Sumqayıt hadisələri haqqında həqiqətlər ...
Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı
Yüklə (pdf)
Sumqayıt Sumqayıt hadisələri haqqında
Yüklə (pdf)
"Sovet İmperiyasının gizlinləri – Qriqoryanın işi"

Ermənistanda azərbaycanlılara qarşı talanlar (1987-1988-ci illər)

XIX əvvəlində, Azərbaycan xanlıqlarının Rusiya İmperiyasının tərkibinə daxil olmasından əvvəlki dövrdə o vaxt İrəvan (Erivan) xanlığının bir hissəsi olan müasir Ermənistan ərazisinin əhalisinin xeyli hissəsini azərbaycanlılar təşkil edirdi.

Erməni tarixçisi Corc Burnutyanın yazdığına görə, XIX əsrin ilk rübündə İrəvan xanlığının əhalisinin 80 faizini müsəlmanlar təşkil etmiş, qalan 20 faizi isə xristianlar (ermənilər) olmuşdur. (George A. Bournoutian. «Eastern Armenia in the Last Decades of Persian Rule, 1807—1828», Malibu: Undena Publications, 1982, рр. 22, 165).

1828-ci ildə İrəvan xanlığı Rusiya İmperiyasına birləşdiriləndən sonra azərbaycanlıların çoxu bu ərazini kütləvi şəkildə tərk etmiş, onların yerinə isə İrandan, sonra isə həm də Osmanlı İmperiyasından köçürülmüş ermənilər gəlmişdir. Bu cür miqrasiya prosesləri daha az miqyasda XIX əsrin axırlarına qədər davam etmişdir. 1832-ci ildə keçmiş İrəvan xanlığının ərazisində ermənilərin sayı artıq müsəlmanların sayından çox idi.

Brokqauz və Yefronun ensiklopediyasına görə, XX əsrin əvvəlində “demək olar ki, bütün Rus Ermənistanında” azərbaycanlılar məskunlaşmışdı. İrəvan quberniyasında onların sayı təqribən 300 min nəfər və 37,5% təşkil edirdi. Quberniyanın yeddi qəzasından dördündə azərbaycanlıların sayı ermənilərdən çox idi, o cümlədən Erivan (indiki Yerevan) şəhərində azərbaycanlılar əhalinin 49 faizini təşkil edirdi (müqayisə üçün: ermənilər 48% təşkil edirdi). 1905-ci ildə bu regionda olmuş səyyah Luici Villari bildirir ki, İrəvanın azərbaycanlı əhalisi bütövlükdə ermənilərdən daha varlı idi; torpağın çox hissəsi onlara məxsus idi («Fire and Sword in the Caucasus by Luigi Villari, London, T. F. Unwin, 1906: p. 267).

1905-1906-cı illərdə İrəvan quberniyası ermənilərlə azərbaycanlılar arasında toqquşma meydanı olmuşdur (o vaxt bu hadisələri “erməni-tatar qırğını” adlandırırdılar).

Rusiya İmperiyası dağılandan sonra 1918-ci ildə Azərbaycan və Ermənistan müstəqil respublikalar olanda gərginlik yenidən artmışdı. Daşnakçı Ermənistan Zəngəzurda və yuxarı Qarabağda Azərbaycan torpaqlarını ilhaq etməyə başlamışdı. Osmanlı Türkiyəsindən olan köçkün erməniləri burada məskunlaşdırmaq məqsədilə Ermənistanın dinc azərbaycanlı əhalisini kütləvi şəkildə məhv etməyə və qovmağa başlamışdılar. Amerikalı tarixçi F.Kazemzadə erməni tarixçisi A.Boryana istinadla bildirir ki, 1918-1920-ci illərin müstəqil Ermənistanın daşnak hökuməti idarəçilik ehtiyacları üçün deyil, “müsəlman əhalini qovmaq və onların mülkiyyətini ələ keçirmək üçün” yaradılmışdır. (Firuz Kazemzadeh, PhD, University of Harvard, «The struggle for Transcaucasia, 1917-1921», Philosophycal Library inc., NY, USA: 1951, s. 214-215).

