Sumqayıt hadisələri haqqında həqiqətlər ...
Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı
Yüklə (pdf)
Sumqayıt Sumqayıt hadisələri haqqında
Yüklə (pdf)
"Sovet İmperiyasının gizlinləri – Qriqoryanın işi"

Şahidlər

27-29 fevral 1988-ci ildə Sumqayıt şəhərində törədilmiş iğtişaşlarla əlaqədar E.Qriqoryan və qeyriləri barəsində cinayət işi üzrə

27-29 fevral Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşlarla əlaqədar istintaqı aparılaraq sonradan dayandırılmış 5 cinayət işinin icraatı Azərbaycan Respublikası Baş Prokurorunun 2010-cu il 19 mart tarixli qərarı ilə təzələnərək bir icraatda birləşdirilmiş və Baş Prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən icraatında olmaqla istintaqın aparılması onun rəhbərliyi ilə prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin müstəntiq və əməliyyatçılarından ibarət istintaq-əməliyyat qrupuna həvalə edilmişdir.

İstintaqın tam, hərtərəfli və obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasına, Nazirlər Komitəsinə, Qaçqın və köçkünlərin işləri üzrə Dövlət Komitəsinə, Daxili İşlər, Milli Təhlükəsizlik, Mədəniyyət və Turizm, Nəqliyyat nazirliklərinə, Ali Məhkəməyə, Həmkarlar İttifaqları Konfederasiyasına, Sumqayıt şəhər İcra Hakimiyyətinə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə, respublikanın bir sıra kütləvi informasiya vasitələrinə və Rusiya Federasiyasının Baş Prokurorluğuna sorğular göndərilmişdir.

İstintaqla müəyyən edilmişdir ki, Sumqayıtda törədilmiş iğtişaşlar nəticəsində müxtəlif millətlərdən olan 32 adam həlak olmuş, 400 nəfərdən çox adam bədən xəsarəti almış, 200-dən çox mənzil talan edilmiş, 50-dən artıq mədəni-məişət obyekti dağıdılmış, 40-dan çox avtomaşın zədələnmiş və bir hissəsi yandırılmış, dövlətə o vaxtkı qiymətlərlə 7 milyon rubl məbləğində maddi ziyan vurulmuşdur. Bu iğtişaşları araşdırmaq üçün SSRİ Baş Prokurorluğu tərəfindən 18/55461-88 nömrəli cinayət işi açılmış, 444 nəfər adam məhkəmə qarşısında cavab verməli olmuş, onlardan 400 nəfəri 10-15 sutka təcridxanalarda saxlanılmış, bir neçəsi uzunmüddətli həbs cəzasına, bir nəfəri - Əhməd Əhmədov isə güllələnməyə məhkum olunmuşdur.

Sumqayıt hadisələrindən sonra erməni tərəfi dərhal antiAzərbaycan informasiya kampaniyasına başlamışdır. Erməni tərəfi hadisələrdən mümkün qədər çox bəhrələnmək, dünya ictimaiyyəti nəzərində azərbaycanlıların zalım, qəddar, qaniçən, barbar obrazını yaratmaq və guya bu səbəbdən də onlarla birgə yaşamağın mümkün olmaması haqqında fikir formalaşdırmaq üçün səy və vəsait əsirgəməmişdir.

Erməni tərəfi hadisələrin törədildiyi ilk gündən bu hadisələrdə azərbaycanlıları tam günahkar kimi qələmə vermiş və dünya ictimaiyyətinin nəzərində bu hadisələrin azərbaycanlılar tərəfindən ermənilərə qarşı soyqırım olduğu fikrini formalaşdırmağa çalışırdı. Erməni millətçi və separatçılarının, habelə ermənipərəst qüvvələrin təbliğatı bütün bu müddət ərzində ardıcıl, sistemli, məkrli şəkildə fasiləsiz olaraq dünya miqyasında aparılmışdır və bu gün də səngimək bilmir.

Məlum məsələdir ki, siyasi proseslərdə milli faktor həmişə böyük rol oynayır və milli münaqişələrin yatırılması olduqca ağrılı bir prosesdir. 1980-cı illərin axırlarında ortaya atılmış Dağlıq Qarabağ məsələsinin doğurduğu nəticələr Azərbaycanda bir sıra problemlərin ortaya çıxmasına səbəb oldu və ermənilər bu faktordan istifadə edib öz bəd niyyətlərini həyata keçirmək istiqamətində fəaliyyətlərini gücləndirmiş və bu məqsədlərinə çatmaq üçün Sumqayıt hadisələrini təşkil edərək azərbaycanlıların «vəhşi» imicini yaratmağa çalışmışlar.

 Araşdırmalar isə göstərir ki, Sumqayıtda baş verən dəhşətli, qanlı hadisələr məharətlə ölçülüb-biçilmişdi. Müxtəlif millətlərin nümayəndələrinin yaşadığı, sənaye şəhəri olan Sumqayıtda iğtişaşlar yaratmaqla ermənilər “böyük Ermənistan” xülyasının gerçəkləşdirilməsi üçün daha bir addım atmışlar.

Aydın olur ki, Sumqayıt hadisələri əvvəlcədən planlaşdırılaraq təşkil olunmuş və bu provokasiyanın səbəbkarları, təşkilatçıları və icraçıları ən azı aşağıdakılar olmuşdur:

Sovet İKP-nin Baş katibi M.S.Qorbaçov başda olmaqla mərkəzi rəhbərlikdəki müəyyən ermənipərəst dairələr. Onların Dağlıq Qarabağ məsələsində erməni separatçılara göstərdikləri dəstək və həm ümumiyyətlə münaqişənin əvvəldən ədalətli həllinin tapılmasında, həm də buna bütün imkanlara malik olduqlarına baxmayaraq Sumqayıt hadisələrinin vaxtında qarşısının alınmasında cinayətkar hərəkətsizliyi münaqişənin sonrakı alovlanmasına gətirib çıxarmışdır;

fürsətdən istifadə edərək Dağlıq Qarabağ Muxtar vilayətini Azərbaycandan qoparmaq və Ermənistana birləşdirmək istəyən erməni millətçi və separatçı qüvvələri;

erməni separatçılarının planlarını icra edən xüsusi hazırlıq keçmiş təxribat qrupu və unun tərəfindən hadisələrə təhrik olunmuş yeniyetmələr və müxtəlif cinayətkar ünsürlər.

Bununla belə SSRİ rəhbərliyi Sumqayıt hadisələrinin əsl sifarişçi və təşkilatçılarını aşkar edib məsuliyyətə cəlb etmək əvəzinə, onların müəyyən edilməsi üçün hər cür əngəllər törətmişdir.

Doğrudur, cinayətkarlardan biri olan erməni Eduard Qriqoryan da hadisələrə görə məsuliyyətə cəlb olunmuşdur.

İstintaq materiallarından artıq məlumdur ki, 1959-cu il təvəllüdlü, əvvəllər 3 dəfə mühakimə olunub üst-üstə 9 il 2 ay 13 gün həbsxanalarda yatmış qatı cani, milliyyətcə erməni olan Qriqoryan Eduard Robertoviç hadisələri törədənlərin ön cərgəsində gedən xüsusi hazırlıq keçmiş təxribat qrupu tərəfindən hadisələrə təhrik olunmuş yeniyetmələrə və müxtəlif cinayətkar ünsürlərə spirtli içkilər və narkotik maddələr qəbul etdirərək onları cuşa gətirən, sonra da "Qarabağ bizimdir!", "Erməniləri qırın!" kimi şüar və çağırışları ilə "Qarabağ" (komitəsi) və "Krunk" (cəmiyyəti) təşkilatlarına pul verməkdən imtina etmiş ermənilərin yaşadıqları mənzillərə istiqamətləndirmiş, talan və digər cinayətlərdə fəal iştirak etmiş və  şəxsən 6 nəfər ermənini qətlə yetirmişdir.

