Sumqayıt hadisələri haqqında həqiqətlər ...
Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı
Yüklə (pdf)
Sumqayıt Sumqayıt hadisələri haqqında
Yüklə (pdf)
"Sovet İmperiyasının gizlinləri – Qriqoryanın işi"

“Krunk” və digər millətçi erməni təşkilatlarının tarixi

Ermənilərin Azərbaycan torpaqlarına və Azərbaycan xalqına qarşı təcavüzü, Ermənistanın, Dağlıq Qarabağın və Azərbaycanın digər rayonlarının azərbaycanlı əhalisinin zorla deportasiya edilməsi dərin struktura malik erməni təşkilatları şəbəkəsinin köməyi ilə həyata keçirilmişdir. Məhz 1980-ci illərin ortalarında Ermənistanda və DQMV-də yağışdan sonrakı göbələklər kimi çoxalmış bu təşkilatların köməyi ilə dinc Azərbaycan əhalisinə qarşı yüzlərlə terror aktı keçirilməsi mümkün olmuşdur.

Hətta ötəri təhlil də göstərir ki, mahiyyət etibarilə terrorçu olan bu təşkilatlar xaricdəki erməni diasporu tərəfindən, özü də SSRİ rəhbərliyinin məlumatı olduğu halda yaradılır və onlara sponsor köməyi göstərilirdi.

Erməni ziyalılarının nümayəndələri və erməni siyasətçiləri separatizmin başlanmasına məhz SSRİ-nin rəhbəri Mixail Qorbaçov və onun ətrafındakılar tərəfindən rəvac verilməsini təsdiqləyən çoxlu misallar göstərirlər. Onların sözlərinə görə, ermənilər arasında separatizm közərtisi həmişə olmuşdur, lakin sovet dövründə dövlət tərəfindən repressiyalar qorxusu olduğuna görə heç kəs bütün sovet quruluşuna meydan oxumağa cəsarət etmirdi, Buna baxmayaraq Mixail Qorbaçovun başçılıq etdiyi komanda hakimiyyətə gələndə çox şey dəyişdi. Hakim komandada müşavirlərin çoxu ermənilər idi. Millətçi əhval-ruhiyyəli müxtəlif erməni xadimləri ittifaqın ali partiya rəhbərliyi tərəfindən əzizlənirdi. Bu, Ermənistanda və Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində partiya liderlərinin əl-qolunu açmışdı.

1987-ci ildə Ermənistanın və DQMV-nin partiya rəhbərlərinin köməyi ilə Stepanakertdə (Xankəndi) ermənilərin gizli təşkilatı – Dağlıq Qarabağ İnqilabi İdarəetmə Komitəsi (Komitet Revolyusionnoqo Upravleniya Naqornoqo Karabaxa - KRUNK) adlı təşkilat yaradıldı. Bəzi erməni mənbələrinin yazdığına görə, “Krunk” sözü ermənicə “durna” deməkdir. Sovet rejiminin güclü olduğu dövrdə heç bir “Krunk” barədə söhbət belə ola bilməzdi. Erməni partiya rəhbərlərinin bu qəbildən olan bir sıra terror təşkilatı yaradılmasına rəvac verməsini sübut edən faktlar çoxdur. Məsələn, o vaxt DQMV Vilayət İcraiyyə Komitəsinin əməkdaşı olmuş Zahid Abbasov xatırlayır: 1987-ci ilə qədər biz mehriban qonşular kimi yaşayırdıq. Robert Koçaryan (indi Ermənistanın sabiq prezidenti) və Arkadi Qukasyan (Qarabağ ermənilərinin sabiq lideri) ilə yaxın dost idik, bir yerdə yeyir, içir, qonaq gedirdik. 1987-ci ildə ittifaq ictimaiyyətinə ermənicə qüssə və ayrılıq rəmzi olan “durna” kimi təqdim edilmiş gizli qeyri-formal “Krunk” təşkilatı yaradıldı. Lakin bu sözün adının başqa bir versiyası da vardı. Həqiqətə əvvəlkindən heç də az oxşamayan bu versiya belə idi – Komitet Revolyusionnoqo Upravleniya Naqornım Karabaxom” (“Dağlıq Qarabağ İnqilabi İdarəetmə Komitəsi”).

Bu barədə daha bir sübutu “Azərkitab” Respublika Kitab Ticarəti Birliyinin keçmiş direktoru Tamerlan Nağıyev təqdim etmişdir: “Bizim birliyin (“Azərkitab”ın) Stepanakertdə iki kitab mağazası vardı. Hər iki mağazanın direktorları qadın idi. Onlardan biri azərbaycanlılara düşmən kimi, o birisi dostcasına münasibət bəsləyirdi. Onlar rübdə bir dəfə hesabat vermək üçün Bakıya gəlirdilər. 1987-ci ilin axırlarında ikinci mağazanın direktoru məndən onu qəbul etməyimi xahiş etdi. Biz əyləşib bir qədər söhbət etdik. O söylədi ki, Ermənistandan DQMV-nə bəzi kişilər gəlmişdir, onlar təşviqat aparır, adamları “Krunk” təşkilatına üzv yazır, pul yığırlar. Kim razılaşmasa onu satqın elan edir, təqib edir, təhqirlərə məruz qoyurlar. Rəsmi hakimiyyət orqanlarından bizə kömək yoxdur, vilayətin (DQMV) partiya orqanları onlarla əlbirdir, adamlar hamısı qorxuya düşmüşlər. Biz hiss edirik ki, bunun axırı yaxşı olmayacaq, bəla baş verəcəyini hiss edirik”. Tamerlan Nağıyev həmin qadınla söhbəti əsasında Azərbaycan KP MK-ya məruzə təqdim etmiş, lakin heç bir cavab almamışdır.