Əsrlər boyu Ermənistanda yaşamış azərbaycanlılar sovet dövründə planlı şəkildə diskriminasiyaya məruz qalır, sosial sıxıntılarla üzləşirdi. Nəticədə ölkənin etnik mənzərəsində ciddi dəyişikliklər yaranmışdı. Buna baxmayaraq XX əsrin sonlarında Qarabağ müharibəsinə qədər azərbaycanlılar Ermənistanın etnik azlıqları arasında ən çoxsaylı qrup kimi qalırdı. Sovetləşmədən sonra Ermənistana qayıdan azərbaycanlılar nisbətən az idi: 1926-cı ilin siyahıyaalmasına görə, belə şəxslərin sayı cəmi 78 min olmuşdur. 1939-cu ilə qədər onların sayı artıq 131 minə çatmışdır.

1947-ci ildə SSRİ Nazirlər Soveti “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul etmişdir. Nəticədə 100 minə yaxın azərbaycanlı “könüllü şəkildə” Azərbaycanın insan yaşamayan Muğan düzünə köçürülmüş, əslində isə deportasiya edilmişdir. Sonrakı dörd ildə azərbaycanlılar Ermənistandan deportasiya edilmiş, öz yaşayış yerlərini xaricdən gələn erməni repatriantlara güzəşt etməli olmuşdur. 1959-cu ildə Ermənistanda azərbaycanlıların sayı təqribən iki dəfə azalaraq 107 min olmuşdur. Bundan sonra Ermənistanda qalmış azərbaycanlıların Yerevandan və digər iri şəhərlərdən qovulması prosesi başlanmışdır. Yerevanda vaxtilə əhalinin əksəriyyətini təşkil edən azərbaycanlıların sayı 1979-cu ildə azalaraq 0,7 faizə, 1989-cu ildə isə 0,1 faizə düşmüşdür.

Azərbaycanlıların Ermənistandan sıxışdırılması prosesi nisbətən süst formada da olsa XX əsrin 60-70-ci illərində də davam edirdi. O vaxt azərbaycanlıların mədəniyyət və təhsil müəssisələri, Azərbaycan dilində çıxan qəzetlər bağlanır, azərbaycanlı əhalinin savadlı hissəsi və Azərbaycan ziyalıları Ermənistandan çıxırdı.

Bu proseslər nəticəsində 1987-ci ilə qədər Ermənistan SSR-in azərbaycanlı əhalisinin əksəriyyəti respublikanın yüksək dağlıq rayonlarında yaşayan kəndlilər idi. 1979-cu ildə əhalinin siyahıya alınması nəticələrinə görə, Ermənistanda azərbaycanlılar əhalinin cəmi 6,5 faizini təşkil edirdi, halbuki XX əsrin əvvəlində azərbaycanlılar Ermənistan əhalisinin 40-50 faizini təşkil edirdi.

Azərbaycanlıların Ermənistan SSR-dən tamamilə deportasiya edilməsi Qarabağ münaqişəsinin başlanması ilə əlaqədardır. 1987-1990-cı illərdə Ermənistan SSR-dən təqribən 200 min azərbaycanlı deportasiya edilmişdir. Onların 4 mindən çoxu 1988-ci ilin fevral ayında baş vermiş Sumqayıt hadisələrindən əvvəl qovulmuşdur.