Lakin Eduard Qriqoryan təsadüfən ələ keçmişdir və o, hadisələrdən sonra, yəni zərərçəkmiş erməni qızlar - Marina və Karina Mejlumyan bacıları tərəfindən tanınandan sonra, yəni artıq iş-işdən keçəndən sonra, fakt qarşısında məsuliyyətə cəlb edilmişdir. Qriqoryan zərər çəkmiş ermənilər tərəfindən tanınmasaydı, onu da çox güman ki, məhz erməni olduğuna görə, təsadüfən tutulmuş adam kimi buraxacaqdılar, necə ki, onun həmin hadisələrdə tutulmuş digər qardaşlarını buraxmışlar.

Belə ki, hazırda aparılmış istintaqla müəyyən edilmişdir ki, Eduard Qriqoryanın özündən başqa daha 2 qardaşı həmin hadisələr zamanı erməni mənzillərinin talanmasında iştirak etmişdir.

Bundan əlavə, Sumqayıtda başqa ermənilər də, qəsdən təxribatlar törədib sonra bunu azərbaycanlıların boynuna yıxmağa çalışmışlar.

Məsələn Sumqayıtda, 9-cu mikrorayonda yaşayan Benik Qriqoryan ad-soyadlı bir erməni öz mənzilini, həmçinin Babayan soyadlı qohumunun mənzilini yandırıb sonra bunu bır azərbaycanlının üstünə atmışdır. Sonra həmin ermənilərin evlərinə baxış keçirilərkən məlum olmuşdur ki, faktiki olaraq boş mənzillər yanmışdır. İstintaq qrupunun üzvləri bu hala diqqət yetirdikdə Benik Qriqoryan onlara rüşvət təklif etmişdir. Amma SSRİ Baş Prokurorluğunun istintaqın qrupu həmin fakta heç bir hüquqi qiymət verməmişdir.

Hazırkı istintaqla birmənalı olaraq müəyyən edilmişdir ki, Eduard Qriqoryan və qardaşları Dağlıq Qarabağdan olan emissarlar ilə əlaqə saxlamış, onlardan əslən qarabağlı olan, erməni separatizmini qəbul etməyən, onların fondlarına pul köçürməyən ermənilərin ev ünvanlarını, habelə xüsusi həblər və spirtli içkilər almaq üçün pul almış, sonra ətrafına topladığı onun özü kimi cinayət meylli azərbaycanlı qonşuları ilə ümumi dil tapmış, onlara spirtli içki və insanda aqressivlik yaradan xüsusi həblər paylamış, quldurluq və soyğunçuluq etmək üçün yaxşı şansın yarandığını demiş və onları öz arxasınca Qarabağa erməni iddialarına qarşı keçirilən dinc mitinqin keçirildiyi meydana aparıb orada özünü Qafandan gəlmiş azərbaycanlı kimi təqdim edərək, ermənilərin guya Qafanda dinc azərbaycanlı əhalini qırdıqlarını, özlərinin isə bir maşın meyit gətirdiklərini mitinq iştirakçılarına danışaraq ermənilərdən intiqam almağa çağırmışdır. Daha sonra o, demişdir ki, onda ermənilərin siyahısı var, bilir hara getmək lazımdır və özü qabağa düşərək ona qoşulmuş 100 nəfərə yaxın adamla erməni mənzillərinin talan edilməsinə başçılıq etmişdir.

İş üzrə dindirilmiş Sumqayıt şəhərinin keçmiş güc strukturlarının işçilərinin bir neçəsi (R.Əliyev, T.Məmmədov, F.Camalov və qeyriləri) göstərmişlər ki, onlar faktiki olaraq Sumqayıt hadisələrinin istintaq və əməliyyat yolu ilə təhqiqindən kənarlaşdırılsalar da, müəyyən etmişlər ki, Sumqayıt şəhərində özlərini «Qafandan qovulmuş azərbaycanlılar» kimi təqdim edən 20-25 nəfərdən ibarət təxribat qrupu fəaliyyət göstərir. Bu barədə onlara hətta bəzi zərərçəkmiş ermənilər də məlumat vermişlər. Həmin məlumatlar SSRİ Baş Prokurorluğunun istintaq-əməliyyat qrupuna çatdırılsa da məlum olmayan səbəblərdən həmin məlumatların yoxlanması təşkil edilməmiş və nəticəsiz qalmışdır.

Eyni məzmunda ifadə SSRİ Baş Prokurorluğunun istintaq qrupunda tərcüməçi kimi fəaliyyət göstərmiş Nofəl Əhmədov tərəfindən verilmişdir. O göstərmişdir ki, istintaq-əməliyyat qrupunun üzvləri öz aralarında yuxarıda qeyd olunan təxribat qrupu barədə məlumat aldıqlarını dəfələrlə bildirsələr də, həmin təxribat qrupunun ifşa edilməsi üçün tədbirlər görməmişlər.

DTK-nın Sumqayıt şəhər şöbəsinin sabiq əməkdaşı olmuş Hacıəliyev Hacıəli Yarəli oğlu ifadəsində göstərmişdir ki, Sumqayıt hadisələrinin əsas təşkilatçılarından və icraçılarından biri olan «Paşa» ləqəbli Qriqoryan Eduard Robertoviç barəsində məlumat alaraq bu barədə SSRİ DTK-nın Sumqayıt hadisələri üzrə əməliyyat sahəsinə rəhbərlik edən Popov Yevgeni Alekseyeviçə məlumat vermiş, lakin o, buna şübhə ilə yanaşaraq milliyyətcə erməni olan şəxsin ermənilərə qarşı törədilən cinayətləri təşkil edə biləcəyinə inanmadığını demişdir. Təxminən mart ayının əvvəllərində DTK-nın Sumqayıt şöbəsinin rəisi Lebedev Vladimir Nazaroviç onu çağıraraq onun Eduard Qriqoryan barədə verdiyi məlumatın doğru çıxdığını və artıq onun həbs olunduğunu xəbər vermişdir. Hacıəliyevin ifadəsinə görə tapşırığa əsasən Eduard Qriqoryanın hadisələrdə iştirakı və onun əlaqələrinin müəyyən edilməsi üçün qeydiyyat-əməliyyat işi açmış, əməliyyatın gedişində Eduard Qriqoryanın əslən Qarabağdan olan milliyyətcə erməni olan «Osipov» və ya «Osipyan» soyadlı bir şəxslə hadisələr ərəfəsində dəfələrlə görüşüb uzun-uzadı söhbətlər aparmışdır. Sonradan Osipovun (Osipyanın) Özbəkistan SSR ərazisində yerləşən islah-əmək müəssisəsində cəza çəkməsi barədə məlumat aldıqda H.Hacıəliyev Özbəkistanın müvafiq orqanlarına sorğu göndərmək qərarına gəlmiş, lakin SSRİ DTK-dan gəlmiş nümayəndələr həmin sorğunu müxtəlif bəhanələr gətirərək imzalamaqdan və göndərməkdən imtina etmişlər.

Hacıəli Hacıəliyev həmçinin göstərmişdir ki, SSRİ Baş Prokurorluğunun istintaq qrupu yalnız kütləvi iğtişaşların icraçıları ilə maraqlanmış, cinayətin təşkilatçılarının müəyyən edilməsi istiqamətində obyektiv iş aparmamış, cinayətin təşkilatçıları barədə verilən əməliyyat tapşırıqlarının nəticələri ilə maraqlanmamışdır.