Daha bir sübut. Salyan rayonundan Azərbaycan Ali Sovetinin keçmiş xalq deputatı, DTK-nın polkovnik-leytenantı Aydın Abdullayev: “Bütün 1987-ci il ərzində DTK-nın Stepanakert bölməsi Bakıya məlumat verirdi ki, Yerevandan olan emissarlar orada fəaliyyət göstərir, “Krunk”, o cümlədən DQMV-nin erməni rayonlarının partiya rəhbərləri fəallaşmışdır. Respublika DTK bu barədə İttifaq DTK-ya və əlbəttə, Azərbaycan rəhbərliyinə məruzə edirdi. Qəbul edilmiş qaydaya görə, SSRİ DTK Sov.İKP MK-ya məruzə edirdi. Oradan Bakıya, Azərbaycan DTK-ya heç bir sərəncam daxil olmamışdı. Yalnız onu deyirdilər ki, siz bu işə qarışmayın. Azərbaycan KP MK-dan verilən sorğulara da Sov. İKP. MK-nın cavabı eyni olurdu: “Heç bir tədbir görməyin!”.

Əslində SSRİ rəhbərliyi, SSRİ DTK və İttifaqın digər məsul təşkilatlarının rəhbərliyi “Krunk” qəbilindən olan erməni terror təşkilatlarının yaradılması barədə çox yaxşı bilirdi və bunu bilə-bilə DQMV-də separatizm meyllərinin kökünü kəsmək üçün heç bir tədbir görmürdü.

Oktyabr 1987-ci il. Yerevan. Ermənistan. Qondarma “Qarabağ” komitəsinin “Daşnaksutyun” Ermənistan İnqilabi Cəbhəsi adlı beynəlxalq erməni terror təşkilatı həmin dövrdə yaradılmışdır. Onun vəzifəsi Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində azərbaycanlıların bu ərazidən zorla qovulması üçün kütləvi terror metodlarından və üsullarından istifadə etməklə, genişmiqyaslı silahlı əməliyyatlar keçirməkdən ibarət idi. “Qarabağ” komitəsi yaradıldığı andan Yaxın Şərqdəki radikal təşkilatlarla qarşılıqlı fəaliyyət göstərməyə başlamışdı ki, terror əməliyyatları keçirilməsi təcrübəsinə malik olan etnik erməniləri öz sıralarına cəlb etsin.

1988-ci il. Moskva. SSRİ. “Daşnaksutyun”un hərbiləşdirilmiş bölmələri ilə sıx əlaqə saxlayan “Erməni İttifaqı” (Eİ) adlı erməni terror təşkilatı bu dövrdə yaradılmışdır. Məqsəd ASALA beynəlxalq erməni terror təşkilatının üzvlərini SSRİ ərazisində maneəsiz hərəkət etmək üçün saxta sənədlər və pul ilə təmin etmək idi. Erməni İttifaqı Azərbaycan Respublikasının Qarabağ bölgəsinin dağlıq hissəsində terror aktları keçirmək üçün silah və muzdlu quldurlarla təminat məsələlərində fəal iştirak edirdi.

1988-ci il fevralın 20-də Yerevandakı Yazıçılar Evində “Qarabağ” erməni terror təşkilatının fəaliyyət proqramı açıqlanmışdır. O dövrün konyunkturuna uyğun olaraq, bu proqram mətbuatda az qala “demokratiya və insan hüquqları uğrunda” mübarizə nümunəsi kimi təqdim edilirdi. Bu arada «Krunk” təşkilatının üzvləri Dağlıq Qarabağın Azərbaycan SSR tərkibindən çıxarılmasına nail olmaq məqsədilə orada cinayətlər və terror aktları törətməyə başlamışdılar. Bu banditlərin fəaliyyəti yerli erməni əhali tərəfindən mənfi qarşılanır, onlar hətta həmin çağırılmamış qonaqları oradan qovmağa çalışırdılar. Lakin banditlər arasında Yaxın Şərqdən olan əcnəbi muzdlular az deyildi. Onlar yerli erməni əhalisini qorxutmaq, qətllər və terror metodu ilə özlərinin qanlı  əməllərində iştirak etməyə məcbur edə bilmişdilər.

Rusiyalı publisist Yuri Pompeyev özünün “Qanlı Qarabağ girdabı” adlı kitabında qeyd edir ki, “Qarabağ” komitəsinin fəalları Stepanakertdə (Xankəndi) özlərinin “Krunk” adlı filialını yaratmışdılar. “Orada istefada olan podpolkovniklər və pedaqoji institutun dosentləri öz fəaliyyətlərinin planını bu şəkildə müəyyən etmişdilər: biz əvvəlcə partiya biletlərini kənara qoyacaq, sonra isə partizan müharibəsinə başlayacağıq”. Y.Pompeyev soruşur: “Bu müharibə kimə qarşı olacaqdır”. “Krunk” təşkilatının üzvü olan saqqalılar “İzvestiya” qəzetinin müxbiri A.Qazıxanova qışqıra-qışqıra demişdilər: “Biz ölməyə hazırıq. Əgər bizi ayırmasalar, hər şeyə əl atacağıq”.

Bir müddətdən sonra məhz “Krunk” erməni terror-təşkilatının fəalları Sumqayıt şəhərində erməni talanlarını təhrik edəcəklər. Həmin talanlardan əvvəlki bir həftə ərzində “Krunk” fəalları Sumqayıtın erməni əhalisindən pul yığır, həmin sakinlərə məsləhət görürdülər ki, onlar özlərinin əmanət kassalarında olan pullarını çıxarsınlar, varlı sex sahiblərinə isə tövsiyə etmişdilər ki, onlar ümumiyyətlə, şəhəri tərk etsinlər. Sonradan məlum oldu ki, Sumqayıt hadisələri zamanı öldürülən ermənilər əsasən “Krunk”dan olan emissarlara xərac ödəməkdən imtina edənlərdir. Onu da qeyd etmək lazımdır ki, Sumqayıtdakı iğtişaşlara rəhbərlik edən bu şəhərin sakini residivist cani Eduard Qriqoryan şəxsən özü bir neçə ermənini öldürmüş və zorlamışdır.