Lakin bundan bir neçə il əvvəl, 1983-cü il aprelin 24-də, Ermənistanda qondarma erməni soyqırımı qurbanlarının xatirə günündə gələcək faciəli hadisələrdən xəbər verən çox güclü həyəcan siqnalı səslənmişdi. İş burasındadır ki, 1965-ci ildən başlayaraq İttifaq rəhbərliyi erməni tərəfinin xahişi ilə hər il aprelin 24-də erməni “soyqırımı” günü ilə əlaqədar tədbirlər keçirilməsini bəyənmişdir. O vaxtdan hər il həmin gün mitinq-yürüşlər keçirilir, çox vaxt bu tədbirlər iğtişaşlara və Ermənistanın azərbaycanlı əhalisinin ünvanına hücumlara çevrilirdi. Həmin gün, 1983-cü il aprelin 24-də erməni ekstremistlər Masis (Zəngibasar) rayonunun mərkəzində azərbaycanlıların toy məclisinə (Kərim və Sona Qafarovların oğlunun toy məclisinə) soxulmuş və orada qırğın törətmişdilər. Masis rayonunda mitinq keçirən ermənilər gəlinin evinə soxulmuş və 4 nəfəri ağır yaralamışdılar. Bundan əlavə onlarca adam xəsarət almışdır. (Сенубер Сараллы, «Геноцид.Аннотация районов. Список погибших и жестоко убитых в Западном Азербайджане в 1987-1992 гг»). Bundan sonra zərər çəkmiş azərbaycanlılar dəfələrlə şikayət ərizələri ilə müraciət etmiş, lakin yerli orqanlar həmin şikayətləri qəbul etməmişdir. Bu haqsızlıqdan hiddətlənən zərərçəkmişlər ittifaqın mərkəzi hakimiyyət orqanlarına müraciət etməyə məcbur olmuşdu. Bununla belə həmin cinayətin törədilməsində təqsirkarlara qarşı cinayət işi qaldırılmamışdır.

“Elə həmin gün, 1983-cü il aprelin 24-də azərbaycanlıların qəbiristanlığı dağıdılmışdı. Ermənilərin bu vandalizm aktına etiraz əlaməti olaraq azərbaycanlılar Türkiyə sərhədində toplaşmış və Türkiyə ərazisinə keçmək tələbi ilə aksiya keçirmişdilər. Yalnız bundan sonra Ermənistanın Masis rayonunun rəhbərliyi qəbiristanın bərpa edilməsi barədə sərəncam vermiş və bu iş bir gecəyə görülmüşdür. Buna baxmayaraq, Moskvadan hadisə yerinə gəlmiş komissiya öz yekun aktında millətlərarası ayrı-seçkilik zəminində baş vermiş faciəli hadisəni məişət zəminində münaqişə kimi qiymətləndirmişdir. Heç kəs lazımi cəzasını almadı və bununla da qəddar, davakar millətçiliyin növbəti çıxışlarına start verildi”. (Габиб Рагимоглу, «Незабвенные имена, незалеченные раны»).

Erməni millətçilər tərəfindən azərbaycanlıların ünvanına ilk hədələr 1986-cı ildə eşidilməyə başlanmışdır. O vaxt xaricdəki erməni diasporunun bəzi dairələrində Qarabağ məsələsi hələlik qeyri-rəsmi şəkildə qaldırılmışdı. Elə həmin il və növbəti, 1987-ci ildə Azərbaycanda əsasən Ermənistanın Qafan və Mehri rayonlarından olan qaçqınlar yaranmağa başlamışdı. 1986-1987-ci illərdə Azərbaycan SSR hökuməti Sumqayıtda və onun ətrafında məskunlaşdırılmış həmin qaçqınlar barəsində xüsusi qərarlar qəbul edir, lakin “xalqlar dostluğu” naminə bunu o qədər də açıqlamır.

SSRİ-nin rəhbəri Mixail Qorbaçovun müşaviri akademik Abel Aqanbeqyanın 1987-ci ildə Parisdə çıxan “Yumanite” qəzetində onun “DQMV-ni Ermənistanın tərkibində görmək” arzusu barədə bəyanatı Ermənistanda M.Qorbaçovun Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə razı olması kimi qiymətləndirilmişdir. Bu söhbətlər respublikada ildırım sürəti ilə yayılmış, bu da millətlərarası münaqişənin əsasını qoymuşdur. Həmin qığılcım qısa müddətdə bütün Ermənistanda antiazərbaycan isteriyası yanğınına çevrilmişdir.