Sumqayıtda ermənilərin təxribat törətmələri onlardan bəzilərinin hadisələr dövründəki davranışlarından da aydın görünmüşdür. Belə ki, Sumqayıt şəhərinin baş pediatrı Qüliyeva Xalidə Şirin qızı ifadəsində göstərmişdir ki, şəhərdə qarşıdurma baş verdikdən dərhal sonra şəhərdə tibb işçilərindən ibarət xüsusi qərargah yaradılmış, təcili tibbi yardım maşınları yaralıları xəstəxanalara daşımış və onlara lazımi yardım göstərilmişdir. Milliyyətcə erməni olan Amalya adlı tibb bacısı ona yaxınlaşıb xəbər vermişdir ki, ölən ermənilərin hamısı Qarabağ əsillilərdir.

X.Quliyeva daha sonra göstərmişdir ki, Sumqayıtdakı hadisələr ərəfəsində Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya komitəsində çalışanlardan biri Sumqayıtda yaşayan və 2 №-li uşaq poliklinikasında baş tibb bacısı işləyən Svetlana adlı bacısına zəng vurub demişdi ki, şəhərdə tezliklə qarşıdurma yaranacaq və tapşırmışdı ki, şəhəri tərk etsin.

Sumqayıt hadisələrindən bir neçə ay sonra pediatrların Ümumittifaq qurultayında Ermənistan nümayəndə heyətinin tərkibində Dağlıq Qarabağdan olan Nelli Qriqoryan ad-soyadlı həkim fasilə zamanı ona yaxınlaşaraq, adamların az olduğu yerə çəkilib söhbət etmələrini xahiş etmiş, söhbət zamanı bildirmişdir ki, Dağlıq Qarabağda vəziyyət getdikcə gərginləşir, mitinqlərdə iştirak etməyənləri, uydurma «soyqırımı»nı dəstəkləməyənləri ləkələyir, müxtəlif bəhanələrlə həbs edirlər. Ermənilər Azərbaycanda da xüsusi planlar hazırlayır və həyata keçirməyə çalışırlar, hətta Sumqayıtda da bu istiqamətdə hazırda da təbliğat aparılır. Sumqayıt hadisələri zamanı həlak olan ermənilərin qohumlarına deyirlər ki, onlar «Krunk»un üzvü olsaydılar, sağ qalardılar.

Hadisələr dövründə Sumqayıt şəhərinin tabeçiliyində olan Hacı Zeynalabdin Tağıyev adına qəsəbədəki hərbi qarnizonda məskunlaşdırılmış ermənilərə göstərilən j tibbi yardımın vəziyyətinə nəzarət etmək üçün buradakı qospitalda olarkən ona xəbər verilmişdir ki, tibbi nəzarətdə ağır xəstə olan bir erməni uşağı vardır və ermənilər xəstə uşağın sağalma ehtimalının az olmasını bildiklərindən onu öldürüb sonra bunu azərbaycanlıların boynuna atmaq istəyirlər ki, guya azərbaycanlılar xəstə erməni uşağım öldürüblər. Həmin söhbəti eşidən kimi o, həmin uşağın yatdığı palataya yaxınlaşmış və orada tanıdığı erməni millətindən olan Silva adlı 1 nömrəli doğum evinin tibb bacısını görüb işarə ilə kənara çağırmış və Silva az sonra ona yaxınlaşıb xəbər vermişdir ki, ermənilər uşağın anasına deyirlər ki, «onsuz da uşaq gələcəkdə şikəst olacaq, qoy ölsün, aparaq meyiti Sumqayıtın mərkəzi meydanında Leninin heykəlinin yanında qoyaq, qoy görsünlər ki, azərbaycanlılar erməni uşaqlarına da rəhm etmirlər». Onlar dərhal əsgərlərin köməkliyi ilə həmin uşağı daha ciddi nəzarət altına almış və tibbi yardım göstərdikdən sonra uşağın vəziyyəti yaxşılaşmışdır.

Ermənilər özləri də etiraf etmişlər ki, Sumqayıt hadisələri olmasaydı Dağlıq Qarabağ münaqişəsi tamam başqa cür inkişaf edəcəkdi, Stepanakertdəki (Xankəndi) mitinqlər səngiyəcək və daşnakların planları alt-üst olacaqdı.

Həmin dövrdə Sumqayıt şəhər partiya komitəsinin ikinci katibi işləmiş Mələk Bayramovanın, şəhər Xalq Deputatlar Sovetinin İcra Komitəsinin sədri vəzifəsində işləmiş Məmmədov Təvəkkül Yaqub oğlunun və qeyrilərinin ifadələrindən görünür ki, şəhər rəhbərliyi və yerli güc strukturlarının fəaliyyəti Moskvadan göndərilmiş general Krayev və qeyrilərinin göstərişi və əmrləri ilə iflic vəziyyətinə salınmışdır.

«Sumqayıt» qəzetinin redaktoru Məlikov Qüdrət Balakişi oğlu ifadəsində göstərmişdir kirşəhərdə məlum hadisələr baş verdikdən sonra onlar yerli «Sosialist Sumqayıtı» qəzetinin növbəti nömrəsinin maketini çap etmək üçün hazırlamışlar. Lakin Moskvadan təyin edilmiş Krayev soyadlı hərbi komendant qəzetin çap edilməsinə icazə verməmiş və demişdir ki, hadisəni onların yazdığı kimi «ekstremistlər» deyil, bir yığın xuliqanlar törətmişlər, qəzetdə «ekstremistlər» barədə yazmaq olmaz. Moskvadan gəlmiş nümayəndə hətta onların məsələlərinə büroda baxılacağı və cəzalandırılacaqları ilə hədələmişdir.

Sumqayıt şəhər partiya komitəsinin sabiq təlimatçısı Rəhimov Seyfəddin Kərim oğlu ifadəsində göstərmişdır ki, Sumqayıtdakı həmin məlum hadisə günlərdə insanları sakitləşdirmək üçün mitinq iştirakçıları arasında söhbətlər aparmışlar. Lakin eyni zamanda meydanda anti-erməni təbliğatı aparan, özlərini Ermənistandan qaçıb gəlmiş və guya bir avtobus meyit gətirmiş şəxslər kimi təqdim edən yerli adama oxşamayan kişi və qadınlar da peyda olmuşlar. Xatırlayır ki, bir sarı rəngli «PAZ» markalı avtobusda belə bir dəstə mərkəzi meydanda da görünmüşdür. Avtobus mitinq iştirakçılarının ortasında dayananda avtobusdan avtobusdan çığırtılar eşidilmişdir. Avtobusun qapıları açılanda, onun içindən guya öldürülmüş insanların ayaqları görünürdü. Avtobusdan düşən şəxslər, qara geyimli gənc kişi və qadınlar qışqıra-qışqıra Ermənistanda ermənilərin azərbaycanlıları qırmaları, qadınların döşlərini kəsmələri və s. barədə ağlar səslə danışıb ermənilərdən qisas almağa çağırışlar etməyə başlamışlar. Mitinq iştirakçılarından kimsə onların yalan dediyini qışqırdıqda, avtobusdan düşən şəxslərdən biri həmin mitinq iştirakçısına tərəf dönüb «sən özün ermənisən» deyə camaatı onun üstünə qızışdırmış və ətrafındakılara «bunlardan hay çıxan deyil, mən bilirəm ermənilər harada yaşayırlar» deyərək, bir qrup şəxsi öz arxasınca aparmışdır.