Rusiyalı yazıçı Yuri Pompeyev özünün “Qanlı Qarabağ girdabı” kitabında vaxtilə seçkilərdə Qalina Starovoytovanın, Ermənistanda bu gün də milli qəhrəman hesab edilən bu siyasətçinin vəkili olmuş Fyodor Şelov-Kovedyayevin çox əlamətdar bir fikrini sitat gətirir. F.Kovedyayev artıq Rusiyanın xarici işlər nazirinin birinci müavini vəzifəsində İl-68 təyyarəsində Brüssel-Moskva reysi ilə uçarkən etiraf etmişdi: “Dağlıq Qarabağda münaqişə yaxşı planlaşdırılmış, əvvəlcədən hazırlanmış bir aksiya idi. Onu həyata keçirmək Ermənistanın kommunist rəhbərliyinin üzərinə düşmüşdü”. Elə həmin F.Kovedyayevin sözlərinə görə, “Qarabağ hərəkatının liderləri millətin öz müqəddəratını təyin etməsi prinsipini hipertrofiyaya məruz qoyur, onu elə ifrat həddə çatdırırdılar ki, bu həddən sonra separatizm başlanır”.

DQMV separatçılarının ilk lideri elektrotexnika zavodunun direktoru Albert Seyranyan olmuşdu. O hələ 1970-ci illərin axırlarında “miatsum” (Ermənistanın və DQMV-nin birləşdirilməsi) məsələsini qaldırmışdı. 1988-ci ildə Stepanakertdən zorla qovulmuş Aləmşah Rəhimovun dedikləri: “1987-ci ildə onun (Seyranyanın) ölümündən sonra «Krunk”un lideri mərmər karxanasının direktoru Arkadi Manuçarov oldu. «Krunk”da külli məbləğdə pul yığılırdı”.

A.Rəhimov xatırlayır: “Stepanakertdə azərbaycanlılar yığcam halda, Paralelnaya, Lesnaya və Məlik Paşayev küçələrində yaşayırdılar. Artıq 1987-ci ildə bizim erməni qonşularımız açıq deyirdilər ki, onlar tezliklə Azərbaycanın tərkibindən çıxacaq və Ermənistana birləşəcəklər, onda onlar rahatca varlanacaq, zəngin və xoşbəxt ömür sürəcəklər. 1988-ci il fevralın 12-də iştirakçılarının sayı o qədər də çox olmayan ilk mitinq keçirildi. Fevralın 13-də keçirilən mitinq daha izdihamlı idi. Mən də maraq xatirinə həmin mitinqlərə getməyə başlamışdım. Hərdənbir zavoddakı iş yoldaşlarımla görüşür, onlarla dayanıb söhbət edirdik. Münasibət o qədər də xoş deyildi, lakin dözmək olardı, işdə mehriban münasibətlərimiz özünü göstərirdi. Mən vəziyyəti təhlil edərək başa düşdüm ki, bütün proses vahid mərkəzdən yaxşıca idarə edilir. DQMV-nin hər bir rayonu və hər bir böyük kəndi, Stepanakertin hər bir idarə və müəssisəsi mitinq keçirilən meydanda özünün ayrıca yeri vardı: Mən özüm görmüşəm ki, mitinqlərə çıxmaqdan imtina edən erməniləri döyür, “türk casusu” deyə təhqir edirdilər”.

1988-ci il martın 1-də “Krunk”un başçısı, Stepanakert tikinti materialları kombinatının direktoru Arkadi Manuçarov Stepanakertdə “drujinalar” təşkil etmişdi, onlar guya şəhərin küçələrində patrul xidməti keçirdilər. Həmin “könüllü dəstələr”in başçısı Stepanakertdəki Şaumyan adına stadionun direktoru Razmik Petrosyan idi (sonralar Qarabağ separatçılarının könüllü özünümüdafiə dəstələri qərargahının ilk rəisi olmuşdur). Xatırladaq ki, “Krunk”un ideoloji seksiyasına Stepanakert ipək əyirici fabrikinin partiya komitəsinin katibi (hazırda Ermənistanın sabiq prezidenti) Robert Koçaryan rəhbərlik edirdi.

“Krunk” təşkilatının rəsmi elan edilmiş məqsədləri bu regionun tarixini, onun Ermənistanla əlaqələrini öyrənmək, tarixi abidələri bərpa etmək idi. Əslində isə bu komitə kütləvi etiraz nümayişlərinin təşkilatçısı funksiyalarını öz üzərinə götürmüşdü. Tom de Vaal özünün “Qara bağ” kitabında yazır: “Krunk” Qorbaçov dövründə Sovet İttifaqında tətillərdən siyasi silah kimi istifadə etməyə başlamış ilk təşkilat oldu. DQMV-də aylarla davam edən tətillər başlandı, tədricən onlar regionun azərbaycanlı əhalisinin qovulmasına yönəlmiş tədbirlərə çevrildi.

1988-ci il martın 21-də Moskvada Sov.İKP MK Siyasi Bürosunun iclası keçirildi. Həmin iclasda, o cümlədən, Ermənistanda getdikcə genişlənən milli demokratik hərəkata, ilk növbədə “Qarabağ” komitəsinin və “Krunk” təşkilatının fəaliyyətinə qarşı müqavimət tədbirləri məsələsi müzakirə edilmişdir. Mərkəzi “Pravda” qəzetində “Emosiyalar və zəka” sərlövhəli geniş bir məqalə dərc edilmişdi. Həmin məqalədə Ermənistanda və Azərbaycanda baş verən hadisələr “ehtirasları coşduran və insanları ictimai qaydanı pozmağa sövq edən məsuliyyətsiz ekstremistlərin əməllərinin nəticəsi” kimi təqdim edilmişdi.

Lakin sonrakı hadisələr göstərdi ki, İttifaq rəhbərliyi ermənilərin baş qaldıran millətçi və terrorçu təşkilatları barəsində dildə bir söz deyir, əməldə isə tamam başqa şey edirdi. Zori Balayan 1988-ci ilin sentyabr ayında dərc edilmiş “Arsax: yaralar və ümidlər” adlı məqaləsində M.S.Qorbaçovla ilk görüşünü belə xatırlayırdı.

“Artıq 1988-ci ildə Qarabağ hərəkatı başlanandan dərhal sonra Sov.İKP MK-nın baş katibi M.S.Qorbaçov Silva Kaputikyandan və məndən soruşdu: “Bəs siz iki yüz yeddi min bakılı erməninin taleyi barədə fikirləşmisinizmi?”. Mən onun sualına sualla cavab verdim: “Əslində nəyə görə Bakıdakı iki yüz yeddi min erməninin taleyi barəsində düşünmək zərurəti yaranır, axı biz dövlətik...”.