Britaniyalı jurnalist Tom de Vaal yazır ki, 1987-ci ilin noyabr ayında erməni ekstremistlər Ermənistanın Qafan rayonundan olan azərbaycanlıları qovmuşlar. Britaniyanın BBC şirkəti isə belə bir məlumat yaymışdır ki, 1988-ci il yanvarın 25-də azərbaycanlılar Ermənistanın Qafan rayonundan qovulur.

Şahidlərin sözlərinə görə, bu faciə Ermənistanın cənubunda, Mehri və Qafan rayonlarında azərbaycanlıların yığcam şəkildə yaşadığı kəndlərdə başlanmışdır. 1987-ci ilin noyabr ayında Bakı dəmir yol vağzalına iki yük vaqonu gəlmişdi. Həmin vaqonlar etnoslararası münaqişələr nəticəsində Qafandan qaçmağa məcbur olmuş azərbaycanlılarla dolu idi. Həmin hadisələrin şahidləri, o cümlədən milliyyətcə erməni olan dul qalmış bakılı Sveta Paşayeva qaçqınların Bakıya necə gəlməsini görmüş, onlara paltar və yemək aparmışdır.

Qafan rayon partiya komitəsinin ikinci katibi Aramais Babayan britaniyalı jurnalist Tomas de Vaala verdiyi müsahibəsində 1987-ci ilin noyabr ayında azərbaycanlıların Qafan rayonundan köçüb getməsi faktını inkar etməmiş, lakin bildirmişdir ki, onlara qarşı heç bir zorakılıq olmamışdır, “azərbaycanlılar ona görə köçüb gedirdilər ki, onlar nədənsə qorxurdular”.

Gördüyümüz kimi, azərbaycanlıların Ermənistan SSR-dən qovulması Qarabağ münaqişəsinin başlanmasından və Sumqayıt hadisələrindən xeyli əvvəl başlanmışdır.

Azərbaycanlıların Qərbi Azərbaycan ərazisindən kütləvi şəkildə qovulmasının təşkilatçısı Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Suren Arutyunyan idi. Kommunist cildinə girmiş bu daşnak 1965-ci ildə erməni “soyqırımının” 50 illiyi ilə əlaqədar Yerevanda tələbələrin yürüşlərini və iğtişaşlar təşkil etmişdi. Beləliklə, XX əsrin əvvəlində Daşnak hökuməti tərəfindən başlanmış azərbaycanlıların etnik təmizlənməsini sovet Ermənistanının kommunist hökuməti başa çatdırmışdır.

Təqribən 1988-ci il yanvarın 25-də Qafandan Bakıya azərbaycanlı qaçqınlarla dolu 4 avtobus gəlmişdi. Bu insanların hamısı dəhşətli vəziyyətdə idi. Onlar əsasən qadınlar, uşaqlar və qocalar idi. Aralarında cavanlar az idi. Çoxları möhkəm döyülmüşdü.

1988-ci ilin fevralında bu deportasiya kampaniyasının mexanizmi tamamilə nizamlanmış və işə salınmağa hazır vəziyyətdə idi. O dövrdə Qafan rayon partiya komitəsinin ikinci katibi olmuş Aramais Babayan təsdiq etmişdi ki, 1988-ci ilin fevral ayında bir gecə iki min azərbaycanlı həqiqətən Qafan rayonunu tərk etmişdi. Lakin onun fikrincə, bu adamların kütləvi şəkildə rayonu tərk etməsinin səbəbi “şayiələr və provokasiyalar” olmuşdur.