Sumqayıt şəhər Daxili işlər şöbəsinin partiya komitəsinin sabiq katibi Xancanov Hüseynağa Ağayar oğlu ifadəsində göstərmişdir ki, ilk qarşıdurmalar fevralın 27-də qeydə alınmışdır. Ayın 28-də isə şəhərdə artıq 12 nəfərin öldürülməsi faktı baş vermişdir. Daxili işlər şöbəsinin o vaxtkı rəisi vəzifəsini icra edən, hazırda pensiyada olan milis podpoİkovniki Xanlar Cəfərov, vəziyyətə nəzarət etmək üçün şəhərə göndərilmiş general Krayevdən «Nasosnı» (indiki H.Z.Tağıyev) qəsəbəsində yerləşdirilmiş qoşun hissələrinin Sumqayıta yeridilməsinə göstəriş verməsini xahiş etdikdə, general Krayev ona «beş-on xuliqanın da öhdəsindən gələ bilmirsiniz» deyə kömək etməkdən imtina etmişdir. Bu səbəbdən itkilərin sayı daha da artmış ötən daha bir gün ərzində daha 20 nəfərin öldürülməsi qeydə alınmışdır. Ölənlərin 26-sı erməni, 6 nəfəri isə azərbaycanlı olmuşdur.

Yalnız bundan sonra şəhərə qoşun hissələri yeridilmiş, komendant saatı tətbiq edilmişdir. Şəhərə yeridilmiş Sovet Ordusu hissələrinin əsgərlərinin böyük əksəriyyəti erməni olmuşdur. Əsgərlər azərbaycanlılarla kobud davranmış, günahsız insanları həbs etmiş, onlara qarşı fiziki zor işlətmişlər. Onlara tapşırılmışdır ki, tutulanlar ermənidirsə, onları dərhal buraxsınlar. Bu səbəbdən erməni təxribatçılar ələ keçməmişlər.

Fevralın 27-də şəhər prokuroru İsmət Qayıbov baş vermiş cinayət faktları ilə əlaqədar cinayət işi başlasa da, artıq 4 gün sonra Moskvadan göndərilmiş SSRİ Baş Prokurorluğunun istintaq qrupu cinayət işini öz icraatına götürmüş, Sumqayıtın və ümumiyyətlə Azərbaycanın hüquq mühafizə orqanlarının əməkdaşlarını isə istintaq-əməliyyat tədbirlərindən kənarlaşdırmışlar. Belə bir şəraitdə ermənilərin qabaqcadan, qeyd-şərtsiz zərərçəkmiş tərəf kimi tanınması asanlaşmış, tutulan ermənilərin hamısı səhvən yaxalanmışlar kimi azadlığa buraxılmışlar.

H.Xancanovun özünü SSRİ DTK-nin baş müstəntiqi, polkovnik Zubtsev adlı birisi şəxsən sorğu-sual etmiş, on yeddi gün hər gün ona izahat yazdırmışdır. O, Zubtsevə bu cinayətlərin ermənilərin təxribatı olması barədə izahat verəndən sonra Zubtsev ona demişdir ki, bunu təkcə siz demirsiniz, bir çoxları deyir və vəd etmişdir ki, araşdırma aparacaq. Bundan sonra onlar hadisələrin baş verdiyi 3-cü mikrorayon ərazisinə getmişlər. Burada binaların dağıdılması sistemli şəkildə həyata  keçirilmişdir. Binaların aşağı mərtəbələrində yaşayan erməni ailələri və onların mənzilləri heç bir zərər görmədiyi halda, yuxarı mərtəbələrdə yaşayan erməni ailələri və onların mənzilləri hücuma məruz qalış, adamlar öldürülmüş, mənzillər qarət olunmuş və əmlak sındırılıb-dağıdılmışdır. O, bütün bunları Zubtsevə göstərib həmin vəziyyətin hansı səbəblərdən baş verə biləcəyini ona izah etmiş, bildirmişdir ki, əgər azərbaycanlılar həqiqətən erməniləri öldürmək niyyətində olsaydılar, elə aşağı mərtəbələrdəki mənzillərə soxular və orada yaşayan erməniləri öldürərdilər. Amma qətllər xüsusi plan və sxem əsasında həyata keçirilmişdir. Özünün apardığı araşdırmalar göstərmişdir ki, «Krunk» millətçi təşkilatına üzvlük haqqı ödəyən ermənilərə heç nə olmamış, qətlə yetirilən və xəsarət alan ermənilər isə bir qayda olaraq ermənilərin kasıb olanları və «Krunk»a pul ödəmək iqtidarında olmayan ailələrin nümayəndələri olmuşdur. Zubtsev onun dediklərini başa düşmüş, bir istintaqçı və kriminalist kimi cinayətlərin baş vermə səbəblərini və mexanizmini anlamış, geri qayıdarkən yolda ona: «Sizə inanıram və dediklərinizi faktlar da sübut edir. Amma siz kimə arxayınsınız? Heydər Əliyevə? O ki, artıq yoxdur», deyə bildirmişdir.

Sumqayıt şəhərinin psixiatrı Tağıyev Mail Bağı oğlu ifadəsində göstərmişdir 1988-ci ilin fevral ayının əvvəllərində o, məzuniyyət vaxtı Soçidə dincələrkən təsadüfən Sumqayıtda o vaxt rus dilində çıxan «Kommunist Sumqaita» qəzetinin müxbiri işləyən Anaida Martirosyan adlı qadınla rastlaşmış və fevralın 10-da Sumqayıta qayıdacağını bildirərək, bir yerdə qayıtmağı təklif etmişdir. Anaida isə demişidir ki, o, Sumqayıta bu tezliklə qayıtmaq istəmir, martın ortaları üçün qayıtmağı planlaşdırır. O təəccübünü bildirdikdə, Anaida demişdır ki, onun məzuniyyəti uzun deyil, amma bilir ki, tezliklə Sumqayıtda böyük xoşagəlməz hadisələr baş verəcək, o bu səbəbdən Sumqayıtda olmaq istəmir. O, Anaidanın bu sözlərinə o qədər də əhəmiyyət verməmiş, amma hadisələr başlayanda Anaidanın sözləri yadıma düşmüş və anlamışdır ki, Anaidaya məlum imiş ki, Sumqayıtda ermənilər tərəfindən təxribat törədiləcək.

Həkim olduğu üçün Sumqayıtda yaşayan ermənilərin əksəriyyətini tanımış və hadisə günlərində tibbi yardım üçün müraciət edən və ya gətirilən ermənilərin hamısının ermənilərin ən kasıb və sakitlərinin olduğunu görmüşdür.

Erməni tanışları ilə o vaxtkı təmaslarından ona məlumdur ki, Sumqayıtda «Krunk» təşkilatının emissarı o vaxt Qarabağdan Sumqayıta hərbi komissar kimi dəyişdirilib göndərilmiş Kalantarov soyadlı erməni polkovnik olmuşdur. O, buradakı ermənilərin hamısının siyahısını və ünvanlarını bilmiş və hadisələr ərəfəsində iş yerini dəyişmək adı ilə aradan çıxmışdır.

Abdullayev Hacı Məhərrəm oğlu ifadəsində göstərmişdir ki, Sumqayıt hadisələri ərəfəsində, 1987-ci ilin dekabrın son günlərində Ermənistanda, Qafan rayonunda, öz kəndlərində olmuşdur. Atası danışırmış ki, rayon mərkəzində ermənilər danışırmış ki, «Qarabağ» Komitəsi nə isə gizli bir əməliyyat hazırlayır. Həmin əməliyyatın həyata keçirilməsi Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsinə şərait yaratmalı imiş.