Erməni millətçiliyinin ideya ilhamçıları ilə M.Qorbaçovun bu maraqlı dialoqundan göründüyü kimi hər iki tərəf millətlərarası münaqişənin qızışdırılmasının region xalqları üçün necə dəhşətli nəticələr doğuracağını lap yaxşı başa düşürdü. Hər şeydən əvvəl, ermənilərin öz xalqına qarşı “planlaşdırılmış şəkildə qan tökməyə” hazırlaşan nümayəndələrinin sakitliyi adamı mat qoyur. Elə həmin dövrdə «Krunk”un liderlərindən biri – A.Manuçaov bu barədə açıq danışırdı: “Biz məcbur edəcəyik ki, bizə atəş açsınlar!”. M.Qorbaçov, Sov.İKP MK Siyasi Bürosu və SSRİ xüsusi xidmətləri bu əhval-ruhiyyəyə yaxşı bələd idi. Sonrakı hadisələr göstərdi ki, Qorbaçovun erməni millətçiləri ilə görüşdə yalandan təşvişə düşməsi millətçilik ideoloqlarının mövqeyini yoxlamaqdan başqa bir şey deyilmiş. O, həmin kaputikyanların və balayanların “sivilizasiyalı və Allahın sevib seçdiyi” erməniləri “Stalin tərəfindən süni şəkildə yaradılmış bufer respublikasının vəhşi türkləri və tatarları” ilə qanlı münaqişə bataqlığına apara biləcəyinə əmin olmaq istəyirdi. Məlum oldu ki, onlar heç nədən çəkinmədən bu addımı atacaqlar, çünki kütləvi şəkildə nifrət və qisas hissini yalnız qan tökülməsi coşdurur, təqsirkar isə istənilən halda Azərbaycan olacaqdır. Öz vətəndaşlarının milli mənsubiyyətindən asılı olmayaraq onların təhlükəsizliyini təmin etmədiyinə görə Azərbaycanı tənbeh etmək və cəzalandırmaq mümkün olacaqdır.

DQMV-nin keçmiş komendantı, SSRİ Daxili İşlər Nazirliyinin DQMV-də dislokasiya edilmiş daxili qoşunlarının komandanının müavini, istefada olan general-mayor Henrix Malyuşkin deyir: “Mən Zori Balayanla görüşürdüm. Dağlıq Qarabağda millətlərarası ayrı-seçkiliyin qızışdırılmasında onun (Z.Balayanın) “çox böyük xidmətləri” olmuşdur. Balayan öz əsərlərində ermənilərin etnik müstəsnalığı barədə yazırdı. Onun azərbaycanlılara qarşı nifrəti aşıb-daşırdı. Lakin Sov.İKP baş katibi Mixail Qorbaçov da burada çox iyrənc rol oynamışdır. O dərhal Dağlıq Qarabağa gəlməli və ermənilərlə azərbaycanlılar arasında qardaş qırğınının qarşısını almalı idi. Lakin o bunu etmədi. Qorbaçov dövlət başçısı kimi öz vəzifələrini yerinə yetirməkdən hər vasitə ilə yaxasını kənara çəkirdi”.

M.Qorbaçovun müşaviri akademik Abel Aqanbeqyanın və ona oxşar digər erməni xadimlərinin bu sözləri də yalan idi ki, getdikcə genişlənməkdə olan münaqişənin səbəblərindən biri Qarabağ ermənilərinin Azərbaycanın digər vətəndaşları ilə müqayisədə guya pis şəraitdə yaşamasıdır. İttifaq səviyyəli bəzi partiya və dövlət xadimləri hələ 1988-ci ilin əvvəlində “Qarabağ hərəkatı”nın liderlərinin həqiqətən Dağlıq Qarabağ ermənilərinin taleyinə görə narahat olmasına tam əsasla şübhə edə bilərdilər.

Məsələn, 1988-ci il martın 25-də, yəni artıq Sumqayıt hadisələrindən sonra SSRİ Nazirlər Soveti Bürosunun sədrinin sosial inkişaf məsələləri üzrə birinci müavini Vladimir Laxtin “İzvestiya” qəzetində yazırdı: “Məsələn, mənzil sahəsi ilə təmin olunmaq göstəricisinə görə DQMV üzrə orta göstəricilər Azərbaycanın qalan hissəsi üzrə orta göstəricilərdən 1,4 dəfə yüksəkdir”. Daha sonra: “Vilayətdə vəziyyətin hər iki müttəfiq respublikada (yəni Ermənistanda və Azərbaycanda) vəziyyətdən daha yaxşı olmasını təsdiq edən başqa göstəricilər də vardır”. V.Laxtinin fikrincə, sərhədlərin dəyişdirilməsi üçün heç bir sosial-iqtisadi əsas yox idi.

İttifaq hökumətinin fəaliyyətsizliyi fonunda Azərbaycan SSR rəhbərliyi DQMV-dən olan erməni millətçilərinin liderlərinə qarşı öz gücü ilə mübarizə aparmağı qərara almışdı. Həmin insanların yerli hakimiyyət orqanlarının dəstəyinə arxalanaraq, inzibati metodlardan və hədə-qorxulardan istifadə edərək yerli erməni əhalini öz azərbaycanlı qonşularına və Azərbaycan SSR rəhbərliyinə qarşı çıxışlara vadar etməsini təsdiqləyən xeyli fakt toplanmışdı.

1988-ci il martın 23-də Stepanakertdə günlərlə davam edən tətillər başlandı. Bu tətillər DQMV-dən həyatı iflic vəziyyətinə salmışdı. Erməni millətçilər respublikanın hakimiyyət orqanlarına qarşı açıq qiyama çağırırdılar. Ertəsi gün, 1988-ci il martın 24-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti müvafiq qərar qəbul etdi. Bu qərara görə, “Krunk” cəmiyyəti və onun rəhbər orqanları bu buraxılır, icazəsiz yığıncaqlar keçirilməsi və digər tədbirlər qadağan edilirdi.