1988-ci ilin fevral ayında Qarabağ ermənilərinin “yazıçı və rəssamlardan ibarət” üçüncü nümayəndə heyəti Moskvaya gəlmişdir. Bu vaxt Dağlıq Qarabağa on minə yaxın intibahnamə çatdırılmışdı. Həmin vərəqələrdə “miatsum” (Ermənistanın və DQMV-nin birləşdirilməsi) uğrunda mübarizəyə çağırış səslənirdi. Sonrakı bütün hadisələr elə əlaqələndirilmişdi ki, onların başlanması Qarabağ nümayəndə heyətinin Moskvadan qayıtması ilə eyni vaxta düşsün. Millətlərarası münaqişənin əsas təhrikçilərindən biri, Qarabağ hərəkatının fəal üzvü İqor Muradyan o günləri belə xatırlayır:

“Fevralın 12-dən 13-nə keçən gecə bu vərəqələrin istisnasız olaraq hamısı Stepanakertdəki poçt qutularına atılmışdı. Artıq heç bir ciddi problemimiz yox idi. Hələ ayın 12-də gündüz başa düşmüşdük ki, şəhər bizimdir, çünki, milis, hüquq-mühafizə orqanları, partiya işçiləri hamısı bizim yanımıza gəlib deyirdilər: “Bizə bel bağlaya bilərsiniz”. Onlar DTK-nın niyyətləri, Bakıdan kimin gəlməsi, Moskvadan kimin gəlməsi barədə bizi məlumatlandırırdılar. Bizim hər cür məlumatımız vardır. Bizdən heç nəyi gizlətmirdilər”.

1988-1991-ci illərdə Azərbaycan KP MK-nın katibi olmuş Ə.F.Daşdəmirov deyir: “1988-ci il fevralın 18-nə qədər vahimə atmosferinin kəskinləşməsi və zorakı hərəkətlər nəticəsində Ermənistanı tərk etməyə məcbur olmuş azərbaycanlıların sayı dörd min nəfəri keçmişdi”. (Вестник Аналитики, №3 - 2005).

Ermənistandan olan azərbaycanlı qaçqınların bakılı jurnalistlər tərəfindən qeydə alınmış bəzi şahid ifadələri: Masis rayonunun “Ararat” sovxozundan olan Hüseyn Qəmbərov demişdir: “Fevralın 19-dan sonra biz bir gecə də yatmamışdıq. Qonşu kəndlərdən olan azərbaycanlılar təhlükəsizlik üçün Masis rayonuna, bizim yaşadığımız Kalinin adına qəsəbəyə toplaşmışdı. Qəsəbənin özünü isə sərhəd hissələri qoruyurdu. Azərbaycan məktəbi bağlanmışdı. Gecələr kəndin və ya qəsəbənin mərkəzində tonqal qalayıb ətrafında toplaşırdıq, 10-12 kişi evləri qoruyurdu. Amma yenə də elə gecə olmurdu ki, bir ev yandırılmasın. Qocalar, qadınlar, uşaqlar paltarlı, hətta ayaqqabılı yatırlar ki, lazım gəlsə, ayağa qalxıb qaçmaq olsun”. (Вестник Аналитики, №3 - 2005).

Kolxozçu Hümbət Abbasov: “Bizim yaşadığımız Masis rayonunun Artaşat kəndində üç ev – U.Abdullayevin, A.Sadıqovun və Nizaminin evini yandırdılar. Fevralın 19-dan bizi bazarlara buraxmırdılar, halal zəhmətimizlə yetişdirdiyimiz məhsul xarab olur. Fevralın 19-dan sonra Ermənistanın xəstəxanalarının, poliklinikalarının, tibb məntəqələrinin qeydlərində bir azərbaycanlı familiyasını tapa bilməzsiniz. Hərçənd, orada 200 min azərbaycanlı yaşayır. Bizə çörək və ərzaq satmırlar. Bizi şəhər nəqliyyatına buraxmırlar. Fevralın 19-dan, heç bir səbəb olmadan, azərbaycanlıların kütləvi şəkildə işdən azad edilməsi başlanmışdır. Sözün hərfi mənasında bizim üzümüzə tüpürərək qışqırırdılar: “türklər, rədd olun Ermənistan torpağından!” (Вестник Аналитики, №3 - 2005).