1988-ci ilin fevralın 26-da həmkəndliləri Əli Əliyev Sumqayıtda yaşayan oğlu Vəziri görməyə gəlmiş, o, Əli kişidən hal-əhval tutub, ata-anasınm vəziyyətini soruşmuşdur. Əli danışmışdır ki, ermənilər yenə hərbə-zorba gəlirlər, amma hələ ki, salamatlıqdır, amma camaatın bir hissəsi artıq köçməyə hazırlaşır. Eyni zamanda o danışmışdır ki, ermənilər azərbaycanlılar yaşayan kəndlərə özlərinin carçılarını göndərib hədələyirlərmiş ki, fevralın 20-nə kimi camaat çıxıb öz xoşu ilə getməsə, bütün azərbaycanlıları qıracaqlar. Hansı yollasa bu barədə Moskvaya məlumat çatmış və xəbər yayılmışdır ki, Makaşov soyadlı bir general Qafana gəlib aranı sakitləşdirmişdir.

O, bu xəbəri eşidib rahat olmuşdur ki, ata-anası təhlükədə deyillər. Həmin vaxt o, Sumqayıtda, avtovağzaldan bir qədər aralı «naxalstroy»da, yəni icazəsiz tikdiyi evdə arvadı və iki uşağı ilə yaşamış və Sumqayıtdakı 25 №-li Tikinti-quraşdırma idarəsində suvaqçı işləmişdir.

Həmin günlərdə onlar Ceyranbatan polimer zavodunun tikintisində çalışmışlar. Səhər tezdən marşrut avtobusu ilə işə gedib, axşamtərəfi evə qayıtmışlar. Fevralın 27- də səhər tezdən o, yaşadığı evdən Sumqayıt şəhər avtovağzalına gəlib oradan avtobusla işə getmiş, həmin vaxt şəhərdə sakitlik olmuşdur. Axşamtərəfi, saat 16 radələrində işdən geri qayıdanda Sumqayıt şəhər avtovağzalında bir canlanma müşahidə etmişdir. Təxminən 6-7 nəfər nimdaş qara kombinezon, yəni xüsusi fəhlə geyimi geyinmiş cavan kişilər ətraflarına toplaşmış 15-20 nəfərə ucadan deyirmişlər ki, guya Qafandan Bakıya bir maşın ermənilər tərəfindən vəhşicəsinə öldürülmüş azərbaycanlı meyiti gətiriblər. Onlar adamları qızışdırırmışlar ki, bəs niyə burada ermənilər ən yaxşı evlərdə yaşayırlar, ən pullu, asan və yüngül vəzifələrdə işləyirlər və onlara gözün üstə qaşın var deyən yoxdur? Adamlardan bəziləri onların sözünü təsdiq etmişlər. Həmin qara paltarlılar camaata demişlər ki, «Gəlin, gedək meydana, orada tələb edək ki, erməniləri şəhərdən qovsunlar, qulaq asan olmasa onları zorla özümüz qovarıq». Onlardan bir nəfər ləzgiyə, rusa oxşayanına «Paşa» deyə müraciət edirmişlər.

O görmüşdür ki, bunlar, yəni həmin heç əməlli-başlı azərbaycanlıya da oxşamayan 6-7 nəfər, yalan danışırlar, ara qarışdırırlar. Ona görə onlardan soruşmuşdur ki, «siz haralısınız, niyə yalan danışırsınız, mən özüm Qafanlıyam, dünən oradan gələn olub, orada heç kimi öldürməyiblər.»

«Paşa» və ətrafındakılar ona demişlər ki, guya onlar Qafandandırlar. O soruşmuşdur ki, siz Qafanın harasındansınız, hansı kənddənsiniz? Onlar demişlər ki, guya onlar Qafan şəhərinin özündəndirlər. O isə onlara demişdir ki, «siz Qafanlı deyilsiniz, mən sizin ləhcənizdən də bilirəm ki, oralı deyilsiniz.» Onlar onun sözlərimi lağa qoyub, hətta biri onu ermənilərin tərəfini saxlayan «satqın» da adlandırmış, hətta «bəlkə də lap ermənisən» demişdir.

Bundan sonra həmin şəxslər daha ona qulaq asmayıb Sülh küçəsi ilə şəhər bazarına tərəf getmişlər və onların ətrafına artıq xeyli adam toplaşmışdır.

O, həmin şəxslərin arxasınca gedib onların nə etmək istəmələrini, camaatı nə üçün qızışdırmalarının səbəbini bilmək istəmişdir. Onlar Lenin meydanına daxil olmuş və görmüşlər ki, burada artıq xeyli insan toplaşıb. Tribunada şəhər partiya komitəsinin katibi olan qadın və şəhər Sovetinin İcraiyyə Komitəsinin sədri Məmmədov olmuşlar. Orada kim isə mikrofon və səsgücləndirici quraşdırmışdır.

Yuxarıda qeyd edilən həmin 6-7 nəfər yenə başlamışlar ki, «ermənilər Qafanda camaatımızı qırıblar, bir maşın meyit gətiriblər.» Toplaşanlar anti-erməni şüarları qışqırmağa başlamışlar. Bu vaxt o, görmüşdür ki, Sumqayıt dram teatrının artisti Afaq Səfərova da buradadır. O, mikrofona yaxınlaşıb demişdir ki, araqarışdıranları, milli nifaq salmaq istəyənləri ifşa etmək lazımdır. O da yaxınlaşıb camaata qışqırmışdır: Ay camaat, yalanlara inanmayın, mən Qafanlıyam, dünən oradan gələn olub, mənim valideynlərim də oradadırlar, orada heç kimi öldürməyiblər, bu şayiədir.» Amma həmin qarakombinezonlular camaatın arasında gəzib aranı qızışdırmışlar, camaatın bəziləri onun özünü xain adlandırmışlar ki, guya erməniləri müdafiə edir. Bu vaxt onlar görmüşlər ki, kimsə daş atıb meydanın bir kənarındakı mədəniyyət evinin foyesinin şüşələrini sındırmağa başlamışlar.

Ağayev İqor Məmmədxanoviçin ifadəsindən görünür ki, 1988-ci il fevralın 28-də şəhər partiya komitəsinin qarşısında təşkil olunmuş mitinqdə çıxış edənlərdən biri saqqallı, uzun saçlı 40-45 yaşlarında, orta boylu və qeyri azərbaycanlı ləhcəsi ilə danışdığına görə diqqətini daha çox cəlb etmiş, sonradan təxminən saat 17 radələrində şəhər partiya komitəsindən 3-cü mikrorayon istiqamətində hərəkət edən kütlənin qarşısında təxminən 30-35 yaşlarında, idman cüssəli, Qafqaz millətinə oxşar, biri ağ şarfda, o biri isə uzun qara plaşda 2 nəfəri görmüş, sonradan SSRİ Prokurorluğunun müstəntiqi onu dindirərkən mitinqdə çıxış edən həmin şəxslər barədə məlumat vermiş, müstəntiq isə ona bildirmişdir ki, onları da həmin şəxs maraqlandırır, bu adam RF-da törətdiyi qətllə əlaqədar axtarışdadır, familiyası isə ya Petrosyan ya da Poqosyandır.

Sumqayıt hadisələri ilə əlaqədar məhkum olunmuş Həbibov Alim Əziz oğlu ifadəsində göstərmişdir ki, 1988-ci il 28 fevral tarixində «Sputnik» mağazasının qarşısına gəlmiş, orada mağazanın şüşələrinin sındırılaraq spirtli içkilərin və ağ rəngli dərman preparatlarının bir qrup şəxs tərəfindən adamlara paylanmasının şahidi olmuşdur.