«Krunk” rəsmən buraxılmış olsa da, faktiki olaraq öz fəaliyyətini davam etdirirdi, çünki ittifaq rəhbərliyinin köməyi olmadan Azərbaycanın hüquq-mühafizə orqanları bu cəmiyyətin fəaliyyətini sərt tədbirlərlə dayandıra bilməzdi. Mayın 8-də «Krunk” komitəsinin fəaliyyətinin qadağan edilməsi ilə əlaqədar Direktorlar Şurası yaradılması qərara alınmış və 1991-ci ilin axırlarında qondarma Dağlıq Qarabağ Respublikasının qondarma Ali Sovetinə qondarma seçkilər keçirilənə qədər həmin Şura “Qarabağ ermənilərinin milli hərəkatı”na rəhbərlik etmişdi. 1988-ci ilin baharında Azərbaycan SSR rəhbərliyi «Krunk” komitəsini korrupsiyaya qurşanmış klanların yuxarı təbəqəsi elan etdi, bu təşkilatın rəhbəri Arkadi Manuçarov isə xüsusilə böyük həcmdə oğurluqlar etməkdə ittiham üzrə SSRİ prokurorluğu tərəfindən həbs edildi.

Həmin illərdə Azərbaycan SSR baş prokuroru olmuş İlyas İsmayılov xatırlayır ki, 1988-ci ildə Respublika Prokurorluğu Manuçarovun barəsində cinayət işi qaldırmışdı. İ.İsmayılov deyir:Cinayət işini Prokurorluğun müstəntiqi, çox savadlı və namuslu bir insan olan Boqomolov aparırdı. O, Manuçarovun bir sıra cinayətlərdə əli olmasını tamamilə sübut etmişdi. Bu iş üzrə daha 14 nəfər həbs edilmişdi və onlar hamısı, Manuçarov da daxil olmaqla, DQMV-nin Şuşa şəhər həbsxanasında saxlanılırdı. Xankəndində hətta bu cinayət işini oğurlamağa cəhd göstərilmişdi. Lakin Boqomolov sənədləri qoruyub saxlaya bilmişdi. Ermənilərin şikayətləri ilə əlaqədar Manuçarovun işi respublika prokurorluğundan SSRİ prokurorluğuna verilmiş, orada da obyektiv istintaq aparılmışdı”.

“Manuçarovun işi”ni aparan Vladimir Boqomolov xatırlayır: “Oğurluqların təhqiqatı ilə əlaqədar müstəntiqlərə, o cümlədən mənə qarşı müxtəlif təhrikçi hərəkətlər edilirdi. Bizə qarşı kütləvi protest aksiyaları, o cümlədən Azərbaycan SSR-in DQMV üzrə prokurorluğunun binasına hücumlar təşkil edilirdi. Biz Manuçarovun bir sıra cinayətlərdə əli olmasını tamamilə sübut edə bildik. Bu iş üzrə daha 14 nəfər həbs edilmiş, və onlar hamısı, Manuçarov da daxil olmaqla, Şuşa həbsxanasında saxlanılırdı”.

Boqomolov daha sonra deyir: “İttifaqın partiya orqanları mənə təkidlə məsləhət gördülər ki, mən vilayət ərazisində görünməyim. Bu “tövsiyələr”in müəllifləri təhqiqatın davam etdirilməsini istəməyən Sov.İKP MK üzvləri idi. Bir müddətdən sonra Sov. İKP MK funksionerlərinin səhlənkarlığı ucbatından şəxsən mənə divan tutmaq və istintaq materiallarını məhv etmək məqsədilə bir neçə minlik kütlə vilayət prokurorluğunun binasına hücum etmişdi. Gözlənilmədən Sov.İKP MK Siyasi Bürosundan belə bir göstəriş daxil oldu: bizim topladığımız cinayət işinin materialları həmin adamlara verilsin”.

Boqomolovun fikrincə, “Krunk”un həbs edilmiş liderləri çox böyük məbləğdə vəsait mənimsəmişdi. O deyir: “Bu məbləğ bir neçə yüz min sovet rubluna bərabər idi, halbuki o vaxt bir Amerika dolları cəmi 60 qəpiyə ekvivalent idi. O vaxt üçün bu, astronomik məbləğ idi. Həmin pullardan vilayətdə separatizmi inkişaf etdirmək üçün istifadə olunurdu”.

Azərbaycan SSR-in keçmiş Baş Prokuroru İ.İsmayılov xatırlayır ki, günlərin bir günü SSRİ Baş Prokuroru Aleksandr Suxarev Bakıya gəlmək niyyətində olduğunu bildirdi. O vaxt onun müavini Aleksandr Katusev Bakıda idi. Suxarev “Sovetskaya” mehmanxanasında qalırdı. SSRİ Baş Prokurorluğunun müstəntiqi, A.Manuçarovun işinin icraat üçün verildiyi Konstantin Maydanyukun da iştirak etdiyi görüşdə Suxarev maraqlanırdı ki, Manuçarovun barəsində qətimkan tədbirini dəyişmək və onu azad etmək olarmı? Lakin müstəntiq etiraz edərək bildirdi ki, dövlət əmlakının mənimsənilməsi və digər cinayətlər törədilməsi barədə bütün ittihamlar sübut edilmişdir. Onda Suxarev bu iş üzrə həbs olunmuş bütün 14 şəxsin hamısını Rusiyaya yatab etməyi təklif etdi. Lakin müstəntiq yenə mənfi cavab verərək bildirdi ki, bu halda təhqiqatı başa çatdırmaq mümkün olmayacaqdır.

Elə bu anda Suxarevə hökumət telefonu ilə zəng vurdular. Məlum oldu ki, zəng edən Sov.İKP MK Siyasi Bürosunun üzvü Aleksandr Yakovlevdir. O, təkidlə maraqlanırdı ki, həbs olunanlar nə üçün indiyə qədər azad edilməmişlər. Maraqlıdır ki, Suxarev ona belə cavab verdi: İstintaqa xitam vermək mümkün deyil, çünki Manuçarovun və digər şəxslərin korrupsiya ilə məşğul olması və dövlət vəsaitlərini mənimsəməsi cinayəti tamamilə sübuta yetirilmişdir. Yakovlev telefonda uzun müddət qışqıra-qışqıra nə isə deyirdi.

