Sumqayıt hadisələri haqqında həqiqətlər ...
Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı
Yüklə (pdf)
Sumqayıt Sumqayıt hadisələri haqqında
Yüklə (pdf)
"Sovet İmperiyasının gizlinləri – Qriqoryanın işi"

SSRİ-də vəziyyət

Sumqayıt ətrafında proseslər,
SSRİ-də, o cümlədən DQMV-də vəziyyət

XX yüzilliyin 80-ci illərinin əvvəlində Sovet İttifaqı mürəkkəb bir dövr yaşayırdı. O dövr xarici siyasətdə uğursuzluqlar, beynəlxalq arenada ölkənin imicinin zəifləməsi, dövlətin iqtisadiyyatında çətinliklər və ölkəyə rəhbərlikdə böhran ilə səciyyəvi idi. 1982-ci ildə L.İ. Brejnevin ölümündən sonra Sov. İKP MK Siyasi Bürosunda müxtəlif qruplaşmalar arasında hakimiyyət uğrunda şiddətli mübarizə başlanmışdır.

Brejnevin ölümündən sonra SSRİ-də hakimiyyət sükanı 1982-cü ilin noyabr ayında Yuri Andropovun (o, ölkəyə bir il dörd ay rəhbərlik etmişdir), sonra 1984-cü ilin fevralında Konstantin Çernenkonun əlinə keçmişdir (o, bir il və bir neçə gün hakimiyyətdə oldu). Politoloqlar və tarixçilərin əksəriyyətinin fikrincə, Andropov və Çernenko Brejnevin ölümündən sonra Siyasi Bürodakı qruplaşmalar arasında hakimiyyət uğrunda mübarizə dövründə seçilmiş müvəqqəti fiqurlar idi. Çernenkonun ölümündən sonra 1985-ci ilin mart ayında Baş Katib vəzifəsini Mixail Qorbaçov tutur. Bu şəxs Kremldə hakimiyyət uğrunda müxtəlif qruplaşmaları müvəqqəti təmin edir və barışdırırdı.

Qorbaçovun Sov.İKP-nın rəhbəri və dövlət başçısı vəzifəsində fəaliyyəti SSRİ-də genişmiqyaslı islahatlar aparılması cəhdi ilə bağlıdır. Dünya sosializm sisteminin iflası ilə nəticələnmiş yenidənqurma, SSRİ-nin dağılması, soyuq müharibə dövrünün başa çatması kimi hadisələrdə Qorbaçovun rolu ictimai rəydə hədsiz qütbləşmə ilə fərqlənir, lakin demək olar hamı bu fikirlə razılaşır ki, məhz Qorbaçovun bacarıqsız millətlərarası siyasəti sonda SSRİ-nin dağılması ilə nəticələnmiş misli görünməmiş daxili siyasi kataklizmlərə gətirib çıxarmışdır.

Qorbaçov onun SSRİ-də islahatlar aparmaq metodu və yeritdiyi xarici siyasətlə razılaşmayan vəzifəli şəxsləri Kremldə mühüm vəzifələrdən kənarlaşdırmağa və kadr dəyişiklikləri aparmağa başlamışdır. Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini, sovet ali hakimiyyət eşelonunda haqlı olaraq ən istedadlı rəhbər hesab edilən Heydər Əliyevlə Qorbaçovun münasibətləri mürəkkəb idi.

1987-ci ildə Əliyev Sov. İKP MK Siyasi Bürosunun tərkibindən çıxarıldı. Rəsmi versiyaya görə o, səhhəti ilə əlaqədar pensiyaya göndərilmişdi. Lakin əsas səbəb Mixail Qorbaçovun Əliyevə həsəd aparması idi. İş burasındadır ki, hələ 1980-ci illərin əvvəlində qərb mətbuatında Heydər Əliyev haqqında çox yazılır və SSRİ-nin ovaxtkı rəhbəri Konstantin Çernenkonun ən çox ehtimal edilən varisi kimi məhz onun adı çəkilirdi. Heydər Əliyevin əzmkar şəxsiyyəti, qaynar fəaliyyəti və Siyasi Büroda hamının ona hörmət bəsləməsi Qorbaçova rahatlıq vermirdi. Nəticə etibarilə o, Əliyevin tutduğu bütün vəzifələrdən azad edilməsinə nail oldu. Siyasi Büronun 1985-ci il martın 11-də keçirilmiş iclasında yeni Baş Katib seçilməsi məsələsi müzakirə ediləndə Heydər Əliyev Mixail Qorbaçovu dəstəkləmişdi. Qorbaçov isə hakimiyyətə gələndən sonra Heydər Əliyevi hörmətdən salmağa çalışırdı.

Qeyd etmək lazımdır ki, Qorbaçovun yeritdiyi milli siyasət, xüsusən bir sıra müttəfiq respublikalar arasında qarşılıqlı münasibətlər məsələsində ən təcrübəli sovet xadimlərinin işdən azad edilməsi ilə bərabər SSRİ üçün güclü zərbə olmuş, etnoslararası münaqişələr və problemlərin zor işlətməklə həlli halları geniş yayılmışdı.

Qorbaçov lap əvvəldən Ermənistana, onun rəhbərliyinə və xaricdəki erməni diasporuna həddən artıq loyal münasibət bəsləyirdi. Bu, Sov. İKP MK Siyasi Bürosunun 1985-ci il fevralın 21-də Qorbaçovun sədrliyi ilə keçirilən iclasında aşkar görünürdü. Qorbaçov o vaxt hələ Baş Katib seçilməmişdi, lakin artıq Siyasi Büronun iclaslarını aparırdı.