Vəlixanov Niyazi Asif oğlu ifadə verərək göstərmişdir ki, yaradılmış istintaq briqadası prokurorluq, DİN-nin, DTK-nın müstəntiqləri və əməlyyatçılarından ibarət idi. Kütləvi iğtişaşlar amanı baş vermiş epizodların istintaqının aparılması üçün müstəntiqlərdən və əməliyyatçılardan ibarət ayrı-ayrı istintaq qrupları yaradılmış və həmin epizodlar bu qrupların arasında bölüşdürülmüşdür. Həmçinin kütləvi iğtişaşların təşkilatçıları barəsində də ayrıca qrup yaradılmışdır. İğtişaşların təşkilatçılarına dair hər hansı bir istintaq qrupu məlumat əldə edərdisə həmin qrupa məlumatları ötürməli idi. Məlum olmuşdur ki, həmin iğtişaşlarda milliyətcə erməni olan Qriqoryan Eduard Robertoviç də fəal iştirak etmişdir. Eduard Qriqoryan çox bic, ehtiyatlı adam idi və üzləşdirmələr zamanı digər təqsirləndirilən şəxslərə təsir göstərirdi.

İstintaq zamanı birmənalı bəlli olmuşdur ki, Sumqayıtda iğtişaşların baş verməsi müəyyən dairələrin marağında olmuşdur.

1991-ci ilin avqust ayında Moskvada baş vermiş çevriliş cəhdi ilə əlaqədar başlanmış cinayət işi üzrə yaradılan istintaq qrupun tərkibində o, intihar etmiş sabiq SSRİ Daxili işlər naziri Boris Puqonun xidməti otağında aparılan axtarış zamanı otaqda olan rəflərdəki sənədləri nəzərdən keçirərkən Mesxeti türklərinin Özbəkistandan qovulması, Dağlıq Qarabağ və digər bu cür hadisələrlə əlaqədar ayrı-ayrı qovluqlar olduğunu görmüşdür. Qovluqları vərəqləyərkən həm Dağlıq Qarabağda fəaliyyət göstərmiş «Krunk» təşkilatı, onun üzvləri barədə, həm də Qarabağla bağlı hadisələr barədə SSRİ DİN-nə ilk günlərdən məlumatların daxil olduğunu görmüşdür. Bu məlumatlar həm Ermənistan, həm Azərbaycan DİN-nin arayışlarından, həm də SSRİ DİN-nin müvafiq idarələrinin məlumatlarından ibarət olmuşdur. Bəlli olmuşdur ki, bütün baş verən hadisələr barədə SSRİ rəhbərliyinin ilk günlərdən məlumatı olmuş, lakin hərəkətsizliyə yol verilmişdir.

N.Vəlixanovun ifadəsindən həmçinin görünür ki, SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçov bildirmişdir ki, Sumqayıt hadisələrini törədənlər xuliqanlıq edən şəxslər olmuşdur. 1989-cu ilin yanvar ayında SSRİ Baş prokurorunun müavini A.Katusev Sumqayıta gəlmiş və həbsdə olan təqsirləndirilən şəxslər barəsində cinayət işlərinin istintaqının qısa müddətdə başa çatdırılmasını tələb etmişdir. Bundan sonra bütün qüvvə ilk növbədə təqsirləndırilən şəxslər barədə işlərin tamamlanmasına yönəlmişdir.

1988-ci ildə Azərbaycan «Dəmiryol vağzalı» mehmanxanasının direktoru işləmiş Dianova Səmayə Mirzə qızı və inzibatçısı işləmiş Nəcəfova Fazilə Abas qızının ifadələrinə görə 1988-ci ilin fevral ayında Ermənistandan gəlmiş bir neçə nəfər erməni millətindən olan şəxslərin mehmanxanada yaşamalarını və burada erməni millətindən olan müxtəlif şəxslərlə görüşmələrini görmüşlər. Həmin ermənilər özlərini onlara hüquq mühafizə orqanlarının işçiləri kimi təqdim etmiş və burada onlarla görüşməyə gələn ermənilərlə erməni dilində danışmışlar.

İstintaqla həmçinin müəyyən edilmişdir ki, 1988-ci ilin yanvar-fevral aylarında ermənilər tərəfindən Sumqayıt şəhərindəki əmanət kassalarından əmanətlər kütləvi şəkildə çıxarılmışdır.

Müəyyən edilmişdir ki, 1988-ci ilin yanvar-fevral aylarında, yəni Sumqayıt şəhərində kütləvi iğtişaş baş verməmişdən əvvəl şəhərdə fəaliyyət göstərilən 14 əmanət kassasından milliyyətcə erməni olan 84 əmanətçi tərəfindən 143.064 rubl məbləğində əmanətlər götürülmüşdür.

«Kapitalbank»ın 2 saylı Sumqayıt filialı tərəfindən əmanətlərin verilməsinə dair təqdim edilmiş ilkin sənədlərdən görünür ki, yuxarıda göstərilən dövr ərzində 18 nəfər 1000 rubldan artıq, 7 nəfər 2000 rubldan artıq, 8 nəfər 3000 rubldan artıq, 4 nəfər 4000 rubldan artıq, 3 nəfər isə 5000 rubldan artıq məbləğdə əmanətlərini götürmüşlər.

İstintaq zamanı müəyyən edilmişdir ki, 1988-cı ildə Sumqayıt şəhərindəki müxtəlif əmanət kassalarında 33 nəfər şəxs, müxtəlif vəzifələrdə işləmişlər.

İş üzrə şahid qismində dindirilmiş 1971-2007-ci illərdə 193 saylı əmanət kassasının böyük kassiri vəzifəsində işləmiş Quliyeva Yazgül Ələsgər qızı ifadəsində göstərmişdir ki, 1987-ci ilin axırlarından gedən söhbətlərdən, televiziyadan, qazetlərdən və digər mənbələrdən ona məlum olmuşdur ki, Dağlıq Qarabağda ermənilər mitinqlər təşkil edərək Azərbaycan Respublikasının tərkibindən çıxıb Ermənistan Respublikasına birləşmək istədiklərini bildirirlər.

1988-ci ilin əvvəllərində bankın işçilərindən eşitmişdir ki, ermənilər kütləvi şəkildə əmanət kassalarından qoyulmuş pulları çıxartmağa başlamışlar. 21 yanvar 1988-ci il tarixdə Siranuş Baranova adlı-soyadlı qadın tərəfindən 5000 rubldan çox məbləğində əmanətlərin götürülməsi ilə əlaqədar göstərmişdir ki, ondan əmanətin kassadan çıxarılmasının səbəbləri barədə soruşduqda sonuncu bildirmişdir ki, o, erməni olduğundan naməlum şəxslər tez-tez onun evinə zəng vurub hədə-qorxu gələrək «Krunk» komitəsinin fonduna pul verməsini tələb edirdilər.

İş üzrə şahid qismində dindirilmiş 1981-1995-ci illərdə 200 saylı əmanət kassasında nəzarətçi-operator vəzifəsində işləmiş Məmmədova Zəminə Mahmud qızı Ramella Ayrapetyana 03 yanvar 1988-ci il tarixdə 3000 rubl məbləğində əmanətin verilməsinə dair eyni məzmunlu ifadə vermişdir.