Ertəsi gün sovet hüquq sistemində misli görünməmiş bir hadisə oldu. Hərbi vertolyot Şuşa həbsxanasının həyətində yerə endi və prokurorun sanksiyası olmadan Arkadi Manuçarovu götürüb Moskvaya apardı. Manuçarovu bir müddət Lefortovo həbsxanasında saxladılar. Sonra, SSRİ Ali Sovetinin deputatları, qatı millətçilər Zori Balayan, Qalina Staravoytova və başqaları bu işə qarışdılar və istintaq altında olan Manuçarovun il yarımlıq həbs müddəti başa çatandan sonra onu azad etdilər və Ermənistana göndərdilər. Orada o, respublika Ali Sovetinin deputatı seçildi.

Azərbaycan SSR-in keçmiş Baş Prokuroru İ.İsmayılov deyir: “Lakin Sov.İKP MK Siyasi Bürosunda erməni lobbisi tərəfindən misli görünməmiş təzyiqə baxmayaraq, Manuçarovun işini dərhal bağlamaq mümkün olmadı. SSRİ Ali Məhkəməsi bu işin təhqiqatını Belorusiya Ali Məhkəməsinə həvalə etdi, o isə işə baxmaqdan imtina edərək onu Brest vilayət məhkəməsinə göndərdi. Brest vilayət məhkəməsi işi əlavə təhqiqata qaytardı, bir müddətdən sonra isə SSRİ-nin dağılması ilə əlaqədar bu cinayət işi ləğv edildi. O vaxt Azərbaycana qarşı bu cür qüvvələr işləyirdi. Manuçarov separatistlərin lideri və sponsoru idi. Əlbəttə, onlar xaricdəki erməni təşkilatları və 50-yə yaxın erməninin müxtəlif vəzifələrdə işlədiyi Sov.İKP MK ilə əlbir idilər”.

Xatırladaq ki, məhz vətəndaşlardan daxil olmuş ərizələr əsasında Azərbaycan Baş Prokurorluğu tərəfindən “Krunk”un lideri Arkadi Manuçarova qarşı cinayət işi qaldırılmış, onun evində axtarış aparılmış və evin divarına hörülmüş vəziyyətdə külli miqdarda daş-qaş tapılmışdır. Daş karxanasının direktoru kimi onun fəaliyyətində çoxlu cinayətlər aşkar edilmişdir. Lakin Sov.İKP MK-nın Baş Katibinin arvadı Raisa Qorbaçova bu işə müdaxilə etdi. SSRİ DİN daxili qoşunları Manuçarovu Şuşa həbsxanasından götürmək üçün şəhər vətəndaşlarına qarşı zor tətbiq etməli olmuşdular. Beləliklə, Qorbaçovun ətrafındakı qüvvələrin birbaşa müdaxiləsi və dəstəyi ilə oğru və cani A.Manuçarov milli azadlıq hərəkatına rəhbərliyini davam etdirirdi.

“Vlast” adlı sovet jurnalı bu barədə “Arkadi Manuçarov azadlıqdadır!” adlı materialda yazırdı:

“Arkadi Manuçarov, 60 yaşı var, Stepanakert tikinti materialları kombinatının direktoru, “Krunk” komitəsinin əsasını qoyanlardan biridir. 1989-cu il avqustun 27-də həbsdə olduğu vaxt Ermənistan SSR ali sovetinin deputatı seçilmişdir. 1990-cı il mayın 20-də Ermənistanda keçirilən respublika seçkilərində yenidən deputat olmuşdur. Arkadi Manuçarov 1988-ci il noyabrın 28-də Yerevanda rüşvətxorluqda ittiham olunaraq həbs edilmişdir. Qərbli dövlət xadimləri onun həbsi ilə əlaqədar etirazlarını bildirmiş, bəyanatlar vermişlər. Andrey Saxarov və onun həmkarlarının çoxu – SSRİ xalq deputatları Manuçarovun taleyinə görə çox narahat idilər. Həbs ediləndən il yarım sonra onun həbsxanada saxlanılması üçün son leqal əsaslar yoxa çıxmışdır. SSRİ Ali Məhkəməsi onun barəsində qətimkan tədbirinin başqa yerə getməmək barədə iltizam ilə əvəz olunması barədə qərar qəbul etmişdir”. («Власть» jurnalı (№ 21(21), 04.06.1990).

DQMV-nin keçmiş komendantı, SSRİ Daxili İşlər Nazirliyinin DQMV-də dislokasiya edilmiş daxili qoşunlarının komandanının müavini, istefada olan general-mayor Henrix Malyuşkin xatırlayır: “Həm DQMV-nin özündə, həm də onun ətrafındakı Azərbaycan rayonlarında iki xalq arasında amanabənd barışıq yaranan kimi “qara qüvvələr işə qarışırdı. Elə təsəvvür yaranırdı ki, kənardan kimsə bu proseslərə dirijorluq edirdi”.

H.Malyuşkin daha sonra yazır: Stepanakertdə (Xankəndi) və DQMV-nin bütün ərazisində sanki komanda üzrə peyda olan emissarlar millətçi məzmunlu vərəqələr yayır, yerli erməniləri azərbaycanlılara qarşı çıxışlara təhrik edirdilər... Tezliklə biz müəyyən etdik ki, bu emissarlar Ermənistandan gəlmişlər. Stepanakertdə aparılan əməliyyat işləri nəticəsində biz hətta DQMV-də vəziyyət barədə əhaliyə yanlış informasiya yayan gizli radiostansiyanın işləməsini aşkar etmişdik. Sizə deməliyəm ki, ermənilərin heç də hamısı Azərbaycandan ayrılmaz istəmirdi. Lakin barışığa çalışan ermənilər amansız təqiblərə, bəzən isə hətta terrora məruz qalırdı. Məsələn, DQMV ictimaiyyəti tərəfindən Azərbaycanın dövlət xadimləri ilə görüşə göndərilmiş Qriqoryanın aqibəti belə olmuşdu. Həmin görüşdə əldə edilmiş razılaşmaya görə, yaranmış vəziyyətdən çıxış yolları tapmaq lazımdır. Qriqoryan DQMV-yə qayıdandan sonra onu öldürdülər. Bu hadisədən sonra o vaxta qədər əldə edilmiş bütün razılaşmalar dərhal ləğv edildi”.

Aydın olur ki, erməni millətçilər və “Krunk” kimi təşkilatlar Ermənistan-Azərbaycan münaqişəsini qızışdırmağa çoxdan və yaxşı hazırlaşır, bu işdə kənar qüvvələrə arxalanırdılar. Separatist hərəkatın təşkilatçılarından biri olan İqor Muradyan bu barədə britaniyalı jurnalist Tom de Vaala məlumat vermişdi.