Qorbaçovun təşəbbüsü ilə “Ermənilərin soyqırımının 70 illiyi ilə əlaqədar tədbirlər haqqında” məsələ SSRİ-nin ali rəhbərliyinin müzakirəsinə çıxarılmışdı. İclas iştirakçılarının çoxu bu məsələni heç də birmənalı qarşılamamışdı. İş burasındadır ki, erməni “soyqırımı” məsələsi 1960-cı illərdə ABŞ və Qərbi Avropanın bir sıra ölkələri tərəfindən qaldırılmışdı. SSRİ lap əvvəldən bu kampaniyaya münasibətdə ehtiyatlı mövqe tutmuş və dəfələrlə eyhamla bildirmişdir ki, qondarma erməni soyqırımı məsələsinin qaldırılması “kapitalist qərbi” tərəfindən uydurulmuş siyasi oyundur. Lakin 1985-ci ilin fevralında Qorbaçovun sədrliyi ilə keçirilən iclas bu məsələ barəsində qərarlaşmış bütün anlayışları alt-üst etdi.

Qorbaçov Siyasi Büroda erməni diasporunun maraqlarının carçısı kimi çıxış edərək demişdi: “1985-ci il aprelin 24-də Sultan Türkiyəsinin hakim dairələri tərəfindən erməni soyqırımının təşkil edildiyi vaxtdan 70 il keçir”. Daha sonra o demişdi: “ABŞ Nümayəndələr Palatası 24 aprel gününün insanlara qeyri-insani münasibət və erməni soyqırımı günü elan olunması barədə qətnamə qəbul etmişdir. Fransanın və bəzi başqa ölkələrin hakim dairələri də bu istiqamətdə fəal tədbirlər görür…”.

Qorbaçov belə bir təşəbbüslə çıxış etmişdi: “Bununla əlaqədar, Ermənistan KP aprelin 24-nün “soyqırımı qurbanlarının xatirə günü” elan edilməsi haqqında Ermənistan SSR Ali Soveti rəyasət heyətinin fərmanının dərc olunmasını, eləcə də Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibinin radio və televiziya ilə çıxışını, onun çıxışının mətninin respublika mətbuatında dərc edilməsini nəzərdə tutmasını təklif edir”. Təbii ki, Ermənistan KP MK-nın birinci katibi Karen Demirçyan onu qızğın dəstəkləmişdi.

Lakin Qorbaçovla Dəmirçyanın bu təşəbbüsü Sov. İKP MK Siyasi Bürosunun üzvlərinin əksəriyyətinin, xüsusən V.V.Qrişin, A.A.Qromıko və N.A.Tixonov kimi qocaman və ən təcrübəli Siyasi Büro üzvlərinin narazılığına səbəb olmuş, onlar haqlı olaraq Ermənistan SSR rəhbərliyini Sovet-Türkiyə münasibətlərini mürəkkəbləşdirmək cəhdlərində və bu məsələdə ABŞ-ın maraqlarına yarınmaqda günahlandırmışdılar. Nəticədə, Qorbaçov tərəfindən, görünür erməni tərəfin sifarişi ilə atılmış “sınaq kürəsi” lazımınca dəstəklənmədi. Lakin buna baxmayaraq, Qorbaçov Siyasi Büronu 1985-ci ilin aprel ayında ittifaq və respublikalar səviyyəsində “Ermənistan KP MK-nın təkliflərinə əsaslanaraq və MK-nın Siyasi Bürosunun iclasında aparılmış fikir mübadiləsini nəzərə alaraq, ənənəvi ictimai tədbirlər keçirilməsi” barədə qərar qəbul etməyə yönəltmiş oldu.

Görünür, Qorbaçov “yadından çıxarmışdı” ki, erməni milli terrorizmi sovet quruluşunun qəddar düşmənidir. 1977-ci ilin yanvar ayında erməni terrorçular tərəfindən törədilmiş silsilə partlayışları yada salmaq kifayətdir. 1977-ci il yanvarın 8-də başda Stepan Zatikyan olmaqla bir qrup erməni terrorçu Moskvada birdən-birə üç partlayış törətmişdi: metroda (“Pervomayskaya” stansiyası), Bauman rayonundakı 15 №-li mağazada və 25 Oktyabr küçəsində. Terror aktları nəticəsində 7 nəfər (başqa məlumatlara görə 29 nəfər) həlak olmuş, 37 adam yaralanmışdı. Sovet xüsusi xidmətləri terrorçuları tutmağa nail olmuş, nəticədə Zatikyanın qrupunun elə həmin 1977-ci il 7 noyabr (Oktyabr inqilabı günü) bayramı ərəfəsində silsilə partlayışlar törətmək planının qarşısını almaq mümkün olmuşdu.

1985-ci ildə Kremldə hakimiyyətə gəlmiş Qorbaçov komandasının müttəfiq respublikalarla dil tapmağı bacarmaması bir sıra rəhbərlərin əsassız olaraq dəyişdirilməsində özünü göstərmiş, nəticədə yerlərdə ictimaiyyətin narazılığı artmışdı. 1986-cı ilin dekabr ayında Qazaxıstanda iğtişaşlar baş vermiş, Zaqafqaziyada vəziyyət mürəkkəbləşmiş, 1989-cu ilin aprel ayında sovet qoşunları əsassız olaraq Tbilisiyə (Gürcüstan) yeridilərək nahaq yerə qan tökülmüşdü. Bundan sonra Dnestryanı bölgədə (Moldova) vəziyyət kəskinləşmiş, Novıy Uzendə (Qazaxıstan) millətlərarası toqquşmalar, Fərqanə vadisində (Özbəkistan) münaqişə baş vermiş, 1990-cı ilin yanvarında sovet qoşunları Bakıya (Azərbaycan) yeridilərək burada qan tökülmüş, Düşənbədə iğtişaşlar olmuş, Riqaya (Latviya) və Vilnüsə (Litva) qoşun yeridilmişdi. Lakin SSRİ məkanında ən faciəli və ən qanlı münaqişə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olmuşdur.