1975-1995-ci illərdə 178 saylı əmanət kassasında nəzarətçi vəzifəsində işləmiş şahid Cəfərova Xanım Rəhman qızı 29 yanvar 1988-ci il tarixdə Lida Martirosovaya 1638 rubl məbləğində əmanətin verilməsi ilə əlaqədar göstərmişdir ki, Lida Martirosovanı kassasının əmanətçisi kimi yaxşı tanımışdır. Sonuncu Dəvəçi rayonunda anadan olmuş və Azərbaycan məktəbini bitirmişdir. Pulları götürdüyü zaman bildirmişdir ki, ona naməlum şəxslər zəng vurub hədə-qorxu ilə gələrək «Krunk» komitəsinə pul tələb edirlər.

19 il 181 saylı əmanət kassasında kassir vəzifəsində işləmiş şahid Xəlilova Əzizə Tanrıverdi qızı ifadəsində göstərmişdir ki, 13 fevral 1988-ci il tarixdə əmanət kassasının yaxınlığında yaşayan Sayan Larisa Surenovna 5119 rubl məbləğində pulunu kassadan götürərkən ona demişdir ki, «Krunk»un üzvləri ona zəng vurub pul tələb edirlər.

177 saylı əmanət kassasının müdiri vəzifəsində işləmiş Musayeva Sevda Musa qızı ifadəsində göstərmişdir ki, 19.02.1988-ci il tarixdə 1013 rubl məbləğində əmanət Marina Osipyana verərkən, sonuncu ona hədələndiyini və ondan pul tələb edildiyini bildirmişdir.

Istintaqın gedişində həmçinin müəyyən edilmişdir ki, 1988-ci ilin yanvar-fevral aylarında, yəni Sumqayıt şəhərində kütləvi iğtişaş baş verməmişdən əvvəl şəhərdə fəaliyyət göstərən poçt bölmələrindən Ermənistanla çoxsaylı telefon danışıqları aparılmış, pul köçürmələri edilmişdir. Bununla bağlı həmin vaxtlar poçt bölmələrində işləmiş şəxslər müəyyən edilib dindirilmişdir.

11 saylı poçt bölməsində işləmiş Sorokina Marina Nikolayevna göstərmişdir ki, onunla birlikdə 1987-1988-ci illərdə həmin poçtda Jenya Arustamyan, Raisa Mejlumyan adlı qadınlar işləmiş, 1987-ci ilin axırlarından həmin şəxslər əksər hallarda yalnız öz aralarında söhbət etmiş, digər milliyyətdən olan işçilər onlara yaxınlaşdıqda söhbətlərini kəsmişlər. Eyni zamanda onlara çoxsaylı zənglər başlamış, yanlarına milliyətcə erməni olan şəxslər gəlmiş və pıçıltı ilə söhbətlər aparmışlar. Bundan başqa, əvvəllər onun işlədiyi poçt bölməsinin xidmətlərindən istifadə etməyən ermənilər tərəfindən Ermənistana pul köçürmələrin sayı artmışdır. Köçürmə məbləğləri 10-15 rubl olmuş, lakin sayı çox olmuşdur. Həmin köçürmələrin qəbzlərini o, poçt bölməsinin rəis müavini işləmiş Alyona Balayanın masasının üstündə, sonuncunun hansısa siyahı tərtib etdiyi zaman görmüşdür. Halbuki, bu köçürmələrin sonuncuya heç bir aidiyyəti olmamışdır. A.Balayan onu gördükdə həmin siyahının üstünü başqa sənədlə örtmüşdür.

Əhmədova Xeyrənsə Xantay qızı da eyni məzmunlu ifadə vermişdir.

Sumqayıt şəhər sakinləri Həsənov Firudin Morux oğlu, Ağamalıyev Nadir Hüseynəli oğlu, Cahangirzadə Filman Məmmədqulu oğlu və başqaları ifadə verərək göstərmişlər ki, Sumqayıt şəhərində qonşuları olan bəzi ermənilər hadisələr ərəfəsində Dağlıq Qarabağda ermənilərin separatçı hərəkətlərinə haqq qazandıraraq ekstremist çıxışlar etmiş, bununla əlaqədar müəyyən təbliğat işləri aparmışlar.

Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 1/48, mənzil 38 ünvanda yaşamış Artaş Qriqoryanın qonşuluğunda yaşayan Qasımova Nina Vasilyevna ifadəsində göstərmişdir ki, 1987-ci ilin axırlarıdan işlədiyi «Sintezkauçuk» zavodunda işləyən ermənilərin azərbaycanlılara, sonra isə hətta ruslara da qarşı münasibətlərinin dəyişdiyini müşahidə etmiş, onların birlikdə yığışıb öz dillərində söhbətlər aparmalarını, təbliğat vərəqələrinə oxşayan erməni dilində qəzetlər oxumalarını görmüşdür. Qonşuluğunda yaşayan Artaş Qriqoryan da qonşuları ilə münasibətlərini dəyişmiş, başqa millətdən olan qonşularla ünsiyyət saxlamamış, onun yanına yerli sakinlərə oxşamayan erməni millətindən olan şəxslər, Ermənistan nömrələri ilə avtomaşınlar gəlmiş, aralarında nə isə öz dillərində söhbətlər aparmışlar. Kütləvi iğtişaşlar ərəfəsində Artaş və həmin binada yaşayan digər ermənilər şəhəri tərk etmişlər. İğtişaşlarda iştirak etmiş şəxslər barədə o göstərmişdir ki, həmin şəxslər hündür boy, idmançı bədən quruluşuna malik cavan oğlanlar olmuş, onlar rus dilində danışmış və yerli sakinlərə oxşamamışlar.

Şahid qismində dindirilmiş Bayramova Natavan Ənvər qızı göstərmişdir ki, boru prokat zavodunda onunla bir laboratoriyada işləmiş Anatoli Davidyan, həm də onun qonşuluğunda yaşamışdır. 1987-ci ildən sonuncunun iş yoldaşları ilə rəftarı dəyişmiş, azərbaycanlılarla ünsiyyət saxlamamış, fəsilə vaxtını digər bölmələrdə işləyən ermənilərlə birlikdə keçirməyə başlamışdır. Bir neçə dəfə sonuncunun masasında erməni dilində müxtəlif sənəd və məktublar, pul köçürmələri qəbzləri görmüşdür. Bundan başqa A.Davidyanı bir neçə dəfə erməni millətindən olan tanımadığı şəxslərlə birlikdə öz dillərində danışan zaman görmüş, sonuncunun yanına Ermənistan nömrələri olan avtomaşınlar gəlib getmişdir. Bir iki dəfə sonuncu Dağlıq Qarabağın erməni torpağı olduğu barədə və bu torpaqlar səhvən Azərbaycana verildiyi barədə söhbətlər etməyə çalışmış, lakin digər işçilərin mənfi reaksiyasını görüb bu cəhdlərinə son qoymuşdur.

E.Qriqoryan və qeyrilərinin ittiham olunmalarına dair cinayət işinə baxmış Azərbaycan SSR Ali Məhkəməsinin üzvü Mansur İbayev göstərmişdir ki, cinayət işinə baxarkən müəyyən etmişdir ki, iş üzrə yalnız icraçılar məsuliyyətə cəlb olunmuş, həmin cinayətləri təşkil edənlərin erməni millətindən olan şəxslər olması barədə işdə kifayət qədər məlumatlar olsa da istintaq orqanı onların tapılıb məsuliyyətə cəlb edilmələri üçün heç bir tədbir görməmişdir. Ona görə də həmin cinayətləri təşkil etmiş şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilmələri üçün cinayət işinin bəzi epizodları üzrə işi əlavə istintaq aparılmasından ötrü istintaq orqanına qaytarmışdır.