İ.Muradyanın sözlərinə görə, 1986-cı ilin yayında qarabağlılar daşnakların köməyi ilə yüngül atıcı silahının ilk dəstini almışlar. Sonralar silah göndərilməsi mütəmadi hal almışdı. Özü də nədənsə Çexiyada istehsal edilmiş silah daha çox idi. Bu silahlar əsasən Dağlıq Qarabağa göndərilirdi. “Qarabağda bütün təşkilatlar silahlanmışdı. Yerli komsomolçuların hamısının şəxsi silahı vardı”. (Том де Ваал http://news.bbc.co.uk/hi/russian/in_depth/newsid_4640000/4640183.stm).

Təəccüb doğuran bu etiraf onu göstərir ki, erməni fəallarından ən azı biri iki respublika arasında mübahisənin genişlənərək silahlı münaqişəyə çevrilə biləcəyinə əmin idi.

İ. Muradyanın müasir Qarabağ hərəkatını necə planlaşdırması və təşkil etməsi barədə söylədiklərindən bəlli olur ki, yüksək partiya vəzifəli xadimlərin dinməzcə dəstəklədiyi və çoxlu sayda insanların uğurla səfərbər edildiyi bu kampaniya çox diqqətlə hazırlanmışdır. Yeri gəlmişkən, İ.Muradyanın söhbətindən məlum olur ki, o özü də, bir sıra başqa ermənilər də ovaxtkı hadisələrin mənasını anlamaqda qorxulu bir ağ ləkə ilə üzləşmişlər. Tom de Vaal xüsusi vurğulayır: “Muradyan vəziyyət barədə öz təsəvvürünü şərh edərkən Azərbaycanın mövqeyini və Dağlıq Qarabağda yaşayan qırx min azərbaycanlının buna necə münasibət bildirəcəyinə tamamilə laqeyd idi.

Mən ondan soruşdum: “Bəs azərbaycanlılar? Doğrudanmı onlarla heç olmasa məsləhətləşmək və ya onların fikrini öyrənmək cəhdləri olmamışdı?” Muradyan bu sualı eşidən kimi qaşqabaqlı halda dilləndi: “Düzünü bilmək istəyirsiniz? Mən sizə düzünü deyəcəyəm. Bu adamların taleyi bizi maraqlandırmırdı. Onların taleyi bizi o vaxt da maraqlandırmırdı, indi də maraqlandırmır”. (Том де Ваал, http://news.bbc.co.uk/hi/russian/in_depth/newsid_4640000/4640183.stm).

“Krunk”un və digər millətçi təşkilatların liderləri onların iştirakı ilə təhrik edilmiş erməni-azərbaycanlı qarşıdurmasının xalqlar arasında əsl qanlı müharibəyə çevrilməsində fəal iştirak etmişlər. Bunun üçün erməni təşkilatları münaqişə rayonuna xaricdən külli miqdarda silah və çoxlu muzdlu göndərməyə başlamışdı.

Parisdə nəşr edilən “Jurnal dü dimanş” qəzeti 1990-cı il yanvarın 24-də yazırdı: “Son günlər Livandan Yerevana ağır silahlar, minomyot və avtomatlarla dolu təyyarələr gəlməkdə davam edir. Bu təyyarələrin yükü gecələr erməni gömrükxana işçilərinin nəzarəti altında boşaldılırdı. Respublikadan kənarda heç bir himayəsi olmayan bu qüvvələr ən çox erməni ekstremistlərini dəstəkləyir. Artıq bir neçə ildir ki, aeroportun gömrükxanasında milliyyətcə rus olan heç bir qulluqçu yoxdur. Ola bilsin ki, bu silahların daşınması sentyabr ayından başlanmışdır. Dağlıq Qarabağda, Yerevanda və kəndlərdə, paytaxtla Azərbaycan sərhədi arasındakı ərazidə vətəndaş müharibəsi başlanandan bəri orada tez-tez silahlı qruplara, eləcə də istənilən hərəkəti etməyə hazır olan, dəhşətli dərəcədə coşmuş cavan oğlanlara rast gəlmək olar. Çox vaxt həmin qruplara Beyrutdan və Dəməşqdən gəlmiş ermənilər başçılıq edirdi”.

Fransız qəzeti yazırdı: “Küçə döyüşləri taktikasını yaxşı bilən yüzlərlə livanlı erməni buraya vizasız gəlmişdir. Onların bir qismi Yerevanda yerləşmiş, əksəriyyəti isə sərhədyanı Gorus (Ermənistan) və Xanlar (Azərbaycan) rayonları ətrafına yola düşmüşlər. Qonşu respublikalarda olduğu kimi Qarabağ komitəsi həmin dəstələri öz əlində saxlayır, onları Azərbaycana qarşı yönəldirdi. Ölkənin şərqinə səfər etmək üçün vertolyotu yalnız həmin komitə verə bilər. Bu Qarabağ komitəsi əsl hərbiləşdirilmiş komitəyə çevrilmişdir”.

Mahiyyət etibarilə bu o deməkdir ki, Ermənistana, oradan isə Ermənistan-Azərbaycan sərhədinə və DQMV-yə kütləvi şəkildə göndərilən peşəkar terrorçuların müharibə aparmaq və pozucu terror fəaliyyəti ilə məşğul olmaq sahəsində böyük təcrübəsi vardı. Az sonra Avropa həbsxanalarından azad edilmiş peşəkar erməni terrorçular Vazgen Sisliyan, Martiros Jamqoçyan, nəhayət Monte Melkonyan da buraya gələcək, DQMV-də döyüş əməliyyatlarında və Azərbaycanın dinc əhalisinin məhv edilməsində çox fəal iştirak edəcəklər.

Ermənistanın daxili işlər naziri L.Qalstyanın 1990-cı il iyulun 11-də imzaladığı rəsmi məlumatdan aydın olur ki, Ermənistanda artıq çoxlu sayda qeyri-rəsmi silahlı qruplaşmalar, o cümlədən “Erməni milli ordusu”, “Respublikaçılar partiyasının müstəqil ordusu”, “Milli İttifaq Hərəkatı”, “Sasunlu David”, “Qisasçılar”, “Hay dat” (ermənicədən tərcümədə “Erməni məhkəməsi” deməkdir) və digər mobil silahlı qüvvələr fəaliyyət göstərir.