Yenidən közərməyə başlamış Qarabağ məsələsində Qorbaçovun lap əvvəldən ermənipərəst mövqe tutmasını təsdiq edən faktlar çoxdur. Qorbaçov hakimiyyətə gələndən sonra erməni millətçi separatizmi ideoloqlarının iştahası günbəgün deyil, saatbasaat artmağa başlamışdı. Təsadüfi deyildir ki, məhz 1987-ci ildə Heydər Əliyev Kremldə rəhbər vəzifələrdən kənarlaşdırılandan sonra SSRİ-də yenidənqurma novasiyaları fonunda Ermənistanın DQVM-yə iddiaları yeni impuls və yeni xarakter kəsb etmişdi.

Erməni millətçilərinin separatist əhval-ruhiyyəsinin qızışmasına rəvac verən məhz Qorbaçov və onun ətrafındakılar idi. 1987-ci ilin payızında DQMV-dən olan erməni deputatlar Sov.İKP MK-nın partiya rəhbərləri ilə görüşlər keçirmək üçün Moskvaya gəlmişdi. Onlar “miatsum”- Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi barədə vəsatət verməyə gəlmişdilər. Əvvəllər ermənilərin bu cür cəhdləri İttifaq rəhbərliyi tərəfindən sərt şəkildə rədd edilirdisə, bu dəfə Sov. İKP MK katiblərindən biri Qarabağ ermənilərini hər cür dəstəkləyəcəyini vəd etmiş və onları “möhkəm durmağa” çağırmışdı.

1987-ci ilin dekabr ayında SSRİ rəhbəri Mixail Qorbaçovun Amerika Birləşmiş Ştatlarına səfəri zamanı isə onun arvadı Raisa Qorbaçova “Daşnaksutyun” təşkilatının nümayəndələri ilə görüşmüş, erməni diasporu ona qiymətli hədiyyələr və əşyalar bağışlamışdır. “Daşnaksutyun” erməni diasporunun nümayəndələrinin yaşadığı hər yerdə geniş xarici şəbəkəsi olan bir təşkilatdır. O, millətçi və terrorçu təşkilat kimi SSRİ-də qadağan edilmişdi. Lakin Qorbaçovlar ailəsi tərəfindən daşnaklar qəbul ediləndən sonra sovet mətbuatında belə bir məlumat dərc edilmişdi: “Daşnaksutyun” partiyası 1921-ci ildə antisovet qiyamından sonra ilk dəfə Ermənistanda özünün mərkəzi ofisi, mətbu orqanı və informasiya mərkəzi olacaqdır. Bu, erməni millətçilər, terrorçular və xarici diaspor üçün açıq siqnal idi. O vaxt Azərbaycan SSR-in rəhbərliyindən başqa hamı bu siqnalı başa düşmüşdü, onlar isə hələ də Qorbaçova və onun ətrafına ümid bəsləyirdilər.

ABŞ-da həmin görüşdən sonra bir sıra xarici ölkələrdə erməni terror qruplarının şüarı belə oldu: “Lenin, Partiya, Qorbaçov!”. Bununla əlaqədar, tədqiqatçılardan D.Furman və S.Aseniusun SSRİ dağılandan sonra erməni millətçiliyi haqqında fikirləri maraqlıdır: “…Özünü aldatmağa və mifologemlərə meylli olan millətçi mentalitet Türkiyə Ermənistanına qayıtmağı çox uzaq və bəlkə də əlçatmaz vəzifə hesab edirdisə, Moskvanın köməyi ilə Dağlıq Qarabağın alınması tamamilə realist görünürdü”.

İş burasındadır ki, “Daşnaksutyun” partiyası hələ 1985-ci ildə Afinada keçirilmiş XXIII qurultayında “vahid və müstəqil Ermənistan yaratmağı” özünün birinci dərəcəli vəzifəsi hesab etməyi və bu şüarı DQMV-dəki Azərbaycan torpaqları, Naxçıvan Muxtar Respublikası və Gürcüstanın Cavaxeti regionu hesabına həyata keçirməyi qərara almışdı. Bu niyyətin həyata keçirilməsinə, həmişəki kimi, Erməni kilsəsi, erməni ziyalılarının millətçi əhval-ruhiyyəli təbəqələri və xaricdəki erməni diasporu cəlb edilmişdi.

M.Qorbaçovun dövründə bu planın həyata keçirilməsi mümkün olmuşdu və ilk hədəf DQMV separatizmin qızışdırılması prosesi oldu. Bu dövrdə ittifaq rəhbərliyinin Azərbaycan SSR-ə münasibəti əsassız olaraq neqativ idi. Bu, Ermənistan SSR-də millətçi və separatist əhval ruhiyyəli qüvvələrə hər vasitə ilə dəstək verilməsi fonunda xüsusilə nəzərə çarpırdı. Bu da təəccüblü deyildi. M.Qorbaçovun ətrafındakıların hamısı siyasi-iqtisadi müşavirlər, milli məsələyə dair ekspertlər erməni millətindən olan şəxslər idi – Q.Şahnazarov, E.Baqramov, A.Aqanbeqyan, S.Sitaryan və bir sıra başqaları. 1985-ci ilin oktyabrında M.Qorbaçov Fransada səfərdə olarkən Qorbaçovun müşaviri akademik Abel Aqanbeqyan sovet nümayəndə heyətinin üzvü kimi Parisdə erməni diasporunun nümayəndələri qarşısında çıxış edərək bildirmişdi ki, “Dağlıq Qarabağ Ermənistana birləşdiriləcəkdir və bunun üçün M.Qorbaçovun razılığı alınmışdır”.

