində danışmış , onlar da ona erməni dilində cavab vermiş və onların danışıqlarından belə qənaətə gəlmişdir ki, onlar milliyyətcə ermənidirlər, o həmin adamlara diz çökərək erməni dilində yalvarmış, buna baxmayaraq onlar bütün ev əşyalarını balkondan çölə ataraq yandırmışlar.
     TTYX-nın həkimi Quliyev Cəfər Əsəd oğlu dindirilərkən göstərmişdir ki, hadisələrin ilk günlərində o qarın nahiyyəsindən aldığı bıçaq yarası ilə xəstəxanaya daxil olmuş Aram Babayan adlı bir ermənini əməliyyat etmiş və həmin adam ona demişdir ki, onu Bakıdan Sumqayıt şəhərinə gəlib avtovağzalda avtobusdan düşərkən əvvəllər üzdən tanıdığı milliyətcə erməni olan Edik adlı şəxs bıçaqla vurmuş, həmin hadisədən bir neçə gün sonra televiziyada onu vuran adamı tanımış və onun Eduard Qriqoryan olduğuna bir daha əmin olmuşdur.
     Həmçinin Cəfər Quliyev ifadəsində hadisələr vaxtı üzərində cərrahiyyə əməliyyatı apardığı Sonya adlı erməni qadınının onu Qarabağdan olan bir erməninin  vurmasını deməsini, bundan başqa hadisələr zamanı şəhər partiya komitəsinin yerləşdiyi binanın qarşısında olan tribunanın yanında iki nəfər qara saqqallı, qara plaşlı şəxslərin öz aralarında erməni dilində danışdıqlarını eşitdiyini, işlədiyi xəstəxananın işçiləri olan milliyyətcə erməni Sarkisyan Ella, Lena və Elmira adlı qadınların başqa tibb müəssisələridən gələn şəxslərdən pul toplayaraq harasa göndərdiklərinin şahidi olmasını göstərmişdir.
     Eyni zamanda istintaqla müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 1/48, mənzil 38 ünvanda yaşamış Artaş Qriqoryan ekstremizm hərəkətlərinə meylli olmuşdur.
     Belə ki, göstərilən şəxsin qonşuluğunda yaşayan Qasımova Nina Vasilyevna ifadəsində göstərmişdir ki, 1987-ci ilin axırlarıdan işlədiyi «Sintezkauçuk» zavodunda işləyən ermənilərin azərbaycanlılara, sonra isə hətta ruslara da qarşı münasibətlərinin dəyişdiyini müşahidə etmiş, onların birlikdə yığışıb öz dillərində söhbətlər aparmalarını, təbliğat vərəqələrinə oxşayan erməni dilində qəzetlər oxumalarını görmüşdür. Qonşuluğunda yaşayan Artaş Qriqoryan da qonşuları ilə münasibətlərini dəyişmiş, başqa millətdən olan qonşularla ünsiyyət saxlamamış, onun yanına yerli sakinlərə oxşamayan erməni millətindən olan şəxslər, Ermənistan nömrələri ilə avtomaşınlar gəlmiş, aralarında nə isə öz dillərində söhbətlər aparmışlar. Kütləvi iğtişaşlar ərəfəsində Artaş və həmin binada yaşayan digər ermənilər şəhəri tərk etmişlər. İğtişaşlarda iştirak etmiş şəxslər barədə o göstərmişdir ki, həmin şəxslər hündür boy, idmançı bədən quruluşuna malik cavan oğlanlar olmuş, onlar rus dilində danışmış və yerli sakinlərə oxşamamışlar. 
     Şahid qismində dindirilmiş Bayramova Natavan Ənvər qızı göstərmişdir ki, boru prokat zavordunda onunla bir laboratoriyada işləmiş Anatoli Davidyan, həm də onun qonşuluğunda yaşamışdır. 1987-ci ildən sonuncunun iş yoldaşları ilə rəftarı dəyişmiş, azərbaycanlılarla ünsiyyət saxlamamış, fasilə vaxtını digər bölmələrdə işləyən ermənilərlə birlikdə keçirməyə başlamışdır. Bir neçə dəfə sonuncunun masasında erməni dilində müxtəlif sənəd və məktublar, pul köçürmələri, qəbzləri görmüşdür. Bundan başqa A.Davidyanı bir neçə dəfə erməni millətindən olan tanımadığı şəxslərlə birlikdə öz dillərində danışan zaman görmüş, sonuncunun yanına Ermənistan nömrələri olan avtomaşınlar gəlib getmişdir. Bir iki dəfə sonuncu Dağlıq Qarabağın erməni torpağı olduğu barədə və bu torpaqlar səhvən Azərbaycana verildiyi barədə söhbətlər etməyə çalışmış, lakin digər işçilərin mənfi reaksiyasını görüb bu cəhdlərinə son qoymuşdur. 
     Zeynalov Bəxtiyar Məhmudəli oğlu qonşuluğunda yaşayan Kamo Tamrasyan haqqında eyni məzmunlu ifadə vermişdir. 
     Həmidova Leyla Əmrulla qızı şahid qismində dindirildiklə göstərmişdir ki, 1987-ci ilin axırlarında qonşuluqda yaşamış Artaş Qriqoryanın rəftarı Dağlıq Qarabağ problemi ilə əlaqədar dəyişmişdir. Bir neçə dəfə axşam vaxtı onu digər ermənilərlə öz dillərində, ara-bir rus cümlələri işlədərək danışdığı zaman görüb sözlərindən başa düşmüşdür ki, onlar Dağlıq Qarabağla bağlı təbliğat aparırlar. Bundan başqa, Artaş Qriqoryanın yaşadığı blokun qarşısında dəfələrlə müxtəlif Ermənistan nömrələri olan avtomaşınlar durduğunu görmüşdür. Sonuncunun arvadından belə dəyişmələrinin səbəbini soruşduqda, ondan «Böyük Ermənistan», Dağlıq Qarabağın, Azərbaycan torpaqlarının əksəriyyətinin erməni torpaqları olması, azərbaycanlıların (türklərin) köçəri tayfa olub, öz torpaqları olmadığından gəlib ermənilərin torpaqlarında məskunlaşmaları haqqında, azərbaycanlıların qaniçən və ermənilərin düşməni olmalarına dair sərsəmləmələrini eşitmişdir. Həmçinin bu qadın, Qarabağın Ermənistana verilməsinin SSRİ rəhbərliyi tərəfindən artıq həll edildiyini, xristian olduqlarına görə bütün dünyanın ermənilərin tərəfini saxlayacağını, dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin onlara hər şeydə kömək etdiyini, yaxşılıqla Dağlıq Qarabağı verməzlərsə, Azərbaycana daha pis olacaqını bildirmişdir. 1988-ci ilin fevral ayının ortalarında Artaş Qriqoryan ailəsi ilə birlikdə köçüb gedərkən onlara bildirmişdir ki, Sumqayıt şəhərində vəziyyət gərgin olacaqdır. Sonradan başa düşmüşdür ki, baş vermiş hadisələr Artaş və onun arvadı kimi şəxslər tərəfindən planlaşdırılıb  icra edilmişdir.