Qriqoryan Eduard Robertoviç və qeyriləri barəsində olan cinayət işini hissəvi əlavə istintaqa qaytarılması barədə Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 22 dekabr 1989-cu il tarixli qərarında göstərilənlərlə əlaqədar epizodu üzrə:

27-29 fevral 1988-ci il tarixlərdə Sumqayıt şəhərində törədikləri cinayətlərdə Eduard Qriqoryanla birgə iştirak edən Səfərov Nizami müəyyən edilərək istintaqa cəlb olunaraq dindirilmişdir.

Nizami Səfərov verdiyi ifadələrində göstərmişdir ki, həmin hadisələrdə onunla bir blokda yaşayan Qriqoryan Eduard fəal iştirak etmişdir və bu hadisələr zamanı basqına məruz qalan binalarda ermənilərin hansı mənzillərdə yaşadıqlarını kütləyə bildirmişdir. Nizami Səfərov həmçinin göstərmişdir ki, 28 fevral 1988-ci il tarixdə Eduard Qriqoryan, onun qardaşı Albert Qriqoryan və qara plaşda olan tanımadığı adamlar öz aralarında erməni dilində danışaraq «QAZ-53» markalı maşında camaata arağın paylanması ilə məşğul olmuşlar. Bundan başqa həmin «QAZ-53» markalı maşında olan dəmir parçalar yerə tökülərək orada olan camaata verilmişdir. Eduard Qriqoryan da həmin dəmir parçalarından birini götürərək ermənilərə hücum etmək barədə çağırışlar etmişdir. Həmin gün Eduard Qriqoryan ona bir ədəd ağ rəngli həb vermiş və onu qəbul etdikdən sonra özünü daha güçlü və inamlı hiss etmişdir və etdiyi cinayətləri həmin dərmanın təsiri nəticəsində törətdiyini bildirmişdir.

Eduard Qriqoryanla birgə cinayətlər törədən Hüseynov Vaqif Vahabəli oğlu 22 noyabr 2006-cı il tarixdə ölmüşdür; digər iki iştirakçı İsayev Əfsər İslam oğlu və Məmmədov Qalib Qədirşah oğlıınun yerləri müəyyən edilməmiş, onların istintaqa cəlb edilməsi üçün əməliyyat tədbirləri keçirilir.

Hazırda Sumqayıt şəhərində yaşayan və həyat yoldaşları azərbaycanlı olan milliyətcə erməni Ağayeva (Manukyan) Lyudmila Arşakovna, Mustafayeva (Koxlikyan) Qretta Vaniçkayevna, Mirzoyan Nina Soqomonovna və digəıiərinin (11 nəfər) ifadələrində uzun müddət Sumqayıt şəhərində yaşadıqları müddətdə azərbaycanlılarla münasibətlərinin çox yaxşı olmasını, hadisələr ərəfəsində Sumqayıtda yaşayan varlı erməni ailələrinin köçüb getmələrini, «Qarabağ» komitəsinə onların pul köçürmələrini, basqına məruz qalanların kasıb ailələr olmasını göstərmişlər.

Kütləvi iğtişaşlar zamanı hərbçilər və qeyrilərinin hərəkətləri nəticəsində D.Xudatov, D.Orucov, Y.Qasımov S. Əliyev və V.Babayevin həlak olmaları faktına görə başlanaraq istintaqı aparılıb icraatına Bakı Qarnizonu Hərbi prokurorluğu tərəfindən 1988-ci il dekabrın 30-da xitam verilmiş və hazırda bu işə birləşdirilmiş cinayət işi üzrə aparılmış istintaqla müəyyən edilmişdir ki, Bakı şəhər sakini, milliyyətcə erməni olan Valeri Markaryan əsgərləri Sumqayıt şəhərinə gətirmiş və şəraitdən istifadə edərək yüksək təhlükə mənbəyi olan avtobusu küçədə dayanmış dinc insanların üstünə sürərək 4 nəfər azərbaycanlını qəsdən öldürmüşdür.

Həmin epizod üzrə 10 şahid dindirilmişdir. Həmin şəxslərdən 2-si zərər çəkmiş, 2-si zərər çəkmişin yaxın qohumları, 6-sı isə hərbiçiləri Sumqayıt şəhərinə aparmış avtobus sürücüləridir.

Şahid Şıxəliyev Rasim Sabir oğlu ifadəsində Markaryan Valeranın Sumqayıt şəhərində avtovağzalda 4-5 azərbaycanlını idarə etdiyi avtobusla vurub öldürməsini eşitdiyini göstərmişdir.

Sürücülər Babaşov Əmrah Məhəmməd oğlu, Qurbanov Məhərrəm Rzaağa oğlu da Markaryanın azərbaycanlıları avtobusla vurub öldürməsi haqda eşitmələri barədə ifadə vermişlər.

Markaryanın azərbaycanlıları avtobusla vurub öldürməsini hadisələrin şahidi olan Orlov Vyaçeslav Sergeyeviç (hazırda ölmüş) hələ 1988-ci ilin mart ayında SSRİ Baş Prokurorluğu istintaq qrupunun müstəntiqləri tərəfindən dindirilərkən bildirmişdir. O, öz ifadəsini Markaryanla üzləşmə zamanı da təsdiq etmişdir. Markaryan da üzləşmədə Orlovun ifadəsini təsdiq etmişdir.

Markaryanın avtobusla vurub öldürdüyü Əliyev Surxay Valeh oğlunun atası Valeh Surxay oğlu ifadəsində göstərmişdir ki, 1985-ci ildə Ermənistan SSR-nin Qafan rayonundan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə gələrək, kimya kombinatını yanındakı bir mərtəbəli, çiy kərpicdən tikilmiş 6 kv.m. evdə 8 nəfərdən ibarət ailə üzvələri ilə birlikdə yaşamış, 1988-ci ilin əvvəllərində bacısı uşaqları Qafan rayonundan gələrək, orada azərbaycanlıların ermənilər tərəfindən təzyiqlərə məruz qalmaları barədə məlumat vermiş, bundan sonra yaxın qohumları olan təxminən 10 nəfər qadın da Ermənistandan köçərək Sumqayıt şəhərinə gəlib onların yaşadığı daxmada məskunlaşmış, hətta evdə yer olmadığına görə kişilər çöldə yatmağa məcbur olmuşlar.

İbrahimov Səfixan İbrahim oğlunun ifadəsindən görünür ki, 29 fevral 1988-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhərində köhnə avtovağzalın ərazisində iş yoldaşı Qasımov Hacı Qasım oğlu ilə işə getdiyi zaman, birdən avtobusun adamları vurması barədə qışqırıq səsləri eşidib, nə baş verdiyini görmək üçün yolun hərəkət hissəsinə çıxmış, bu vaxt «BTR» zirehli maşınının onların üstünə gəldiyini görüb qaçmaq istəmiş, lakin buna macal tapmamış və nəticədə zirehli maşın onu və iş yoldaşını ayaq nahiyyəsindən vurmuş, tanımadığı bir nəfərin isə üstündən keçdiyini görmüşdür.

Hadisələrdən sonra Valeri Markaryan Bakı şəhərindən qaçıb getmişdir.

Hazırda Valeri Markaryanın da bir neçə nəfər şəxsi qəsdən öldürməsi faktına hüquqi qiymət verilməsi və məsuliyyət məsələsinin həll edilməsi üçün tədbirlər görülür.

27-29 fevral 1988-ci ildə Sumqayıt şəhərində törədilmiş iğtişaşlarla əlaqədar istintaq davam edir.