1987-ci ilin avqust ayında Qarabağ erməniləri on minlərlə vətəndaşın imzaladığı petisiyanı Moskvaya göndərərək DQMV-ni Ermənistan SSR-in tərkibinə daxil etməyi xahiş etmişdilər. 1987-ci il noyabr ortalarında isə Abel Aqanbeqyan Fransada onun şərəfinə Fransa erməni institutu və erməni veteranlar assosiasiyası tərəfindən təşkil edilmiş qəbulda Qarabağın erməni diyarı olmasını bilmək arzusunu ifadə etmişdi. A.Q.Aqanbeqyan elə həmin il noyabrın 18-də Fransada çıxan “Yumanite” qəzetinə verdiyi müsahibədə belə bir bəyanat verir: “Mən istərdim ki, Qarabağın Ermənistan diyarına çevrilməsi xəbərini eşidim. Bir iqtisadçı kimi, mən belə hesab edirəm ki, o, Azərbaycandan daha çox Ermənistanla bağlıdır”.

Elə həmin vaxtda “Daşnaksutyun”un hərbiləşdirilmiş bölmələri ilə sıx əlaqə saxlayan “erməni ittifaqı” (Eİ) erməni terror təşkilatı yaradılır. Məqsəd Asala erməni terror təşkilatının üzvlərinin SSRİ ərazisində maneəsiz hərəkət edə bilmələri üçün onları saxta sənədlər və pul ilə təmin etmək idi. Eİ Azərbaycan Respublikasının Qarabağ bölgəsinin dağlıq hissəsində terror aktları həyata keçirilməsi üçün silah və muzdlular təmin edilməsi məsələlərində fəal iştirak edirdi. Bu təşkilat ASALA ilə əsasən vasitəçi-terrorçu V.Sislyanın köməyi ilə əlaqə saxlayırdı (hərbi əsirlərin, girovların və itkin düşmüş vətəndaşların işləri üzrə AR Dövlət Komissiyasının materialları. “Dirçəliş-XXI əsr” jurnalı, № 37, 2001 (Материалы Государственной Комиссии Азербайджанской Республики по делам военнопленных, заложников и пропавших без вести граждан. Журнал «Возрождение-XXI век» № 37,2001.)).

Erməni kilsəsi xüsusilə fəallaşmışdı. O, Dağlıq Qarabağda və Ermənistan SSR-də Azərbaycan əleyhinə aksiyaların yeni silsiləsinin qaynar fazasında fəal iştirak edirdi. 1988-ci il fevralın 25-də bütün ermənilərin katolikosu I Vazgen özünün Eçmiədzindəki iqamətgahından Ermənistan televiziyası ilə belə çağırışla müraciət etmişdi: “Bu günlərdə mənə bizim kilsənin xaricdəki təşkilatlarından çoxlu məktublar gəlir, telefon zəngləri olur. Onlar xaricdə yaşayan iki milyon erməninin adından məndən xahiş edirlər ki, Dağlıq Qarabağ məsələsinin həllinin ədalətli qiymət alması üçün mən sovet hökuməti qarşısında vəsatət qaldırım… Mən bu müraciətlərə cavab olaraq bizim möhtərəm Mixail Qorbaçova teleqram vurub bu məsələnin DQMV-nin erməni əhalisi üçün müsbət həll olunmasını xahiş etmişəm… Sizi əmin edirəm ki, DQMV məsələsi yaxın vaxtlarda Moskvada ən yüksək səviyyədə həll ediləcəkdir... Bizim məqsədimiz öz hərəkətlərimizlə ədalətin qarşısını almaq deyil, onu uğurla başa çatdırmaq olmalıdır…”. Beləliklə, Erməni kilsəsinin başçısı öz dindarlarına müraciət edərək onları açıq-aşkar Azərbaycan SSR-in rəsmi hakim dairələrinə tabe olmamağa çağırmış və Ermənistan SSR-in Azərbaycan xalqına qarşı elan edilməmiş işğalçı müharibəsinə yol açmışdı.

Ermənilərin katolikosu, SSRİ-nin dağıldığı dövrdə Qarabağda separatçılar hərəkatının liderlərindən biri olmuş I Vazgen 1988-ci ilin yayında erməni xalqını artıq dağılmaqda olan ittifaq fonunda “dinc” ekspansiyanı yeni qüvvə ilə davam etdirməyə çağırmışdı.

Bu əməllərin mexanizmi Q.Şahnazarovun “Tale” kitabında (erməni dilində, səh.50-52) sitat gətirilmiş katolikos I Vazgenin 12.06.1988-ci il tarixli müraciətində əks etdirilmişdir. Həmin müraciətdə deyilir: “Sirr deyildir ki, bizim torpaqların hamısı bizə məxsus deyil, lakin vaxt gələcək, biz onları ələ keçirəcək və məskunlaşacağıq. Son 40 ildə ermənilər əcdadlarının torpaqlarını tutmuşlar. Bu torpaqların 60 faizi oradadır.

Hamıya məlumdur ki, mərkəzi hakimiyyətin zəiflədiyi və dövlətin dağılmasının başlandığı ölkələrdə separatizm inkişaf edir. Bunun bir zəruri şərti də separatizmin kənardan dəstəklənməsidir. DQMV ilə bağlı halda hər iki şərt ödənirdi: SSRİ mərkəzi hakimiyyəti göz qabağında zəifləyirdi, xaricdəki erməni diasporu və ittifaqın dağılmasında marağı olan qərb ölkələrindəki siyasi dairələr isə yaranmaqda olan erməni separatizmini güclü şəkildə dəstəkləyirdi.