Rusiyalı yazıçı-publisist Aleksandr Proxanov reportyor kimi Ermənistan-Azərbaycan münaqişəsini qızışdığı zonada dəfələrlə olmuşdur. O qeyd edir ki, 1987-ci ilin axırlarından başlayaraq Ermənistanın Qafan şəhərindən azərbaycanlıları qovurlar. A.Proxanov həmin günləri xatırlayaraq yazır: “İnsanlar əsrlər boyu orada birgə yaşamışlar, lakin indi azərbaycanlıları həmin yerlərdən qovmağa başlamışlar. Bu günə qədər davam edən qanlı münaqişəni başlayan ermənilər olmuşdur. Qafandan qovulan azərbaycanlılar dağ aşırımlarından keçərək Azərbaycana üz tutmuşlar. Özü də qış vaxtı! Uşaqlar, qadınlar, qocalar yolda həlak olurdu. Qafan aşırımı bütün Azərbaycan xalqının qəlbində ağrı və nifrət hissləri ilə yadda qalmışdır. Qafandan qovulmuş azərbaycanlılar Sumqayıta gəlmiş, sonradan hamıya məlum olan Sumqayıt hadisələri burada baş vermişdir”.

1983-1988-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi olmuş Vasili Konovalov da təsdiqləyir ki, 1987-ci ilin qışında Ermənistan SSRİ-nin Qafan, Masis və Mehri rayonlarından olan Azərbaycanlı qaçqınlar Azərbaycana gəlməyə başlamışdı. V.Konovalov xatırlayır: “Onları ermənilər qovmuşdu. İnsanlar əllərinə keçən əşyaları götürüb Azərbaycan SSR ərazisinə qaçırdılar. Mən onlarla görüşürdüm, onların cavabsız qalmış sualları hələ hə yadımdadır: “Nə üçün Moskva və Bakı bizi erməni ekstremizmindən müdafiə etmədi?”.

V.Konovalov sonda deyir: “Ermənistandan olan qaçqınları əsasən Sumqayıtda məskunlaşdırırdılar. İnsanların geyməyə paltarı, başlarını girləməyə bir sığınacaqları yox idi. Üstəlik hər gün yeni-yeni xəbərlər daxil olurdu ki, ermənilər azərbaycanlıları Ermənistandan və Dağlıq Qarabağdan qovurlar. Axırda bütün bunlar 1988-ci ilin fevralında Sumqayıt hadisələrinə gətirib çıxartdı”.

Rusiya Ədəbiyyatçılar İttifaqının və Rusiya Jurnalistlər İttifaqının üzvü Aleksandr Sevastyanov deyir: “Erməni tərəfi qarşıdurmaya və müharibəyə daha yaxşı hazırlaşmışdır. Ermənilər daha qətiyyətli, ”daha çevik, daha amansız hərəkət edirdi. Onların haqlı olmasına “tarixçilər” tərəfindən aşınılmış inam onlara kömək edirdi. Onlar çox tez, hələ 1987-ci ilin yayından özlərini güc tətbiq edilməsi ilə bağlı əməliyyatlara hazırlamağa başlamışdır. Çoxları bildirir ki, “Krunk” (“Durna”) cəmiyyəti gizli “KRUNK” (Komitet Revolyusionnoqo Upravleniya Naqornoqo Karabaxa - Dağlıq Qarabağ İnqilabi İdarəetmə Komitəsi) təşkilatı ilə pərdələnmişdi. Azərbaycanın bu məsələyə münasibəti ilk vaxtlar özünü itirmiş, qəflətən yaxalanmış tərəfin münasibəti idi”.