Bu quldur dəstələrinin üzvlərinin ümumi sayı ən azı 10 min nəfər idi. Hər dəstənin öz uniforması, rabitə vasitələri və nəqliyyatı, Yerevanda qərargahları vardı, onların fəaliyyətini əlaqələndirmək üçün isə Ermənistan SSR rəhbərlərinin iştirakı ilə “hərbi şura” yaradılmışdı.

Yerevandan və xaricdəki erməni diasporu tərəfindən idarə edilən bu bandit dəstələri aviasiya, avtomobil və dəmir yol nəqliyyatında yüzlərlə terror aktı törətmiş, məktəbləri, yaşayış binalarını, müəssisələri və digər obyektləri partlatmış, nəticədə Azərbaycanın yüzlərlə dinc vətəndaşı həlak olmuşdur. Onların əsas məqsədi Azərbaycan tərəfini cavab hərəkətlərinə təhrik etmək və bununla da Azərbaycan torpaqlarına qarşı təcavüzə haqq qazandırmaq idi. 1991-ci il noyabrın 20-də erməni canilər tərəfindən törədilmiş terror aktı nəticəsində Xocavənd (Martuni) rayonunun Qarakənd kəndi yaxınlığında Azərbaycanın “Mİ-8” hökumət vertolyotu istilik raketi ilə vurulmuşdur. O vaxt 22 nəfər, o cümlədən vertolyotun heyəti və sərnişinlər – Azərbaycanın görkəmli dövlət və hökumət xadimləri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər, Qarabağ münaqişəsinin dinc yolla həllinə nail olmaq məqsədilə Qarabağ ermənilərinin rəhbərləri ilə görüşmək üçün DQMV-yə uçan şəxslər həlak olmuşdur.

Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Məmməd Qədirovun əldə etdiyi məlumata görə, 1991-ci il noyabrın 20-də Azərbaycan hökumət vertolyotunun vurulması beynəlxalq terrorçu Avo Monte Melkonyanın qrupu tərəfindən DQMV-də törədilmiş ilk iri terror aktı olmuşdur. Erməni muzdlu qatilləri Azərbaycan Hökumət vertolyotunu məhv etmək üçün ciddi taktiki hazırlıq işləri aparmış, regionda o vaxta qədər məlum olmayan istilik raketlərindən istifadə etmişdilər. Beləliklə, erməni terrorçular və onlarla əlbir olan qüvvələr münaqişənin dinc yolla həll edilməsinə heç bir ümid qalmamasına nail oldular və indi həmin münaqişə iki tərəf arasında açıq hərbi qarşıdurmaya çevrilmişdir.

Azərbaycan SSR-dən seçilmiş SSRİ xalq deputatları hələ 1990-cı ilin sentyabr ayında SSRİ Ali Sovetinin sessiyasına və İttifaqın rəhbərlərinə müraciət edərək onları Azərbaycan əhalisinin zorla deportasiya edilməsinə və millətlərarası münaqişəni qızışdırmaqda təqsirkar olan Ermənistan SSR rəhbərlərini cəzalandırmağa çağırmışdır. Müraciətdə deyilir:

“Ermənistana başçılıq edən millətçilər öz uğurları ilə fəxr edə bilərlər – azərbaycanlılar bu respublikadan qovulandan sonra Ermənistan SSRİ-də monoetnik əhali tərkibli yeganə respublikaya çevrilmişdir. Onların çox xoşladığı “Ermənistan ermənilər üçündür” şüarı həyata keçirilmişdir.

Ermənistanın azərbaycanlı əhalisinə qarşı cinayətkar hərəkətlərə SSRİ Ali Soveti tərəfindən siyasi və hüquqi qiymət verilməlidir. Bu, xüsusən ona görə zəruridir ki, Ermənistanda törədilən özbaşınalıqlar cəzasız qaldığına görə ölkənin başqa regionlarındakı destruktiv qüvvələri də cəlb edir.

Biz SSRİ Ali Sovetindən ədalətin bərpa edilməsi və azərbaycanlı qaçqınların Ermənistanda əsrlər boyu yaşadığı doğma yurdlarına qaytarılmasına zəmanət təmin edilməsi üçün təsirli tədbirlər görülməsini tələb edirik. Biz Ermənistanın Azərbaycan SSR-ə qarşı təcavüzü və Azərbaycan xalqının soyqırımı faktlarının təhqiq edilməsi üçün SSRİ Ali Sovetinin səlahiyyətli istintaq komissiyası yaradılmasını tələb edirik...” (Azərbaycan SSR-dən olan SSRİ xalq deputatlarının SSRİ Ali Sovetinin sessiyasına müraciəti, “Bakinski raboçi” qəzeti, 23 sentyabr 1990-cı il).

Azərbaycanın partiya, ictimai və mədəniyyət xadimləri tərəfindən M.Qorbaçova və İttifaq rəhbərlərinə dəfələrlə müraciət edərək dünya erməni terrorizmi və onun xaricdəki əlaltıları tərəfindən Azərbaycan xalqına qarşı elan edilmiş işğalçılıq müharibəsinə son qoyulması üçün zəruri tədbirlər görülməsi tələbi ilə bir sıra başqa müraciətləri də yada salmaq olar.

“Krunk”, “Qarabağ” və digər erməni təşkilatları faktiki olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsas təşəbbüsçüləri olmuş, iki xalq arasında münaqişəni qarşısıalınmaz hala çevirmək məqsədilə Azərbaycanda, o cümlədən Bakı metropolitenində yüzlərlə terror aktı həyata keçirmişlər. bütün bu proseslərdə ittifaq rəhbərliyinin, ilk növbədə Mixail Qorbaçovun və onun ətrafındakı qüvvələrin də təqsiri az deyildir. Onlar xaricdəki erməni diasporu və kənar siyasi qüvvələr tərəfindən sponsorluq edilən erməni separatizminin nazı ilə oynamağın və onları dəstəkləməyin nəticələrini çox gözəl bilirdilər.