1987-ci ildən başlayaraq Kreml hakim dairələrinin aşkar səhlənkarlığı, bəzən isə dinməzcə razılığı sayəsində dünyanın hər yerindən müxtəlif terrorçular, banditlər, təhrikçilər Ermənistan-Azərbaycan millətlərarası münaqişəsini hazırlamaq və onun qanlı fazasına təhrik etmək məqsədilə Ermənistan SSR-ə axışmağa başlamışdı. Ermənistanın rəsmi hakimiyyət orqanları, milis, müəssisə və idarələri bu prosesə qoşulmuş, respublikanın yerli azərbaycanlı əhalisini hər yerdə sıxışdırmağa başlamışdılar.

“Yenidənqurma yağışı”ndan sonra göbələklər kimi çoxalmış, DQMV-nin özündəki “Krunk” və Yerevandakı “Qarabağ” komitəsi qəbilindən olan erməni təşkilatları Dağlıq Qarabağın Azərbaycandan faktiki olaraq qoparılması layihəsini həyata keçirməyə başlamışdılar. 1987-ci il, oktyabr ayı. Yerevan. Ermənistan. Daşnakların qondarma “Qarabağ” komitəsi bu vaxtda yaradılmışdı. Ona Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində kütləvi terror metodları və üsullarından istifadə etməklə azərbaycanlıları və kürdləri oradan zorla qovub çıxarmaq üçün genişmiqyaslı silahlı əməliyyatlar keçirilməsi barədə tapşırıq verilmişdi. Əvvəlcə 200.000 azərbaycanlı Ermənistandan qovulmağa başlanmışdı.

1987-ci ilin payızında Ermənistandan olan ilk qaçqın azərbaycanlılar Bakıda Azərbaycan Kommunist Partiyası MK-nın binası qarşısında toplaşmışdı. Onlar Ermənistanın Qafan rayonunun sakinləri idi. Politoloq Arif Yunus (1987-1990-cı illərdə azərbaycanlıların Ermənistan SSR-dən qovulması tarixini tədqiq etmiş mütəxəssis) göstərir ki, 1987-ci il noyabrın 20-si ərəfəsində şəxsən o, Qafan rayonundan olan qaçqınlarla dolu dörd avtobus qarşılamışdı. Qafan rayon partiya komitəsinin ikinci katibi Aramais Babayan jurnalist Tomas de Vaala verdiyi müsahibəsində 1987-ci ilin noyabr ayında azərbaycanlıların Qafan rayonundan köçüb getməsi faktını inkar etməmişdir, lakin o demişdir ki, heç bir zorakılıq olmamışdır, “azərbaycanlılar isə ona görə köçüb gedirdilər ki, onlar nədənsə qorxurdular”.

Azərbaycan SSR DTK-nın keçmiş sədri general-mayor V.A.Hüseynov 6 fevral 2004-cü ildə “Moskovskiy komsomolets” qəzetinə verdiyi müsahibəsində göstərirdi ki, artıq 1988-ci ilin fevral ayında Azərbaycan SSR-də Ermənistan SSR-dən olan bir neçə min qaçqın vardı.

1988-1991-ci illərdə Azərbaycan KP MK-nın katibi olmuş Ə.F.Daşdəmirov göstərir: “1988-ci il fevralın 18-nə qədər qorxu atmosferinin şiddətlənməsi və zorakı hərəkətlər nəticəsində Ermənistanı tərk etməyə məcbur olmuş azərbaycanlıların sayı artıq dörd min nəfəri keçmişdi”  (Вестник Аналитики, №3 - 2005).

Lakin erməni millətçiliyinin ideoloqları çox yaxşı başa düşürdülər ki, onların azərbaycanlıları Ermənistandan qovmağa başlaması geniş əks-səda doğuracaq və həm sovet ittifaqında, həm də onun hüdudlarından kənarda “başıbəlalı” ermənilərin imicinə mənfi təsir göstərəcəkdir. Erməni ideoloqları Azərbaycanın paytaxtı Bakıda və ölkənin digər iri şəhərlərində erməniləri qırmağa təhrik etməyi qərara almışdılar ki, bundan sonra erməni xalqına qarşı soyqırımı və onun sıxışdırılması barədə bütün dünyaya car çəksinlər. Beləliklə, ermənilərin Azərbaycanda yaşamasının mümkün olmamasını və deməli DQVM-nin Ermənistana birləşdirilməsinin zəruri olduğunu sübut etmək olardı. Eyni zamanda, azərbaycanlıların Ermənistandan get-gedə daha çox qovulmasının səbəblərini “ermənilərin Azərbaycanda onlara qarşı törədilən talanlara qəzəbli reaksiyası” kimi əsaslandırmaq olardı.

Ermənistandan, sonra isə həm də DQMV-dən olan azərbaycanlı qaçqınlar Azərbaycan paytaxtına gəlir, orada və ölkənin digər iri şəhərlərində yerləşdirilirdi. Azərbaycan hökumətinin erməni separatizminə qarşı mübarizə məsələsində fəaliyyətsizliyi və Ermənistandan olan azərbaycanlı qaçqınların məsələsini həll edə bilməməsi Azərbaycanda vəziyyəti daha da gərginləşdirirdi. Respublikanın iri şəhərlərinə doluşmuş müxtəlif təhrikçilər bu fürsətdən istifadə etməyi qərara almışdı. Təhrikçi hərəkətlər üçün hədəf kimi ilk növbədə Bakı, Kirovabad (indiki Gəncə) və Sumqayıt şəhərləri seçilmişdi.