1985-1991-ci illərdə Gəncə Mülki Müdafiə Qərargahının rəisi olmuş polkovnik Oqtay Hacıyevin xatirələrindən: “Mənim Gerasim Babayan ad-soyadlı bir sürücüm vardı, Bakıdakı Vorovski qəsəbəsində yaşayırdı. Gerasim mənə deyirdi ki, Bakıdan Yerevana köçəcəkdir, orada artıq özünə ev almışdır. Halbuki onun valideynləri Bakını tərk etməkdən və Yerevana köçməkdən qəti imtina edirdilər. mən ona deyirəm, sənin valideynlərin burada qalırsa, sən niyə köçüb gedirsən. O mənə dedi: “Yoldaş polkovnik, mən Ermənistanda azərbaycanlılarla necə rəftar etdiklərini görəndən sonra biz burada normal yaşaya bilmərik. Orada azərbaycanlıların bədənlərinə yanan siqaretləri basırlar, qadınların alt paltarını çıxarırlar. Həmin azərbaycanlılar buraya gəlsələr, bizim burada yaşamağımız mümkün olmayacaqdır. Amma Siz bunu heç kəsə deməyin, yoxsa məni öldürərlər”.

Yuxarıda sadalanan çoxsaylı faktlar və şahid ifadələri sübut edir ki, azərbaycanlıların Ermənistan qovulması kortəbii deyil, əlaqələndirilən xarakter daşıyırdı. Tam əsasla deyə bilərik ki, “xuliqanların” hərəkətlərinə Ermənistanın hakim dairələri nəzarət edirdi. Onlar yaranmış vəziyyətdən istifadə edərək azərbaycanlı əhalini Ermənistandan tamamilə qovub çıxarmağı qərara almışdılar.

1988-ci ildə Yerevanda keçirilən mitinqlərin birində “Qarabağ” Komitəsinin fəal üzvü, hazırda Ermənistan EA akademiki Rafael Kazaryan daha əvvəl yaradılmış dəstələrin köməyi ilə mühacirəti hər vasitə ilə təmin etməyə çağırırdı. Bu onilliklər ərzində Ermənistanı bu türklərdən təmizləmək üçün bizə ilk dəfə belə bir nadir imkan verilmişdir. Mən bunu ötən on ay ərzində bizim mübarizəmizin ən böyük nailiyyəti hesab edirəm”. («Армения: двадцать месяцев борьбы. Сборник документов». Самиздат АОД. Ереван, 1989, с.15).

1988-ci ildə Ermənistan SSR-də aparılmış axırıncı etnik təmizləmələr nəticəsində bu respublikanın monoetnikləşdirilməsinin sonuncu fazası həyata keçirilmişdir. Nəticədə Ermənistanda erməni əhalinin sayı ölkənin bütün əhalisinin 98-99 faizinə çatmışdı. Bu hadisələrə görə məsuliyyət respublikanın rəhbərliyi ilə birlikdə erməni millətçilərinə həvalə edilmişdir. bu barədə hətta Sov.İKP MK-nın qəbul etdiyi qərarda da göstərilirdi. Lakin ittifaq rəhbərliyinin qərarları Ermənistan SSR-in hakimiyyət orqanları tərəfindən sakitcə rədd edilirdi. Xüsusi qeyd etmək lazımdır ki, Mixail Qorbaçov və onun ətrafındakılar Ermənistanda hərc-mərclik və zorakılığın baş alıb getdiyini çox yaxşı bilirdilər.

Bununla əlaqədar, Mixail Qorbaçov və Ermənistan SSR Elmlər Akademiyasının akademiki, Yerevan Dövlət Universitetinin rektoru S.A.Ambarsumyan arasında bütün İttifaqın gözü qarşısında baş vermiş çox maraqlı dialoqu xatırlamaq kifayətdir.

1988-ci il iyulun 18-də SSRİ Ali Soveti Rəyasət Heyətinin Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafında vəziyyətə həsr edilmiş iclasında Sov.İKP MK-nın Baş Katibi M.Qorbaçov S.Ambarsumyandan soruşmuşdu:

M.S.Qorbaçov: “Deyin görək, bu əsrin əvvəlində Yerevanda Azərbaycan əhalisi neçə faiz təşkil edirdi?”

M.S.Qorbaçov: “Əsrin əvvəlində, Yerevanda?”.