1988-ci il fevralın 21-də DQMV Vilayət Soveti SSRİ və Azərbaycan SSR konstitusiyalarını pozaraq, Azərbaycan SSR-in tərkibindən çıxmasını və Ermənistan SSR-ə birləşməsini elan etdi. Bu hadisə sanki odun üstünə yağ əlavə etmiş oldu. Rusiyalı tədqiqatçı S.İ.Çernyavski sonradan bu hadisə ilə əlaqədar yazırdı: “Ermənistandan fərqli olaraq Azərbaycanın mütəşəkkil və siyasi cəhətdən fəal diasporu yox idi və indi də yoxdur, Qarabağ münaqişəsi isə, aparıcı Qərb dövlətlərinin ənənəvi ermənipərəst mövqeləri nəzərə alınmaqla, azərbaycanlıları həmin ölkələr tərəfindən hər hansı dəstəkdən məhrum etmişdi”.

DQMV-dən olan azərbaycanlı qaçqınlar, o cümlədən Xankəndi (o vaxt Stepanakert adlanırdı) şəhərinin keçmiş sakini Aləmşah Rəhimov o hadisələri belə xatırlayır: “Artıq 1987-ci ildə erməni qonşularımız açıq-aşkar deməyə başlamışdılar ki, tezliklə onlar Azərbaycanın tərkibindən çıxacaq və Ermənistana birləşəcəklər”.

Stepanakertin mərkəzində DQMV-nin Ermənistan SSR-ə “yenidən birləşdirilməsi” tələbi ilə minlərlə adamın iştirak etdiyi ilk mitinq 1988-ci il fevralın 13-də olmuşdur.

Elə həmin il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin növbədənkənar sessiyası olmuş, sessiyada DQMV-nin Azərbaycan SSR-in tərkibindən çıxarılıb Ermənistan SSR-in tərkibinə verilməsi barədə Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetləri qarşısında vəsatət qaldırılması haqqında” qərar qəbul edilmişdir.

1988-ci il fevralın 23-də Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbərliyi Vilayət Sovetinin sessiyasında DQMV-nin Azərbaycan SSR tərkibindən çıxmasını elan etdi. DQMV-nin Azərbaycanın tərkibindən çıxması və Ermənistanın tərkibinə keçməsi arzusunun təmin edilməsi barədə xahişlə Azərbaycan, Ermənistan və SSRİ Ali Sovetlərinə müraciət etmək qərara alındı.

Elə həmin il fevralın 26-da Yerevanda bir milyona yaxın insanın iştirakı ilə mitinq keçirildi. Onlar DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haqqında Qarabağ ermənilərinin tələblərini dəstəkləyərək “miatsum” deyə qışqırırdılar. Elə həmin mitinqdə azərbaycanlı əhalinin Ermənistanda zorla qovulması barədə açıq çağırışlar səslənirdi. Mitinqdən sonra yerli hakimiyyət orqanlarının susaraq dəstəyi şəraitində Ermənistanın müxtəlif rayonlarında yaxşıca təşkil edilmiş və idarə olunan, azərbaycanlılara qarşı yönəlmiş talanlar başlandı. İttifaq rəhbərliyi də susur, azərbaycanlıların Ermənistandan zorla qovulması ilə bağlı çoxsaylı faktlara heç bir münasibət bildirmirdi.

DQMV-də və Ermənistanda baş verən hadisələr barədə xəbər ildırım sürəti ilə Azərbaycana çatdı. Respublikanın paytaxtında və iri şəhərlərdə Ermənistandan zorla qovulmuş azərbaycanlılardan ibarət izdihamlar toplaşmağa başlandı. Bu insanların sayı günbəgün artırdı. Dəhşətli görkəmdə, döyülmüş, soyuqdan donmuş halda gələn bu insanlar Ermənistanda onların qətlə yetirilməsi və onlara işgəncələr verilməsi barədə danışırdılar. Bakıda və digər şəhərlərdə etiraz mitinqləri başlandı.

1988-ci il fevralın 23-də Bərdə və Ağdam sakinlərinin bir neçə qrupu onlara birləşmiş qaçqınlarla bərabər DQMV rəhbərliyindən olan erməni millətçiləri cəzalandırmaq məqsədilə Stepanakert rayonunun mərkəzinə tərəf yola düşdü. Əsgəran yaxınlığında izdihamın qarşısı kəsildi, hüquq-mühafizə orqanları ilə toqquşmalar baş verdi, nəticədə iki nəfər azərbaycanlı gənc öldürüldü. Bu vəziyyətdə Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasova qəzəblənmiş kişilərin qarşısına çıxaraq qadın namusunun rəmzi olan örpəyini onların ayaqları altına ataraq bu izdihamı sakitləşdirə bildi. Partiya xadimlərinin və asayiş orqanlarının əməkdaşlarının çoxu dəfələrlə qeyd etmişlər ki, əgər o vaxt Əsgəran yaxınlığında xalq kütlələri dayandırılmasaydı, onlar bütün Qarabağdan keçərək erməni separatistlərini oradan qovardılar. Bu fakt həm də onunla təsdiqlənir ki, o vaxt Stepanakertdən, DQMV Vilayət Sovetindən Bakıya zəng çalaraq bir tədbir görülməsini yalvara-yalvara xahiş edirdilər. Çünki, yerli erməni əhali təşviş içində Ermənistana qaçmağa hazırlaşır.

Ermənistandan olan qaçqınların çoxunun axışdığı Bakıda və Sumqayıtda vəziyyət gərginləşir, partlayış təhlükəli şərait yaranırdı. Fevralın 19-da Bakıda bütün 11 rayonunun partiya və hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə müşavirə çağrılmışdı, onların hesabatlarını dinləyib verdikləri məlumatı təhlil edilmişdir. Baş verən hadisələrin mənzərəsini özü üçün belə təsəvvür edirdi: Ermənistandan Azərbaycana gəlmiş qaçqınlar Bakı ətrafındakı kəndlərdə, həmyerlilərinin yığcam şəkildə yaşadığı yerlərdə məskunlaşmışlar. Qaçqınlar Ermənistanda onların sıxışdırılması və üzləşdikləri haqsızlıqlar barədə danışmışlar. Qaçqınların bu söhbətləri gənclərin hisslərini coşdurmuşdur. Ehtirasların coşması təhlükəli həddə çatmışdır. İstənilən anda təhrikçilər tapıla bilərdi. Onlar hiddətlənmiş kütləni Bakının ermənilər yaşayan məhəllələrinə apara bilərlər.

Qərara alınmışdır ki, ətraf kəndlərdən Bakıya gələn bütün şose yolları bağlanmasın. Ertəsi gün Ermənistandan gələn qaçqınların avtobusları Bakının həndəvərində dövlət avtomobil müfəttişliyi kordonları ilə qarşılaşdıqdan sonra Sumqayıta tərəf dönmüş, orada onsuz da mürəkkəb olan vəziyyət daha da gərginləşməyə başlamışdı. SSRİ Ali Sovetinin deputatı, akademik Arif Məlikov öz xatirələrində yazır ki, yaxın vaxtlarda əfv fərmanına əsasən bütün SSRİ-də həbsxanadan azad edilmiş şəxslərin külli miqdarda Sumqayıta axışması barədə ittifaqın mərkəzindən kimin göstəriş verməsi aydın deyildi. Arif Məlikov özünün “Mən ittiham edirəm” adlı kitabında yazır: “… Hələ 1988-ci ilin əvvəlindən bütün SSRİ-dən olan residivist canilər külli miqdarda Azərbaycan ərazisinə soxulmağa başlamışdı. Daxili İşlər Nazirliyinin məlumatına görə o vaxt Bakıda oğruların ümumittifaq “məclisi” keçirilmiş, bu görüşdə fəaliyyət planı hazırlanmışdı. Bu canilər Sumqayıtda faciəli hadisələrin əsas icraçıları olmuşdu, həmin hadisələr zamanı qarətlər və xüsusi amansızlıqla qətllər törətmiş 4.500-ə yaxın “qastrolyor” cinayətkar tutulub saxlanmışdır. Onların əməllərinin qurbanları arasında azərbaycanlılar, ruslar, tatarlar, ermənilər, yəhudilər və başqa millətlərin nümayəndələri vardı. Cinayətkarlar arasında milliyyətcə erməni olan və öz ermənilərini qətlə yetirmiş şəxslər az deyildi: Stavropol diyarından (Rusiya) Kaqramyan V., Daşkənddən (Özbəkistan) Poqosyan R.X., Spitakdan (Ermənistan) Bayanduryan İ.A., Donetsk vilayətindən (Ukrayna) Balasanyan Q.A., Yerevandan (Ermənistan) Minasyan və başqaları. SSRİ Ali Sovetinin deputatı kimi mənim o dövrdə törədilmiş cinayət faktları üzrə saxlanılmış şəxslərin olduğu həbsxanalarda və təcridxanalarda təftiş aparmaq hüququm vardı. Saxlanılmış “qastrolyor” cinayətkarlar açıq-aşkar lovğalanırdılar ki, onlar Bakıya “istədikləri qədər əylənmək üçün” gəliblər”.

Aydın olur ki, erməni separatçılarının həm İttifaqın rəhbərliyində, həm də SSRİ hüdudlarından çox-çox uzaqlarda çox güclü himayədarları vardı. Onlar əllərindən gələni edirdilər ki, Ermənistan-Azərbaycan münaqişəsi qarşısıalınmaz xarakter kəsb etsin. Bu qüvvələr erməni təhrikçilərin əli ilə danışıqlar, dialoq üçün bütün yolları kəsir, bilərəkdən çoxlu qan tökülməsinə doğru aparırdılar. Bu məqsədlə fevralın 28-də Ermənistandan olan qaçqınlarla, eləcə də residivistlər, müxtəlif təhrikçilər ilə dolu olan Sumqayıt şəhərində talanlar təşkil edilmişdi. Talanlar nəticəsində bir gün ərzində 32 nəfər, o cümlədən 26 erməni və 6 azərbaycanlı öldürülmüşdü.

Sumqayıtda talançıların həbs edilməsi başlandı. Sonra SSRİ prokurorluğu istintaqa başladı. Məlum oldu ki, talançılar kütləsini öz arxasınca aparan erməni Eduard Qriqoryan olmuşdur. O özü bir neçə ermənini öldürmüş və zorlamışdır. E.Qriqoryanın Sumqayıt hadisələrində rolunun sonrakı təhqiqatı nəticəsində aşkar edilmiş külli miqdarda faktlar sübut edirdi ki, Qriqoryan millətlərarası ayrı-seçkiliyin qızışdırılması üzrə konkret vəzifəni yerinə yetirirmiş. Prokuror Aslan İsmayılov bu cinayət işi üzrə dövlət ittihamçısı kimi, Qriqoryanın və digər müttəhimlərin məhkəmə prosesində bilavasitə iştirak etmişdir. Aslan İsmayılov cinayət işinin cildlərini araşdırdıqdan sonra ermənilərin Sumqayıtdakı təhrikçi hərəkətlərinin miqyasının tam mənzərəsi və bu təhrikçilikdə Azərbaycan xalqını qəddar qatillər obrazında təqdim etməyə çalışan xarici qüvvələrin rolu onun gözləri qarşısında canlandı. 1988-ci ilin fevralında SSRİ DTK-nın da iştirakı ilə erməni provokatorlarının Sumqayıtda təhrik etdiyi hadisələr sonralar erməni millətçilərinin və onların himayədarlarının əlində Azərbaycan torpaqlarını onun əlindən almaq məqsədilə Ermənistan-Azərbaycan münaqişəsinin qızışdırılmasında əsas təbliğat vasitəsinə çevrilmişdi.