M.S.Qorbaçov: “Bəli”

S.A.Ambarsumyan: “Deməyə çətinlik çəkirəm”

M.S.Qorbaçov: “Siz bunu bilməlisiniz. Mən sizə xatırladıram - əsrin əvvəlində Yerevanda azərbaycanlılar 40 faiz təşkil edirdi. Bəs indi azərbaycanlılar neçə faizdir?”.

S.A.Ambarsumyan: “İndi çox azdır. Yəqin ki, bir faiz olar”.

M.S.Qorbaçov: “Buna baxmayaraq, mən erməniləri bunda günahlandırmaq istəmirəm ki, onlar azərbaycanlıları oradan uzaqlaşdırmışlar. Görünür, orada hansısa proseslər getmişdir, ümumiyyətlə, bunları araşdırmaq lazımdır”. (SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasının materialları, “Pravda” qəzeti, 19 iyul 1988-ci il).

Ermənistanda “hansısa proseslər getməsi, onların araşdırılmalı olması” barədə Mixail Qorbaçovun maraqlı frazası aydın şəkildə təsdiq edir ki, o, Ermənistan SSR əhalisinin xeyli hissəsini təşkil edən azərbaycanlıların oradan tamamilə qovulması ilə nəticələnmiş zorakı deportasiyalardan xəbərdar imiş.

BMT-nin Qaçqınların Məsələləri üzrə Ali Komissarlığının hesabatına görə (səh.33-35), 1988-ci ilə qədər Ermənistanda ən böyük etnik azlıq olmuş azərbaycanlı əhali “yerli hakimiyyətin iştirakı ilə respublikadan qovulmuşdur”.

Demoqrafik xarakterli dəyişikliklər Ermənistan SSR ərazisində yaşayış məntəqələrinin adlarının və toponimlərinin total şəkildə dəyişdirilməsi ilə müşayiət olunurdu. 1924-cü ildən 1988-ci ilədək olan dövrdə Ermənistan SSR-də bütövlükdə təqribən 1000 toponimin adı dəyişdirilmişdir. Toponimlərin və yaşayış məntəqələrinin adlarını bu cür dəyişdirilməsi postsovet dövründə də davam edirdi. Respublika ərazisində qalan türk toponimlərinin adlarının dəyişdirilməsi bu işin son mərhələsi olmuşdur. Ermənistan dövlət daşınmaz əmlak kadastrının rəisi Manuk Vardanyanın sözlərinə görə, 2006-cı ildə daha 57 yaşayış məntəqəsinin, 2007-ci ildə respublikanın daha 21 yaşayış məntəqəsinin adı dəyişdirilmişdir. Bu proses ona görə xeyli vaxt tələb etmişdir ki, yeni adların seçilməsi ilə əlaqədar problemlər vardı.

Yuxarıda deyilənləri yekunlaşdıraraq qeyd edə bilərik ki, 1987-ci ildə Ermənistanda başlanmış azərbaycanlıların zorla qovulması prosesi ölkə rəhbərliyində erməni millətçilərinin və xarici diasporun düşünülmüş addımı idi. Ermənistan SSR rəhbərliyi əmin idi ki, SSRİ-nin birinci şəxsləri – Mixail Qorbaçov və onun ətrafındakılar bu plana mane olmayacaqlar, belə olmasaydı erməni millətçiləri Ermənistanın azərbaycanlı əhalisini bu dərəcədə həyasızlıqla və açıq məhv etməyə, onları ölkədən qovmağa cəsarət etməzdi.

Bu soyuqqanlı millətçilər üçün əsla fərqi yox idi ki, onlar bu yolla Azərbaycanın erməni əhalisini təhlükə altına alırlar. Əksinə, azərbaycanlıların Ermənistandan deportasiya edilməsinin məqsədlərindən biri məhz onları Azərbaycanın erməni əhalisi ilə toqquşdurmaq idi. Sonra isə erməni millətçiliyinin liderləri üçün artıq klassik metoda çevrilmiş üsulla bu hadisələrdən zərər çəkmiş ermənilərdən daim başıbəlalı xalqın növbəti qurbanları kimi təbliğat məqsədləri üçün istifadə edilmişdir.