Sonrakı hadisələr həm Azərbaycan, həm də erməni xalqı üçün faciə ilə nəticələndi. Azərbaycan Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev erməni millətçilərinin bu dəhşətli provokasiyasının nəticələrini səciyyələndirərək yazır: “Ölkənin indiki liderləri, elə sadə ermənilər də fikirləşirlərmi ki, əgər həmin illərdə “Krunk” və “Qarabağ” komitələrindən olan saxta patriotlar öz xalqını bu mənasız avantüraya cəlb etməsəydilər, Cənubi Qafqaz regionu bu gün necə olardı? Şübhə yoxdur ki, bu region üç ölkənin sıx inteqrasiya etdiyi nümunəvi region olardı, orada insanın milliyyətinin elə bir böyük əhəmiyyəti olmazdı və hər kəs öz identikliyini qoruyub saxlamaq, xalqlar isə öz mədəniyyətini inkişaf etdirmək imkanına malik olardı. Bəs bu avantüristlər nəticə etibarilə nəyə nail oldular?

Onlar mənasız müharibədən, minlərlə taleyin qırılmasından, milyonlarla qaçqından, dağıntılardan, geniş sahələrin becərilmək əvəzinə minalanmasından, sosial xərclər əvəzinə hərbi xərclərin artırılmasından başqa heç nəyə nail olmamışlar – Dağlıq Qarabağı Ermənistana birləşdirmək mümkün olmamışdır və heç vaxt mümkün olmayacaqdır – nə 20 il bundan əvvəl, nə bu gün, nə də 100 ildən sonra”. (Ramiz Mehdiyev. “Gorus 2010: absurd teatr mövsümü”, Bakı, 2010, s.3-4).

Aydın olur ki, Sumqayıt hadisələri Azərbaycan xalqına qarşı yaxşı hazırlanmış təhrikçilik idi. Bunu erməni müəllif Robert Arakelov da özünün “Dağlıq Qarabağ: faciənin təqsirkarları məlumdur” adlı kitabında təsdiq edir. Arakelov yazır: “Stepanakertdə müxtəlif sahələrdə, eləcə də Yerevan qəzetlərində dəfələrlə belə bir fikir yayılmışdı: “Biz Qarabağ məsələsini həll etmək üçün Sumqayıt kimi əlverişli amildən də tam istifadə edə bilmədik”. Bu hadisələrin ermənilər tərəfindən təşkil edilmiş olmasını Yerevanda məhkəmə prosesində sumqayıtlı ermənilər də təsdiq edirdi. Məsələn, L.Mejlumyan öz ifadəsində göstərirdi: “Qriqoryan mənim mənzilimə girdi, stulun ayağını sındırıb həmin sınıq ayaqla anamı vurdu, mən bir neçə dəfə müqavimət göstərməyə çalışdım, lakin gücüm çatmadı. O, məni döşəməyə yıxdı və istədiyini etdi”. Həmin hadisələrin iştirakçısı olmuş Nəcəfov söyləyirdi: “Qriqoryanın başçılıq etdiyi qrup 512 nömrəli evə soxuldu, ev sahibəsi Emmanı lüt soyundurdular və Edik Qriqoryan onu çılpaq halda küçəyə çıxartmağı təklif etdi, sonra Emmanı vəhşicəsinə öldürdülər”.

Bu faktlar əyani şəkildə göstərirdi ki, erməni millətçiləri və onların xaricdəki himayədarları nəyin bahasına olursa-olsun, ilk növbədə öz erməni xalqının qanı bahasına öz ekspansionist məqsədlərinə nail olmağa hazır idilər. Sonradan Qarabağda, Azərbaycan torpaqlarında başlanmış müharibə nəticəsində bu gün Ermənistanın və Dağlıq Qarabağın əhalisinin sayı demək olar ki, iki dəfə azalmışdır. Son 20 ildə ermənilər bəzən özlərinin dediyi kimi “lənətə gəlmiş” Ermənistanı və Dağlıq Qarabağı kütləvi şəkildə tərk edirlər.

“Yerkramas” adlı erməni nəşrində (RF-nin Krasnodar diyarında çap olunur) verilən məlumata görə SSRİ dağılandan sonrakı 20 il ərzində Şimali Qafqazda ermənilərin sayı 80-85% azalmışdır. 1989-cu ildə SSRİ-də axırıncı dəfə əhalinin siyahıya alınması keçirilmişdir. Bu məlumatları 2009-cu il RF-nin statistikası ilə müqayisə etdikdə erməni əhalinin kənara axması dinamikasını izləmək olar. Statistik məlumatlara görə, erməni əhali Cənubi Qafqazı, o cümlədən Ermənistanı da planlı şəkildə tərk edir. 2002-ci il üçün qeyri-rəsmi məlumata görə, Ermənistanda təqribən 1,8 milyon nəfər (Qarabağ münaqişəsindən əvvəl 3,5 milyon nəfər idi), Dağlıq Qarabağda isə təqribən 70 min nəfər (münaqişədən əvvəl 120 min idi) əhali qalmışdı.

Görəsən, erməni xalqının bir ovuc millətçinin ağlını başından çıxarmış xarici erməni diasporunun “Böyük Ermənistan” xülyasının episentrinə çevrildiyinə görə nə qədər məhrumiyyətlərə düçar olduğunu başa düşməsi üçün yuxarıdan daha hansı işarələr lazımdır? Elə həmin diaspor özü isə ABŞ-da, Avropa ölkələrində rahat yaşayır və oradan Ermənistana millətçilik virusunu ixrac edir, bu virus Cənubi Qafqazda ermənilərin sayını demək olar ki, iki dəfə azaltmışdır.